Azərbaycan mütləq bir qələbə əldə edib. Qələbənin miqyası olduqca böyükdür. Bu qələbə bütövlükdə Azərbaycan xalqının yenidən doğuşu, tarixidir. Bu qələbə Ermənistanın koputulyasiya aktına qeyd-şərtsiz imza atması ilə nəticələnib. Əldə olunan böyük tarixi qələbə bütövlükdə regionumuzda yeni geostrateji reallıq yaradacaq qədər böyük qələbədir. Çox mürəkkəb tarixi mərhələdən keçdik. 44 günlük müharibə tarixində hər hansı kiçik səhv böyük faciələrə səbəb ola bilərdi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, 30 ilə qədər davam edən danışıqlar prosesində Azərbaycan xalqının səbri, dəyanəti, dözümü sınağa çəkildi:
"Ali Baş Komandan, Prezident İlham Əliyev mürəkkəb regionda bu qətiyyətli qərarı və çox mürəkkəb prosesi diplomatiyanın və siyasətin mümkün etdiyi ən mahir incəliklə idarəerməyi bacardı. Qələbəmizi diplomatik siyasi müstəvidə də möhkəmləndirdi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Müharibələri başlatmaq bəzən asan olur. Ancaq onu bitirmək və müharibədə əldə etdiyini axıra qədər saxlamaq bəzən çətin olur. Biz burada bu komponentlərin hamısını görürük. Azərbaycan Ordusu döyüş meydanında qələbəni təmin etdi və bu qələbə siyasi diplomatik müstəvidə qorundu. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı. Bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu".
Hikmət Babaoğlu hesab edir ki, bu qələbə ilə regionumuzda təkcə Azərbaycanla münasibətlərində deyil, digər ölkələrlə münasibətdə də yeni inteqrasiya, yeni inkişaf şərtləri formalaşdırdı:
"Azərbaycan xalqı bu prosesdə bir daha sübut etdi ki, ölkəmizdə xalq iqtidar birliyi olduğu təqdirdə ən çətin məsəklələr belə həll olunur. Azərbaycan xalqı bu qələbə əhval ruhiyyəsini böyük coşqu ilə yaşayır. Bu qələbə Azərbaycan xalqına, xalq da bu qələbəyə layiqdir. Çünki Azərbaycan dövlətçiliyi böyük imtahanlardan keçdi. Azərbaycan Prezidenti ən doğru zamanda ən doğru qərarı qəbul etməklə xalqımızın tarixi qələbəsini təmin etdi. Bu gün ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir. Qələbəmizin əzmi buradadır. Bu tarixi qələbə bundan sonra ölkəmiz üçün yeni status təmin etməklə, yeni inkişaf perspektivləri yaratdı. ".