26 Oktyabr 2020 18:10
3 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər “Google” axtarış sistemində ən çox aranan Azərbaycan xəritəsidir desək, bəlkə də yanılmarıq. Azərbaycan Ordusunun işğal altındakı torpaqları azad etdikcə, ordunun nə qədər irəliləməsi, nə qədər ərazinin işğalda qaldığını görmək bir növ ənənə halını alıb. Axtarış zamanı xəritələrin daha çox iki dildə - erməni və ingiliscə çıxması da diqqət çəkir.

Maraqlıdır, mövcud problemin kökündə nə dayanır?

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Teleqraf.com-a bildirib ki, “Google” axtarış sistemində iki cür xəritə var.

O deyir ki, adətən, bu xəritələrin bir qismi istifadəçilər tərəfindən yaradılır: “Axtarış sistemində elə alətlər var ki, hər bir istifadəçi o xəritədə hansısa ərazini qeyd edə bilir. Necə ki, feysbuk sosial şəbəkəsində nəsə yazıb paylaşanda yer işarələyirik, eyni şey də axtarış sisteminin üzərində qurmaq olur. Digər xəritələr də var ki, bunu da “Google” özü təqdim edir. Hesab edirəm ki, Azərbaycan daha çox ikinci tip xəritələrlə bağlı iş aparmalıdır”.

Mütəxəssis onu da qeyd edib ki, hazırda “Google”da işğal olunmuş Azərbaycan torpaqlarının adları iki dildə - Azərbaycan və erməni dilində təqdim olunur: “Torpaqların işğaldan azad olunması ilə bağlı aparılan mübarizəyə paralel olaraq, biz qlobal xəritə xidməti göstərən şirkətlərə də yerli xəritələrimizi təqdim etməliyik. Dünyada qlobal xəritə xidmətləri göstərən “Google”, “Apple”, “Yandeks” kimi xeyli sayda şirkətlər var. Bu şirkətlər dünyaya xəritə təqdim edirlər.

Düşünürəm ki, aidiyyəti qurumları dərhal bu şirkətlərlə iş aparmalıdır. Bu qlobal şirkətlərə Azərbaycanın yeni xəritələri təqdim olunmalıdır. İlk öncə ölkə xəritəsinə səlahiyyətli olan qurumlar - Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti işğal olunmuş ərazilərin xəritələrini yenidən işləyib qlobal xəritə xidmətləri göstərən şirkətlərə rəsmi olaraq təqdim etməlidirlər.

Təbii ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyəti çərçivəsində olmasa da, bu işə bir köməklik göstərə bilər. Dərhal yeni xəritələr yaradılması işlərə başlamaq lazımdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər