Çilinin “Infogate” xəbər agentliyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin məqaləsini yayıb.
Teleqraf.com xəbər verir ki, məqalədə müəllif Dağlıq Qarabağ regionunda münaqişənin son eskalasiyasından sonra bəzi ekspertlərin və KİV nümayəndələrinin demokratiyanın olmamasının Ermənistanla Azərbaycan arasında münaqişədə əsas amil olması ilə bağlı fikirlərinə münasibət bildirir. O yazır ki, demokratiyanın olmaması probleminin aktuallığını aradan götürən arqumentlər arasında, ilk növbədə, münaqişənin tarixi qeyd edilməlidir. Tarixdən başqa, həmçinin münaqişənin Ermənistanın ərazi iddialarına əsaslanan xarakteri barədə məsələ də mövcuddur. Ermənilər tərəfindən irəli sürülən iddialardan, millətçi tələblərdən öncə hər iki xalq dinc yanaşı yaşayırdı.
Məqalədə başqa bir vacib amil də diqqətə çatdırılır: Azərbaycandakı mövcud vəziyyət istər iqtidar, istərsə də müxalifət olaraq bütün siyasi qüvvələrin ortaq bir məqsəd güdməsi - işğal olunmuş ərazilərin azad edilməsi, ərazi bütövlüyünün bərpası, məcburi köçkünlərin evlərinə qayıtmaları ilə fərqlənir.
Ermənistandakı vəziyyətə toxunan F.Şəfiyev qeyd edir ki, hökumət bu illər ərzində avtokratiya və korrupsiyadan əziyyət çəksə də, o, hələ də tolerant beynəlxalq mühitdən istifadə edə bilərdi. Bu gün də Ermənistan beynəlxalq hüququ pozmağa davam edir, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin yerinə yetirilməməsi isə beynəlxalq birliyin ciddi qınağına səbəb olmur. Bu, bir daha göstərir ki, beynəlxalq ictimaiyyətin əsl narahatlıqları demokratiya və ya onun çatışmazlığı problemlərindən uzaqdır.
F.Şəfiyev Kanadadakı Kvebek, Böyük Britaniyadakı Şotlandiya, İspaniyadakı Kataloniya və Belçikadakı Flandriya kimi Qərb demokratiyalarında mövcud olan etno-ərazi münaqişələrini nümunə kimi göstərir. Bildirir ki, inkişaf etmiş demokratiyanın mövcudluğu sadəcə olaraq bu qarşıdurmaları həll etmir və qarşısını almır. Həmin ölkələr, xarici ərazilər də daxil olmaqla, bəzən BMT Təhlükəsizlik Şurasının müvafiq icazəsi olmadan müəyyən hallarda güc tətbiqinə əl atıblar.
Məqalədə vurğulanır ki, Azərbaycan 30 ilə yaxın bir müddət ərzində sülh danışıqlarını səbirlə gözlədi və indi BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən qanuni özünümüdafiə hüququndan istifadə edir.
F.Şəfiyev dünya media ekspertlərinin hazırkı mövqeyinin Ermənistan-Azərbaycan münaqişəsi və onun səbəbləri ilə bağlı Qərb mediasının qərəzli mövqeyini ifşa etdiyini diqqətə çatdırır.