"Mənə elə gəlirdi ki, Ağdam işğal olunsa, dünyanın sonu çatacaq. Ağdamın işğal olunacağına inanmırdım. Fikirləşirdim ki, daha kitab nəyə lazım olacaq?.."
Bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Teleqraf.com-un suallarını cavablandırarkən deyib.
Onunla müsahibəni təqdim edirik.
- Rəşad müəllim, cəbhədə əməliyyatların gedişini necə qiymətləndirirsiniz? Sizcə, zəfər gününə çoxmu qalıb?
- Hamımızın fikri cəbhədədir, gecəmiz-gündüzümüz telefonlardan xəbər oxumaqla keçir. Hamı nigaran, hamı narahatdır. Döyüş gedən ərazilər mənim yaxşı tanıdığım, uşaqlığımın keçdiyi, dəfələrlə olduğum bölgələrdir. Cənab prezidentin də dediyi kimi, uzun illər orada yaşayan düşmən çətin sədlər qurub, keçilməz səngər, tunellər qazıb. Ona görə də hesab edirəm ki, Azərbaycan ordusunun gördüyü işlər, qurduğu taktika çox uğurlu və peşəkardır.
Çoxları fikirləşirdi ki, biz torpaqları azad edəndə ilk olaraq Ağdamdan, Füzulidən başlayacağıq. Amma ordumuz tamamilə başqa taktika seçdi, öncə Cəbrayıl, sonra Füzuli, Zəngilan və Qubadlı torpaqlarını azad edildi. Ola bilər, çətinliklər çox olub, amma indi ordumuz, hiss olunur ki, tələsmədən, ağıllı gedişlərlə addım-addım məqsədinə yaxınlaşır. Xoş xəbərlər gəlir, ölkə başçısının da dediyi kimi, Şuşaya bir nəfəs qədər yaxınıq.
Fikrimcə, Şuşanın azad olunması müharibənin tam qələbə ilə yekunlaşması deməkdir. 1992-ci il mayın 8-də, Şuşa işğal olunanda mən həyatın sonu olduğunu hiss etmişdim... Mayın 12-də, onda "Ədalət" qəzetində işləyirdim, Laçının işğalından 5 gün əvvəl, dostlarımla oraya gedib, kədərli mənzərənin şahidi oldum, ömür boyu gözümün qabağından getməyəcək mənzərələr idi. Əvvəl Araz qırağı ilə, sonra isə oradan Xanlıq kəndindən sağa dönüb, Güləbird kəndindən keçib, yeni tikilən Qayğı qəsəbəsindən Laçına yol gedir, bu yolla getdik. Yolboyu insanlar, çoxu da tanıdığım adamlar, mal-qaraları ilə ev-eşiklərindən çıxırdılar. O hadisələri görürdüm, ən ağır günlərim idi...
O istiqamətdə kəndlərimizi azad ediilkcə, milli qürur hissimiz bərpa olunur, məğlub kompleksimiz yoxa çıxır. Azərbaycan ordusu Azərbaycan prezidentinin dediyi kimi xalqın ləyaqətini bərpa edir.
- Qarabağ xatirələrinizdə necə qalıb? O günləri necə xatırlayırsınız?
- Mən demək olar ki, Qarabağın hər yerində olmuşam. Ona görə də, çox adamlar deyir ki, axı sən haralısan, ağcabədili, laçınlı, ağdamlı, yoxsa şuşalı?.. Mən Laçının Ağoğlan kəndində anadan olmuşam. Orada qədim alban məbədi var, uşaqlıqda oradan nənəmin kəndinə gedirdim. O məbəd xatirələrimdə qalıb. 3 tərəfindən çay axan Ağoğlan kəndi Ermənistanla sərhəddə idi. Uşaqlığımın ən gözəl xatirələri bu kənddə keçib.
Daha sonra Ağdamda yaşamışıq, orta məktəbə Ağdamda getmişəm. Şuşa isə mənim ən isti duyğularımla bağlıdır, oranı çox sevmişəm. Hesab etmişəm ki, dünyada Şuşa kimi gözəl yer ola bilməz. Şuşaya sevgim o qədər idi ki, sonra kim Şuşa haqqında o cür xoş sözlər deyirdisə, mən o adamları da çox sevirdim.
1986-cı ildə Anar Rzayevin Qarabağ hadisələri ilə bağlı “Qarabağ şikəstəsi” adlı yazısı çıxmışdı. 1986-cı ildə "Ulduz" jurnalında belə bir sitatı vardı, indiyə qədər də onu əzbər deyirəm: "Özüm də bilmirəm Şuşanı niyə bu qədər çox sevirəm. Burada doğulmamışam, böyüməmişəm. Qohum-əqrəbam bu şəhərdə deyil. Amma əlimdə imkan olsaydı bütün ömrümü bu şəhərdə keçirərdim və öləndə də vəsiyyət edərdim ki, məni bu şəhərdə basdırsınlar". Şuşaya bu cür böyük məhəbbət yaradan sözlər, cümlələr mənim də ruhuma hakim kəsilirdi.
1979-cu il, 15 yaşımda yazdığım "Cıdır düzü" adlı ilk şeirim 1981-ci ildə "Ulduz" jurnalında, sonra "Azərbaycan gəncləri" qəzetində çıxdı. Şeiri xalq şairi Hüseyn Arifə aparmışdıq. O, şeiri bəyənmişdi və uğurlu yol yazmışdı. Həmin şeiri bu günlərdə dostumuz Elçin İsgəndərzadə yenidən paylaşmışdı. Məni şair kimi ilk ilhama gətirən də Şuşa olub, Cıdır düzü olub.
2012-ci ildə jurnalistlərin binası təhvil verildiyi zaman cənab prezidentin qarşısında çıxış edərkən “Siz 50 yaşınızı Ağcabədidə Taxta körpüdə məcburi köçkünlərlə keçirmisiz. O tərəfdə bizim işğal olunmuş torpaqlarımız, evlərimiz var. Ondan daha yuxarıda isə Şuşa var. Anar Rzayevin "Unudulmaz görüşlər" əsərində bir yer var, deyir ki, orada İlham Əliyev Heydər Əliyev və Zərifə Əliyeva ilə Şuşada olub. İnanıram ki, siz Ali Baş Komandan kimi Şuşaya bayraq sanacaqsınız, yazıçıların, yazarların əsərlərindən nisgilli ah kimi keçən Cıdır düzünün həndəvərində yaradıcı adamlar üçün yaradıcılıq evinin əsasını qoyacaqsınız”- dedim.
8 il əvvəl bu, yuxu kimi görünürdüsə, artıq bu gün reallaşıb və doğrudan da inanıram ki, ordumuz Şuşaya bayraq sancacaq. Şuşa iliyinəcən Azərbaycan şəhəri olub, Azərbaycan musiqinin beşiyidir, böyük mədəniyyət adamları Şuşada doğulub. Şuşada doğulmayan elə bir mədəniyyət adamı yoxdur ki, oraya gedib, oranın təbiətinin qənirsiz gözəlliyinə hakim kəsilməsin, onun ruhu orada dincəlməsin. O mənada Şuşasız Azərbaycan ola bilməz. Odumuz Şuşaya yaxınlaşdıqca, həddindən artıq həyəcan keçirirəm. Ömrümün çox hissəsi keçən Laçından daha çox Şuşanın həsrətini çəkirəm.
Hesab edirəm ki, Şuşanın azad olunması ilə Qarabağ müharibəsi qələbə ilə başa çatacaq. Ondan sonra tezliklə Ağdam da, Laçın da, Kəlbəcər də azad olunacaq. Azərbaycan xalqı həqiqətən də qürurlu, yenilməz xalq olduğunu sübut edəcək.
- Torpaqlar işğal olunandan sonra hər hansı bir səbəblə, məsələn, xalq diplomasiyası çərçivəsində ora səfər etmisinizmi?
- Yox, mən Qarabağa getməmişəm. O zaman diskussiyalar aparılırdı, bəziləri jurnalistləri, xalq diplomatiyası tərəfdarlarını qınayırdı ki, niyə ora gedirsiniz? Amma gedənlər oldu. Mən o vaxt Qarabağa jurnaliststlərin getməsinə tərəfdarı idim. Çünki jurnaliststlər Şuşanı, Cıdır düzünün görüb bu haqda danışırdılar. Onların xatirələri Qarabağı unutmamağımıza kömək edirdi, bu mənada onları dəstəkləyirdim.
Yadımdadır, Cıdır düzünə, İsa bulağına lağ edən özündən razı cavan yazıçılardan biri Seymur Baycan bir dəfə qrupla Şuşaya getmişdi. Gələndən sonra “525-ci qəzetdə” onun müsahibəsini verdik. Dedi ki, "mən Şuşaya, Cıdır düzünə, İsa bulağına, Şuşa həsrəti çəkən adamlara ironik sataşmalarıma görə hamıdan üzr istəyirəm. Həqiqətən Şuşa əvəzsiz yerdir". Bu, Seymurun etirafı idi.
Amma biz 2001-ci il sentyabr ayında 5-6 qəzet redaktoru BMT-nin kiçik təyyarəsi ilə İrəvana getdik. Bir neçə gün türk və erməni jurnalistləri birlikdə olduq, hətta Göyçə gölünə də getdik, siyasilər, deputatlarla görüşdük. Qarabağa isə gedə bilmədik. Qayıdışımız 11 sentyabra düşmüşdü. Mənim "10 sentyabr" hekayəmdə bu haqda bir yer var.
- Qarabağın ən çox hansı bölgəsinə səfər etmək istəyərsiniz?
- Özlüyümdə fikirləşirəm, azad olunan torpaqları yenidən görsəm, mənə necə təsir edəcək? Vaxt olub, Ağdam-Xankəndi-Şuşa yolu bağlananda Laçına, Şuşaya aşağı yolla getmişəm. Füzuli, Araz qırağı, Cəbrayıl, Zəngilan, Qubadlının yanından ötüb, Laçına, oradan Şuşaya gəlmişəm. İndi bilmirəm hansı hissləri yaşayacam... Prezidentin 4 oktyabr xalqa müraciəti zamanı deyəndə ki, bizim müqəddəs şəhərimizi murdarlayırlar, onda mən kövrəldim və onda inandım ki, biz Şuşanı azad edəcəyik.
Prezident Şuşanı elə təsvir etdi ki, müqəddəs şəhərimiz olmadan Azərbaycan ola bilməz. Bu haqda danışanda belə kövrəlirəm, qəhər məni boğur. Bilmirəm hansı mənə ağır təsir edəcək, Ağdamda yaşadığımız evmi, Laçının Ağoğlan kəndindəki yarıuçuq evmizmi, yoxsa ən sevdiyim Laçın və Şuşa arasındakı o yol... Orada bir Turşsu kəndi var, mən hər gün baxıram ki, ordumuz Turşsuya Qubadlıdan, Cəbrayıldan, Füzuli tərəfdən nə dərəcədə yaxınlaşırlar... Laçınla Şuşanın arası 40 kilometrdir. O yolun ortasında, 20 kilometrliyində Turşsu yerləşir.
Turşsu kəndində hər yay babam çadır qururdu, yayı həmin çadırlarda keçirirdik. Orada turş su çıxırdı, kənd onun adına idi. Hər 15 dəqiqədən bir su fontan vuraraq qalxırdı və yavaş-yavaş sönürdü. O su məlhəm idi, bütün daxili xəstəliklərin dərmanı idi. Uşaqlığımın çox günləri Turşsu ilə bağlıdır. Baxıram, ordumuz Qubadlıdan aşıb, Sirikdən Turşsuya yaxınlaşırlar. Fikirləşirəm ki, Turşsu alınsa, Şuşaya qoşunların daxil olması üçün ən rahat yol məhz o yoldur.
Şuşa dağın başında, sıldırım qayadadır, oraya daxil olmaq çətin məsələdir. Məhz buna görə Şuşanın itkisinə hər zaman heyrət etmişik, bir xalq kimi oranı qoruya bilməmişik. Bizim zəifliyimiz, bədbəxtliyimiz olub. Turşsunun azad edilməsi, həm də Ermənistanla dəhlizin bağlanması deməkdir. Ümidliyəm ki, bu günlərdə o xoş hadisə baş verəcək. Qismət... Hansı rayona yolum daha tez düşsə, oraya gedəcəm.
Bu gün Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı azad olunduqca, çox sevinirəm. İnsan yaşlaşanda gərək doğulduğu yerə gedə, doğulduğu yerin ab-havası ona çox təsir edir. Dövrümüzün alzaymer xəstəliyi var, insan yaddaşını getdikcə itirir. Bu xəstəlikdən xilas olmağın iki yolu var: çoxlu mütaliə və uşaqlığın keçdiyi yerləri canlı görmək. Doğulduğun evi, ilk məktəbi görmək beyinə xoş təsir edir və insanı cavanlaşdırır, yaddaşı təzələyir.
Biz 30 ildir bu səadətdən məhrum idik. Uçuq, dağılmış olsa belə, bu xoşbəxtlik bizə nəsib olduqdan sonra yaddaşımızın, qürurumuzun bərpası baş verəcək. Nənəm ötən il 94 yaşında rəhmətə getdi. Kənddəki evi öz əli ilə tikmişdi. Hərdən internetdə baxırdıq, xalam deyirdi ki, nənənə göstərməyin, əli ilə tikdiyi həmin evin uçulmasını görməsin. O ev, o kənd, Cıdır düzü... Təxminən 6 ay əvvəl bir paylaşım etmişdim, yuxumda Şuşanın görmüşdüm, qaldığımız evdən çıxmağım, Cıdır düzü, Bazar meydanı...
Şuşa tarixdir, hər qarışında insan özünü azərbaycanlı kimi güclü hiss edir. Ağdamın da öz gözəlliyi var, insanları, mühiti. Fərqli düşüncələrə açıq olan, iqtisadi cəhətdən inkişaf edən yer idi. Son 30 ildə bu hadisələr baş verməsəydi, Ağdam necə inkişaf etmiş şəhər olardı... Mən inanıram ki, Qarabağı azad etdikdən sonra Ağdam 1 milyonluq şəhər olacaq. O, regionun demək olar ki, mərkəzinə çevriləcək. Ondan sonra oraya heç bir erməni yaxın düşə bilməyəcək.
- Qarabağdan xatirə olaraq nəsə gətirmişiniz?
- Sonuncu dəfə 1991-ci ilin noyabrında Şuşada, 1992-nin mayında isə Laçında olmuşam. Ağdamda evimizdə əvvəl atamın yığdığı kitabxanaya kitablar əlavə etmişdim. Mən bütün pulumu kitablara verirdim. 3 minə yaxın kitabım var idi. O evi tərk edəndə kitabları çıxarmadım. Hər dəfə bir nisgil kimi nəyisə axtarıram, hansısa kitab lazım olur, o ağrını keçirirəm.
Uşaqlar böyüdükdə, Azərbaycan ədəbiyyatından kitablar lazım oldu və mən o kitabları tapa bilmədim. Yadıma salırdım, təəssüf edirdim ki, o kitabları niyə götürmədim...
- Niyə gətirmədiniz?
- Mənə elə gəlirdi ki, Ağdam işğal olunsa, dünyanın sonudur. İnanmırdım ki, Ağdam işğal olunacaq. Fikirləşirdim ki, Ağdam işğal olunduqdan sonra kitab nəyə lazım olacaq? Yaşamaq, oxumaq mənasını itirmişdi. İşğalda qoyub gəldiyim o kitablar indi tez-tez yadıma düşür.
- Ölkəmizdə qismən səfərbərlik elan olunub. Sosial şəbəkədə fikirlər səslənir ki, cəmiyyət arasında tanınan simalar övladlarını hərbi xidmətdən saxlayırlar. Sizə belə deyən olubmu?
- Yox. Mən sosial şəbəkələrdə fikirləri oxuyuram, indiki vaxtda insanların bir-birini ittiham etməsinə yaxşı baxmıram. Hesab edirəm ki, bu, çox ziyanlıdır. "Varlının övladı cəbhəyə getmədi, nazirin övladı getmədi" kimi bölünməyə səbəb olan müzakirələr bizdə çaxnaşma yaradan məqamlardır. Bu, ziyandır və yalnız düşmənə xeyir gətirə bilər. Məsələn, 1990-cı illərdə məğlub olmağımızın səbəblərindən biri ayrı-seçkilik, idarəsizlik, bir-birimizi günahlandırmağımız oldu.
Bu günlərdə Xoşqədəm Hidayətqızının dediyi fikirdə bir problem olmadığı halda, kimsə qəsdən talışlarla bağlı məsələni qabartmaq istəyir. Düşmənimiz çox məkrlidir, belə məsələlərdə ehtiyatlı olmaq lazımdır. O qədər insanlar var ki, vətənpərvərdirlər, özlərini odun-alovun içinə atırlar. Uşaqlıqdan qucağımda böyüyən, dostum Nofər Qasımovun oğlu 11 oktyabrda Hadrut ətrafında şəhid oldu, Füzulidə onun dəfninə getdik.
Nofəlin özü 1990-cı illərdə Füzulinin müdafiəsində iştirak edib. Onun oğlu da hərbçi idi və döyüşə can atırdı. Bu günlərdə başqa yaxın insanın oğlu şəhid oldu. Mən şəhid dəfnlərində dura bilmirəm, valideynləri ilə söhbət edəndə qəhər məni boğur. Hesab edirəm ki, hamımız onların qarşısında günahkarıq. Hamımız onlara əslində səcdə edirik, onların valideynlərinin qarşısında borcluyuq. Eyni zamanda bütün milli qürur hissimiz, ləyaqətimiz məhz o şəhidlərin qanı hesabına başa gəlir.
- Gənc ədiblər, Azərbaycan Yazıçılar Birliyi üzvləri arasında hərbi xidmətə gedənlər varmı?
- İlk günlərdə bir yazı yazdıq. Gənc ədiblərin rəhbəri olan Emin Piri xeyli müddət hərbdə olmuşdu, hazırda döyüşdədir. Bir neçə başqa gəncimiz də cəbhəyə yollandı. Bu yaxınlarda Tural Turanı yola saldıq. Arzulayıram ki, qələbə ilə qayıtsınlar. Ədəbiyyat adamları belə məsələlərdə daha fəal olurlar. Vətəni daha çox sevən və emosional həyəcanlanan olurlar.
Həmkarlarımız, jurnalistlər bu yaxında yaxşı təşəbbüs irəli sürdülər. Cəbhəyə gedən jurnalisttlərin ailəsi üçün maddi-mənəvi dəstək kampaniyası keçirdik.
- Ön cəbhə ilə yanaşı, arxa cəbhədə də mübarizə aparırıq. İnformasiya müharibəmizi necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, son 30 ildəki dövrlə müqayisədə bu gün Azərbaycan informasiya müharibəsində daha fəaldır. Bu gün yetişən yeni gənclər bir neçə dil bilirlər, sosial şəbəkədə fəaldırlar. Düşmənin məşhur profillərinə hücum edən fəal gənclərimiz informasiya müharibəsindəki dronlarımızdır. İndi dünya sosial şəbəkələrin hesabına çox balaca olub. Mənim çox xoşuma gəlir, Paşinyanın səhifəsində həm azərbaycanca yazırlar, həm də ingilis və rus dillərində...
Aslan İsmayılov, Azad Əliyev, Elçin Əlioğlu, Qubad İbadoğlu, İbrahim Nəbioğlu, Şahbaz Xuduoğlu kimi ayrı-ayrı adamlar var ki, çox fəaldırlar. Xoş ruh yüksəkliyi aşılamaqdan söhbət gedir. Ayrı-ayrı halları götürməsək, ümumi ab-havada 99 faiz ruh yüksəkliyi yaradan insanların vahid həmrəyliyi proses gedir. Həm xaricdəki diasporumuz, həm daxildəki gənclərimizin addımları qürur duyulası haldır, Azərbaycanda heç vaxt görünməyən həmrəylik var. Bu enerji mütləq qələbəyə aparıb çıxarmalıdır.
- Rəsmi məlumatlardan əlavə, qeyri-rəsmi videoların da ardı-arası kəsilmir. Sizcə, hərbi məlumatların sızmasının qarşısını almaq üçün proses haradan başlamalıdır?
- Əvvələr hər kəs tələsirdi, hansısa informasiyanı verirdi, düşmənə sərf edən xəbərlər olurdu. Aprel döyüşlərində, sonuncu dəfə isə yayda Tovuz döyüşlərində belə hallar oldu. İndi isə o həmrəylik bütün insanlara sirayət edib, mən bundan çox razıyam. Nümunə olmaq üçün özüm də yalnız Müdafiə Nazirliyinin xəbərlərini paylaşıram. Videolar bəzən olur, indi insanlar həyəcanlanır. Əsgərlər Şuşaya getmələri ilə bağlı video çəkmişdilər. Bəlkə on dəfə baxdım və hamısında ağladım, insan o xəbəri eşitməyi arzulayır.
Amma eyni zamanda o xəbərlər ziyan edir axı... Tək-tük olacaq, tam şəkildə bunun qarşısını almaq mümkün deyil. İnsanlar arzulayır ki, ilk xəbəri o çatdırsın. Məsələn, 3 gün əvvəl gecə saatlarında dostum yazdı ki, "Şuşa alındı, təbrik edirəm". İnsan xoş xəbəri paylaşmaq istəyir. Amma bizim qələbə xəbərlərini Ali Baş Komandandan gözəl çatdıran yoxdur. Ona görə də hamıya yazıram ki, tələsməyin. Nə qədər emosional olsaq da, o xəbəri İlham Əliyev kimi çatdıra bilməyəcəyik.
Əminəm ki, Şuşa, Xocavənd, Kəlbəcər, Laçın xəbərləri də Ali Baş Komandanın dilindən çox orijinal və yadda qalan tərzdə deyiləcək.
- Bu gün demək olar, hər kəs hərbi xidmətdə olan tanışından, yaxınından məlumat əldə edir, bu barədə sosial şəbəkə hesabında yazır. Məsələn, son günlərdə vətəndaşlar özlərini Şuşa və Laçın şəhərlərinin adlarını eşitməyə hazırlayıblar. Lakin rəsmi məlumatda Cəbrayılın kəndlərinin adı çəkiləndə bəziləri ruh düşkünlüyü yaşayır, əldə edilən uğuru kiçildirlər...
- İndi sosial şəbəkələr həddindən artıq geniş insanları əhatə edir. İnsanlar hamısı bir deyil. Onların düşüncəsizi, savadsızı, psixi pozğunluğu olanı da var. Ona görə də mən buna təbii baxıram. İnsanların qələbə arzusu elə şeydir ki... Bir dəfə mən də yazdım ki, hər kəs Şuşa deyir, Şuşaya bir xeyli yol var, xəritəyə baxın. Bir nəfəs qədər yol qalıb, amma həddindən artıq həssaslıqla yaxınlaşmaq lazımdır ki, az şəhid verək.
Düşmən hər cür təxribata əl ata bilər. Ona görə də bu tipli adamların təbiidir, arzularını başa düşürəm. Bəzən də ziyan edir... Sosial statusun varsa, onu yazmamalısan, məsələyə həssas yanaşmalısan. Ümumi prosesi yüksək qiymətləndirirəm.
- Zəfər tarixi Rəşad Məcidin yaradıcılığında öz əksini tapacaqmı?
- Dediyim kimi, ilk şeirim Şuşa haqqında olub. Bəlkə də yenə şeirlər olacaq. Mənim məşhur hekayəm "10 sentyabr" Qarabağla bağlıdır. Amma gündəlik proseslərə çalışıram ki, feysbukda statuslar paylaşaraq münasibət bildirim. Bəzən məndə də emosional hisslərin ifadəsi olur. Mənim kitablarımdan biri də "Qələmsiz yazılanlar"dır. Feysbuk statuslarından ibarət kitab çap etdirdim. Akademik İsa Həbibbəyli kitaba ön söz yazaraq bildirdi ki, bu, jurnalistikanın və ədəbiyyatın yeni janırıdır.
Qaçaraq dövrdə yaşayırıq və bu dövr artıq qalın romanlar, uzun şeir, poemalar dövrü deyil. İnsan daha lakonik, dinamik şəkildə öz fikrini çatdırmalıdır. Bədiilik, informasiya baxımından elə etməlisən ki, yadda qalasan.
Hər həftənin üçüncü günü qələmsiz yazılan statusları qəzetdə də çap edirəm, öz fikirlərimi daha çox bu formada bildirirəm. Amma yaradıcılıq, xüsusilə şeir, nəsr ilahinin göndərdiyi paydır. Ola bilsin, elə hislər keçirəcəm ki, qələbə soraqlarında bədii yazılara da çevriləcək.
- Qələbəyə fokuslanmışıq. Düşmənlə münasibətləri necə saxlamalıyıq? Qarabağda onlarla yaşayışı davam etdirməliyikmi?
- İndi də içimdə qorxu var ki, birdən proses dayanar, Şuşanı azad etməmiş hansısa ölkənin təzyiqi ilə dayanmağa məcbur olarıq. Amma mən də prezidentin dediyi fikirlərin ən real təklif olduğunu hesab edirəm.
Bəziləri deyir ki, bütün Qarabağı azad etdikdən sonra erməni qalmayacaq. Erməni riyakar, qılığa girən, zəif olanda sənə yalvarıb, güclü olanda arxana bıçaq vuran millətdir. Onlar gəlib yenə Azərbaycanda yaşayacaqlar.
Hesab edirəm ki, birgə yaşamaq da mümkündür. Dünya belə müharibələr çox görüb. Prezident bir çıxışında dedi ki, Ermənistan bütün dünya üçün təhlükədir. Bizim bədbəxtliyimizdir ki, belə bir qonşumuz var. Qarabağda erməni olmasa da, biz yenə də qonşu olduğumuz üçün onlarla yanaşı yaşamalıyıq.
Bu proses bütün ermənilərə mesajdır ki, bu xəstəlikdən sağalın. Qonşularınızla normal münasibətdə olun. Bəlkə də bu xəstəliyin simptomları ermənilərdən çıxsa, biz normal yaşıya bilərik.