9 Noyabr 2020 14:30
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər tərəfindən Qarabağ və ətraf rayonların abidələrinin hazırkı vəziyyəti, onlara vurulan ziyanlar müəyyənləşdirilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə arxeoloji və memarlıq abidələrinin ünvanları müəyyənləşdirilməli, onların haqqında ilkin informasiya toplanmalıdır.

Nəcəf Müseyibli qeyd edib ki, Qarabağ və ona bitişik ərazilərdə hələ sovet dövründə nisbətən ətraflı arxeoloji tədqiqat işləri Tərtər, Ağdam və Füzuli rayonlarında aparılıb. Azıx və Tağlar mağara düşərgələrində uzun illər arxeoloji qazıntılar aparılsa da, digər abidələrdə geniş tədqiqat işləri həyata keçirilməyib:

"Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarında işğala qədərki dövrlərdə məhdud zaman çərçivələrində aparılmış tədqiqatlar nəticəsində azsaylı abidələr aşkar edilib. Halbuki bu rayonlarda, Qarabağın dağlıq və aran ərazilərində daha çox tarixi abidənin olduğunu ehtimal etmək üçün hərtərəfli əsaslar var. Hələ sovet dövründə keçmiş DQMV-nin erməni rəhbərliyi Azərbaycan alimlərinə Qarabağın dağlıq ərazilərində hər vasitə ilə tədqiqatlar aparmağa maneələr yaradırdı".

Nəcəf Müseyibli qeyd edib ki, həm əvvəllər məlum olan, həm də yeni aşkar edilmiş abidələrin pasportlaşdırılması işləri həyata keçirilməlidir. Pasportlaşdırma işlərində abidələrin tipi, dövrü, saxlanma dərəcəsi, sərhədləri qeyd edilməli, digər göstəriciləri səciyyələndirilməlidir. Bütün bunlarla yanaşı olaraq elmi əhəmiyyəti, tariximizin ayrı-ayrı mərhələlərinin tədqiqi üçün aktuallığı müəyyən edilərək bir sıra abidələrdə uzun müddətli arxeoloji qazıntı işləri aparılmalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər