4 Noyabr 2020 20:54
4 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikası, Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, Gürcüstan Respublikası nə deyir? Deyirlər ki, Azərbaycan əraziləri Azərbaycana qaytarılmalıdır və işğalçı qoşunlar bu ölkənin ərazisindən çıxarılmalıdır. Kor və kar olan erməni siyasətçiləri, rəhbərləri bunu görmür və eşitmirdilər. Bəlkə də ona görə ki, bunu indiki kimi aydın şəkildə onlara heç kim demirdi. İndi isə aydın şəkildə və uca səslə deyirlər. Birmənalı şəkildə deyirlər ki, işğalçı qoşunlar Azərbaycan ərazilərindən rədd olmalıdır.

Politoloq İlqar Vəlizadə Teleqraf.com-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Rusiya, Türkiyə, Gürcüstan və hazırda İranın da məsələ ilə bağlı mövqeyi göstərir ki, işğalçılıq siyasətinin davam etdirilməsi Ermənistan üçün tam iflas və təcridlə nəticələndi:

“Artıq heç bir ölkə Ermənistanın mövqeyinə dəstək vermir və bu ölkənin qoşunlarını işğal etdiyi torpaqlardan çıxarmasını birmənalı zərurət kimi görürlər. Ancaq əlbəttə ki, sözügedən ölkələr bu bəyanatla çıxış edəndə bizim ordumuzun yaratdığı reallıqlara söykənir, onun yaratdığı reallığı nəzərə alırlar. Belə ki, bu bəyanatlar real vəziyyətə adekvatdır. Digər tərəfdən Ermənistanın nə dərəcədə ziyanlı və uğursuz siyasət yürütdüyünü göstərir. İlk növbədə erməni xalqı qəflət yuxusundan oyanmalıdır. Onu incidən, əzən, öz ambisiyaları uğrunda onu qırğına sürükləyən hərbi-siyasi rəhbərliyə qarşı çıxmalıdır. Onların rəhbərləri onları 30 il ərzində aldadıb. Özü də kobud şəkildə aldadıb. Baxın, biz illərdir Ermənistan rəsmilərinin dilindən eşitmişik ki, yox, İran bu məsələyə fərqli münasibət bəsləyir, İran əslində Ermənistanın mövqelərini nəzərə alır, İran heç vaxt Ermənistanın əleyhinə çıxışlar etməyəcək və sair. Bununla Ermənistanın hərbi-siyasi rəhbərliyi özlərini də, xalqı da aldadırdılar. İndi isə İran İslam Respublikasınn Ali Lideri, ayətullah əl-üzma Seyyid Əli Hüseyni Xameneyi cənabları da bunu deyir. Ali Lider bildirir ki, Ermənistan işğal olunmuş torpaqlardan çıxmalıdır, ancaq Ermənistan hərbi-siyasi rəhbərliyi hələ də kor və kar qalır. Onların ən yaxın ölkələrdən edilən çağırışları eşitməməsini və görməməsini başqa cür adlandırmaq çətindir”.

İlqar Vəlizadə qeyd edib ki, bu azmış kimi müxtəlif ölkələrlə münasibətləri də pozurlar:

“Yaxşı, Türkiyə və Pakistanı qoyaq qırağa - onlar Azərbaycanı qeyd-şərtsiz dəstəkləyirlər. Amma Ermənistanda İsrailin siyasi rəhbərliyini də kobud şəkildə təhqir edirlər. Yəni İsraillə də münasibətləri pozulub. Belə baxanda İranla münasibətlərində də ziddiyyətlər var. Baxmayaraq ki, guya bunlar İranla münasibətləri yaxşılaşdırmaq istəyirlər. İndi İran İslam Respublikasının Ali Lideri də bildirir ki, Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir. Onları da eşitmirlər. Deməli, İranın da mövqeyini nəzərə almıırlar. Rusiyanın da mövqeyini görməzdən gəlirlər. Neçə dəfə Rusiyanın siyasi rəhbərliyi deyib ki, Moskva bu məsələyə qarışan deyil. İyul ayından bəri bu istiqamətdə ara-sıra müraciətlər olur. Gah KTMT-yə, gah Rusiyanın özünə müraciətlər oldu. Bu qədər müraciət olsa, Rusiya buna necə münasibət bəsləyə bilər? Əlbəttə, bezəcək və müəyyən bir əsəb də əmələ gələcək”.

Müsahibimiz Ermənistan siyasətinin olduqca kobud şəkildə qurulduğunu vurğulayıb:

“O dərəcədə səhvlər üzərində qurulub ki, münaqişə davam etdikcə, onlar bu kobud səhvləri edəcəklər. Ukrayna ilə münasibətləri pozurlar. Ukrayna liderinin də açıqlamaları hamıya məlumdur. Bu da çox maraqlıdır ki, həm İranla, həm İsraillə, həm Rusiya, həm Ukrayna ilə münasibətləri pozulub. Yəni bunlar bir-biri ilə ziddiyyətdə olan ölkələrdir. Ermənistan hərbi-siyasi rəhbərliyi o dərəcədə kobud səhvlər buraxıblar ki, bir-biri ilə antaqonist ziddiyyətə olan ölkələrlə də münasibətləri pozublar. Burda yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Hər şey göz önündədir. Amma demək lazımdır ki, bu məğlubiyyət Ermənistan üçün təkcə döyüş meydanında məğlubiyyət olmayacaq. Bu, diplomatik müstəvidə də ciddi məğlubiyyət olacaq. Onlar bu diplomatik məğlubiyyətlə hələ çox yaşayacaqlar”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər