Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Rusiyanın “İnterfaks” agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirləri şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistanın bu günə qədər var olmasının tək səbəbi başqa ölkələrin arxasında gizlənmə bacarığıdır:
“Hər birimiz üçün aydındır ki, savaş təkcə cəbhədə deyil eyni zamanda diplomatik müstəvidə də aparılır və Ali Baş Komandan başda olmaqla, bu istiqamətdə də kifayət qədər uğurlar əldə edilib. Tam məsuliyyətlə demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində həm hərbi, həm də diplomatiya müstəvisində üstünlük Azərbaycanın tərəfindədir. Artıq Ermənistanın başqa çıxış yolu qalmayıb. İşğalçı dövlət getdikcə özünü daha da ağır duruma salmaqdadır. Paşinyan hakimiyyətinin cəbhədə məğlubiyyətlə yanaşı, törətdiyi müharibə cinayətləri, günahsız mülki şəxslərə qarşı terror aktları törətməsi onu beynəlxalq müstəvidə də ciddi qınaq obyektinə çevirməkdədir. Xüsusilə, Bərdə şəhərində törədilən son terror aktı beynəlxalq təşkilatlar tərəfindən də təsdiqləndi və xarici mətbuatda da geniş şəkildə işıqlandırıldı. Artıq təcavüzkar dövlət terror siyasəti ilə özünü beynəlxalq müstəvidə də təcrid etməkdədir. Bu mənada rəsmi İrəvanın siyasəti tam olaraq ifşa olunub.
Cənab prezidentin də qeyd etdiyi kimi Ermənistan hakimiyyəti siyasi müstəvidə də qeyri-konstruktiv yanaşma nümayiş etdirir ki, bunun da ən bariz göstəricisi hər dəfə atəşkəs anlaşması imzalanandan sonra erməni tərəfinin atəşkəsi pozması sayıla bilər. Bu isə hər dəfə atəşkəsi pozan Ermənsitana etibar etməyin qeyri-mümkün olduğunu ortaya qoyur. Bu məsələ ilə əlaqədar Azərbaycanın mövqeyi cənab prezident tərəfindən tam olaraq ortaya qoyulub. Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır".
Yusif Bağırzadə bildirib ki, azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar: "Cənab prezidentin müsahibədə səsləndirdiyi digər bir məqam azərbaycanlıların əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtması ilə bağlı idi ki, bu məsələdə də Azərbaycanın mövqeyi olduqca açıq və qətidir. Başqa sözlə, cənab prezident tərəfindən beynəlxalq güclərin və vasitəçilərin də nəzərinə çatdırıldı ki, söhbət təkcə 7 rayonun qaytarılmasından deyil, eyni zamanda Dağlıq Qarabağ hüdudlarından da erməni hərbi birləşmələrinin çıxarılmasından getməlidir. Bu mənada cənab prezidentin işğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturaların yaradılmasını nəzərdə tutan fərmanını xatırlatmaq da yerinə düşər. Yaradılacaq bu struktur dəymiş ziyanı hesablayacaq, onu qiymətləndirəcək, hər şey inventarlaşdırılacaq. Sonra isə vətəndaşların həmin torpaqlara qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaq. Qarabağı bərpa etmək, onu Yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirmək üçün Azərbaycanı dayandıra biləcək maddi maneə yoxdur".
Münaqişənin həlli üçün beynəlxalq səylərə gəlincə, politoloq hesab edir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə 27 ildir ki, icra olunmur və bu gün Azərbaycan Ordusu faktiki olaraq bu müddət ərzində icra olunmayan Qətnamələri icrasını həyata keçirir: "Lakin məsələnin siyasi həlli üçün də hələ ki imkanlar var. Bunun üçün təcavüzkar ölkə olaraq Ermənistana sanksiyalar tətbiq olunmalı və onun işğal edilmiş ərazilərdən “xoşluqla” çıxması üçün təzyiq göstərilməlidir. Əgər bu təzyiq olmayacaqsa, təbii ki, Azərbaycan bundan sonra da işğal faktına son qoymaq üçün əməliyyatları davam etdirəcək. Ermənistan həmişə öyrənib ki, onun əvəzinə problemləri başqaları həll etsinlər. Bütün tarix boyu fəaliyyətləri və bu günə qədər var olmasının tək səbəbi də bu ölkənin başqalarının arxasında gizlənmə bacarığından qaynaqlanır. Qısası, başqa ölkələrin arxasında gizlənmək Ermənistanın dövlət siyasətidir. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var. Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Bunun qarşısının alınması və bu siyasətə son qoyulması təkcə Azərbaycanın deyil, bütün regionun sürətli inkişafına təkan vermiş olacaq”.