Belə bir atalar sözü var : “Gün doğulmadan, nələr doğular”. Bir səhər atılan top mərmilərinin səsi hər kəsi oyandırdı. Ali Baş Komandanının əmri ilə erməni təxribatlarına qarşı əks-hücuma keçən Azərbaycan Ordusu bütün dünyanı silkələdi.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində 2020-ci ildə adı “Dünyanın ən nüfuzlu elm adamları” siyahısına daxil edilən, Türkiyənin Süleyman Dəmirəl Universitetinin professoru Abdullah Avey bildirib.
Məkrli ermənilərin işğal etdikləri əzəli Azərbaycan torpağı olan Qarabağı qaytarmaq fikrində olmadıqlarını, hətta işğal ərazilərini genişləndirməyi düşündüklərini vurğulayan professor deyib: “Ermənilər bir məsələni unutdular ki, ötən 30 il ərzində Azərbaycanın qurduğu Ordunun qarşısında artıq heç bir qüvvə tab gətirə bilməz. Burada müasir silahlardan daha vacib xalqın iradəsi, birliyidir. Hər bir azərbaycanlının gözündəki Qarabağ həsrətini, xalqın öz Liderinin arxasında dünyada misli çox nadir görülən həmrəyliklə durduğunu görməmək mümkün deyil. Bunun nəticəsidir ki, bir neçə gün ərzində qəhrəman Azərbaycan əsgəri Qarabağın əhəmiyyətli hissəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və bir çox digər yaşayış məntəqələrini işğaldan azad etdi. Hazırda Laçına, Şuşaya salam verməyə hazırlaşan igidlərimiz ermənilərin bağrını yarırlar. Əgər Qarabağ bir üzükdürsə, Şuşa onu qaşıdır. Tam əminliklə deyə bilərik ki, Şuşanın işğaldan azad edilməsi ilə bağlı xəbəri çox yaxın günlərdə Azərbaycan Prezidentinin dilindən eşidəcəyik”.
Ordumuzun cəbhədəki qələbəsinin və Ali Baş Komandanın qətiyyətli mövqeyinin Azərbaycan xalqını daha da ruhlandırdığını qeyd edən A.Avey bildirib: “Düşmən tərəfi Azərbaycan oğullarının mərdliyini və cəsarətini döyüş bölgəsindən qaçmaqla etiraf etdi. “Qarabağ Azərbaycandır!” deyərək sinəsini düşmən gülləsinə sipər edərək, soyuğa, qara, aldığı yaraya baxmadan yüksəkliklərə, dağların zirvəsinə can atan bütün igidlərimizlə fəxr edirik. İndi Azərbaycan xalqı tarix yazır, bu, mərdlik, qəhrəmanlıq tarixidir. Bu gün Azərbaycanın mərd oğulları sonrakı nəsillərə miras qoyacaqları qürur dolu qəhrəmanlıq salnaməsi yazırlar. Qələbə çox yaxındadır”.