11 Noyabr 2020 18:26
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropanın nüfuzlu “EU Reporter” analitik portalı “Qarabağ müharibəsi: Qərb mediasında feyk xəbərlər necə yayılır” adlı məqalə yayıb.

Teleqraf.com xəbər verir ki, məqalədə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən alovlanması ilə əlaqədar mətbuatda bu münaqişəyə dair çoxsaylı saxta xəbərlərin yayıldığı bildirilir.

Yazıda bəzi Qərb KİV-lərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xəbərlər yayarkən açıq-aşkar tərəfkeş münasibət nümayiş etdirməsinin təəccüb hissi doğurduğu qeyd edilir.

Müəllif qeyd edir ki, bu il sentyabrın 30-da “BBC News”un yaydığı xəbərdə Türkiyənin nəzarəti altında olan Suriya ərazisindən bir neçə yüz muzdlunun Qarabağa gətirildiyi iddia edilir. “BBC News” bu məlumatı hərbçilərin birindən aldığını, ancaq məlumatların doğruluğunun təsdiq olunmadığını qeyd edir.

Həmçinin “France 24” kanalının “The Observers” proqramında internet istifadəçisi tərəfindən çəkilmiş Suriyalı silahlıların Azərbaycana getməyə hazırlaşdıqlarını göstərən bir neçə feyk videonun yayımlandığı qeyd olunur. Bu videoların həqiqiliyinin əsas “sübutu” kimi isə videodakı əsgərlərin ərəbcə Hələb və İdlib şəhərləri barədə danışmaları olduğu deyilir.

Məqalədə bu cür açıq-aşkar saxta məlumatların dünyanın belə aparıcı xarici KİV-lər tərəfindən yayılmasının təəccüb doğurduğu bildirilir. İrəvanın bu günə qədər Qarabağda Azərbaycan tərəfdən hər hansı muzdlunun olması barədə heç bir dəlil təqdim edə bilmədiyi vurğulanır.

Müəllif yazır ki, bütün müharibələr kimi Qarabağ müharibəsi də böyük faciədir. Döyüşlər ərzində hər iki ölkənin mülki əhalisinə və infrastrukturuna ziyan dəyib. Ancaq Qərb mətbuatı öz diqqətini hadisələrin inkişafına yönəltməyib. Xüsusilə də döyüş bölgəsindən çox kənarda yerləşən Gəncə şəhərinin dinc sakinlərinin erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması dünya mediasının diqqətindən kənarda qaldı.

Yazıda vurğulanır ki, müasir dövrdə baş verən silahlı qarşıdurmalarda informasiya cəbhəsindəki qarşıdurma döyüş meydanında olduğu qədər əhəmiyyətli ola bilir. Düşmənin hər hansı sadə bir əməliyyatını belə “müharibə cinayəti” kimi qələmə verərək bütün dünyanı həmin düşmənə qarşı qoymaq olar. Qarabağ münaqişəsi zamanı baş verən hadisələrdən də göründüyü kimi, cəbhədəki real vəziyyət beynəlxalq mediada heç də hər zaman dəqiq əks olunmur. Bu müharibə ilə bağlı həqiqətlərin sonrakı nəsillərə olduğu kimi çatdırılması üçün mətbuatın davamlı olaraq gerçək həqiqətləri qərəzsiz şəkildə təqdim etməsi zəruridir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər