11 Noyabr 2020 23:38
1 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Naziri, ordu generalı Sergey Şoyqu ilə Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar arasında keçirilən videokonfransın yekunları üzrə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə ortaq mərkəzinin yaradılması barədə memorandum imzalanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: "Danışıqlardan sonra Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalanıb". Memorandumla ortaq monitorinq mərkəzinin vəzifələri və prinsipləri müəyyənləşdirilib.

Qeyd edilir ki, mərkəz tərəflərin atəşkəsə əməl etməsi və əldə olunmuş razılaşmaları pozan digər hərəkətlər barədə məlumat toplayacaq və yoxlayacaq. Mərkəz həmçinin vizual müşahidə, pilotsuz uçuş aparatları vasitəsilə pozuntuları qeydə almalıdır və digər mənbələrdən alınan məlumatları qiymətləndirməlidir. Mərkəz əldə edilmiş razılaşmaların pozulması ilə bağlı şikayət, sual və ya problemlə məşğul olan orqana çevriləcək.

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar isə bildirib:

"İmzalarla birlikdə Qarabağ bölgəsində atəşkəsin, sülhün və əmin-amanlığın bərqərar olunmasında çox önəmli bir addım atacağımıza bütün qəlbimlə inanıram. Ümid edirəm ki, görəcəyimiz iş bölgəyə faydalı və xeyirli olacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər