29 Oktyabr 2020 19:25
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun keçirdiyi döyüş əməliyyatları uğurla davam edir. Ordumuzun rəşadəti nəticəsində işğaldan azad edilən şəhər və kəndlərimiz bölmələrimizin tam nəzarəti altındadır. Sentyabrın 27-dən bu günə qədər 170-dən çox yaşayış məntəqəsinin, strateji əhəmiyyətli yüksəkliklərin, Xudafərin körpülərinin, Şuqovuşanın azad edilməsi və həmin ərazilərdə Azərbaycan bayrağının dalğalanması müstəqillik tariximizin ən yeni salnaməsidir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə qeyd edib ki, Azərbaycan Ordusunun qısa müddətdə uğurlu əməliyyatı, torpaqlarımızı işğaldan azad etməsi, hərbçilərimizin peşəkarlığı, müasir hərb strategiyasının tətbiqi və dünya hərb tarixinə yenilik gətirməsi (dronlar və müasir texnologiyalar) bir daha təsdiqlədi ki, ordumuz dünyanın 50 ən güclü ordularındandır. Təbii ki, əldə edilmiş uğurların əsasında Prezident İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində apardığı məqsədyönlü siyasəti dayanır. Artıq demək olar ki, hər gün xoş xəbərlər alırıq. Azərbaycan Ordusu qarşısında davam gətirə bilməyən işğalçı ölkə diz çökmək üzrədir. Baş nazir Nikol Paşinyan 3 dəfə ağ bayraq qaldırıb və humanitar atəşkəs barədə razılığa gəlib. Lakin hər dəfə də erməni məkri, erməni hiyləsi özünü büruzə verib.

Ermənistan atəşkəs rejimini artıq üçüncü dəfə kobud şəkildə pozaraq, azad edilmiş əraziləri yenidən işğal etməyə cəhd göstərir, prosesi qarşıdurmanın davamına doğru yönəldir. Münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyi – hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. Dövlətimizin başçısı qəti mövqeyini dəfələrlə bildirib: İşğal altında olan bütün ərazilər azad olunmalı, Ermənistan öz ordusunu geri çəkməli və zəbt etdiyi torpaqlardan çıxmalı, ondan sonra siyasi nizamlama prosesinə keçmək olar.

Dövlətimizin başçısı bu günlərdə xalqa müraciətində işğalçı Ermənistana ağır zərbələr vurulması barədə məlumat verərək dedi ki, bir aya yaxındır ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub.

Möhtərəm Prezidentimiz dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində Ermənistanın dezinformasiyasını ifşa edərək əsl reallıqları olduğu kimi çatdırır. Dövlətimizin başçısı oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibəsində son bir ay ərzində baş verənlər, Ermənistanın işğal siyasətindən əl çəkməməsi, müharibə qanunlarına, beynəlxalq konvensiyalara zidd olaraq dinc əhalinin qətlə yetirilməsi, yaşayış məntəqələrinin və digər obyektlərin viran edilməsi barədə ətraflı məlumat verdi. Agentliyin çoxminli oxucularına da bəlli oldu ki, ermənilər işğal etdikləri bütün yaşayış məntəqələrini dağıdıblar. Həmin ərazilərdə mədəniyyət abidələri, məscidlər, inzibati binalar, evlər məhv edilib. Hətta binaların daşları belə sökülərək digər ərazilərə aparılıb. Bu, barbarlıq, vəhşilik, quldurluqdan başqa bir şey deyil.

Nikol Paşinyan hakimiyyətə gələnə qədər münaqişənin nizamlanması istiqamətində irəliləyiş əldə olunmasa da, danışıqlar davam etdirilirdi. Ancaq Ermənistan tərəfi açıq şəkildə müharibəyə başlamamışdı. Küçə və meydanlardan ölkə rəhbərliyinə gələn Nikol Paşinyan bu vaxta qədər danışıqlar prosesindən əldə olunmuş bütün razılaşmaların üstündən xətt çəkdi. “Qarabağ Ermənistandır” deyən baş nazir münaqişəni daha da alovlandırdı. O, dövlət başçısına xas olmayan hərəkətləri, qeyri-ciddiliyi, münaqişənin tarixindən, beynəlxalq hüquqdan bixəbərliyi və sərsəm bəyanatları ilə Azərbaycana qarşı Ermənistana rəhbərlik etmiş şəxslərin heç birinin etmədiyi təhqirlərə yol verdi. Onun açıqlamaları bir-birini təkzib edir, bu gün dediyini sabah danır, ziddiyyətli fikirlər səsləndirir. İşğalçı ölkənin Ermənistanın indiki rəhbərliyi bu sərsəm, düşünülməmiş addımları ilə danışıqlar prosesini mümkünsüz etdi və münaqişənin hərb yolu ilə həllindən başqa çıxış yolu qoymadı.

Həm beynəlxalq təşkilatlar, həm də vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun laqeydliyi, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyinə göz yummaları münaqişəni indiki səviyyəyə gətirib çıxardı.

Dövlət başçısı bir daha bəyan etdi ki, Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi təcavüzkarı daha da azğınlaşdırdı. Təcavüzkara hansı sanksiyalar tətbiq edilə bilərdi? O sanksiyalar ki, Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etsinlər. Məsələn, İraq Küveyti işğal edəndən sonra İraqa qarşı tətbiq edilmiş sanksiyaları xatırlada bilərik.

Dövlət başçısı hazırda hərbi əməliyyatlarda Ermənistanın böyük miqdarda hərbçi və texnika itkisi verdiyini də diqqətə çatdırdı. Ən təəccüblüsü də odur ki, Ermənistan tərəfi həlak olmuş hərbçilərin cəsədlərini təhvil almaqdan imtina edir. Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etsə də, erməni tərəfi imtina edib. Ermənistanın mübadiləni döyüş zonasında etmək cəhdləri mübadiləni aparacaq insanların, mülki şəxslərin həyatını təhlükə altına qoymaq deməkdir. Azərbaycan Ermənistanın həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsinin birtərəfli qaydada Ermənistana verilməsi barədə qərar qəbul edib. Lakin Ermənistan növbəti dəfə cəsədləri təhvil almaqdan imtina edib. Bu, heç bir insani əxlaq normalarına sığmır.

Dövlətimizin başçısı bütün müsahibələrində birmənalı olaraq bildirib ki, Azərbaycan öz ərazisində vuruşur və işğal altındakı ərazilərimizin azad olunması uğrunda sona qədər mübarizə aparacaq, müstəqil tariximizin ən yeni salnaməsini yazacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər