Türkiyənin Ordu şəhərində Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə işğalçı Ermənistanın dinc əhaliyə qarşı törətdiyi terror aktlarına etiraz olaraq avtoyürüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Ordu şəhərindəki azərbaycanlıların və yerli cəmiyyətin iştirakı ilə baş tutan aksiyada Azərbaycan və Türkiyənin bayraqları dalğalandırılıb.
Aksiyadan öncə Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin adından dünya ictimaiyyətinə ünvanlanmış bəyanatın mətni səsləndirilib. Bəyanatda Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin təcavüzkar Ermənistan ordusu tərəfindən ağır artilleriya atəşinə tutulması, dinc sakinlərin hədəfə alınması insanlığa qarşı cinayət kimi qiymətləndirilərək, kəskin pislənilib. Bildirilib ki, dünya ictimaiyyətinin gözləri önündə baş verən hadisələrə səssiz qalmağın özü də cinayətdir və baş vermiş terror aktlarına dünya birliyi tərəfindən biganə yanaşılır, Ermənistan hələ də cəzasız qalır.
Türkiyənin Milli Marşı və Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan və Türkiyənin bayraqları ilə bəzədilən 50 avtomobilin hərəkət etdiyi karvan Ordu şəhəri daxilində polislərin də iştirakı ilə yürüşə başlayıb.
Aksiyanın sonunda Azaflı Sosial Yardım və Kültür Dərnəyinin dünya ictimaiyyətinə ünvanladığı bəyanat iştirakçılara təqdim edilib.