Video əlavə olunub:
***
11:05
Savaşın ilk ayında 4 rayonumuz işğaldan azad edilib, 3 rayonumuzun isə müəyyən kəndləri ordumuzun nəzarətinə keçib.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə Füzuli rayonunu təmsil edən deputat Vüqar Bayramov deyib.
O bildirib ki, savaşın ilk günündən Füzuli rayonunda olub: “Əvvəlcə Horadiz şəhərində sakinlərimizlə görüşdük, daha sonra bir sıra dövlət qurumlarında qısa müzakirərlərimiz oldu. Növbəti günlərdə Füzuli rayonunun kəndlərində görüşlər keçirdik. Savaşın ilk günləri şiddətli döyüşlər Horadiz şəhəri yaxınlığında gedirdi. Mülki vətəndaşlarımız erməni silahlı qüvvələri tərəfindən atəşə tutulurdu. Amma sakinlərimizin üzündə qələbə inamı vardı. Heç kimdə panika yox idi.
Müharibənin ilk günündə 7 kəndimizin işğaldan azad edilməsi xəbərini çox sevinclə qarşıladıq. Sentybarın 28-i Füzuli rayonu Qazaxlar kəndinə getdik və oradan yeni işğaldan azad olunmuş kəndlərimizə qürurla baxdıq. Çox sevincili anlar idi”.
Vüqar Bayramov təhlükəsizlik səbəbindən rayonda mavi qaz verilişinin dayandırıldığını və elektrik enerjisində müəyyən fasilələr olduğun qeyd edib: “Sentyabrın 28-də Horadizdə yaşayan dostlarımızdan biri bizi axşam yeməyinə dəvət etmişdi. Şiddətli döyüşlər gedirdi və şəhər mütəmadi hədəfə alınırdı. Şam yeməyi zamanı dostumuzdan ailəsini təhlükəsiz yerə aparmaq istəyib-istəmədiyini soruşdum. Dostumuzun xanımı cavab verdi: “Mən Ali Baş Komandanıma və orduma inanıram. Əminəm ki, ordum bizi qoruyacaq!”
Bəli, bu gün Füzuli sakinləri və bütövlükdə vətəndaşlarımız cəbhədən gələn xoş xəbərlərlə bu qüruru bizə yaşatdığı üçün Ali Baş Komandamıza və ordumuza minnətdardır.
Sonrakı günlərdə xeyli əmlak, o cümlədən Horadiz şəhərində olan deputat ofisim də erməni silahlı qüvvələrinin hədəf və atəşlərinə tuş gəldi. Bu gün biz həmin binalarla yanaşı, işğaldan azad olunan ərazilərimizin də bərpasını müzakirə edirik.
Allahdan şəhidlərimizə rəhmət, yaralananlara şəfa diləyirik. Qarabağı bizi gözəl günlər gözləyir! Qarabağ Azərbaycandır!”