25 Noyabr 2020 09:14
1 780
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Özümüzə uyğun tərzdə işğaldan azad olunan ərazilərdə bütün mədəni, tarixi abidələrimizi bərpa edib, dini dəyərlərimizi yaşadacağıq. Dövlət-din münasibətləri modelini işğaldan azad olunmuş ərazilərdə bir daha dünyaya göstərəcəyik".

Bu fikirləri “Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Teleqraf.com-un suallarını cavablandırarkən deyib.

Müsahibəni təqdim edirik.

- Prezident və xanımı Ağdamdakı məscidə səfər etdi. İlk diqqəti çəkən məqam onların məscidə ayaqqabısız daxil olması idi...

- Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın Ağdama səfəri hazırkı dövr üçün tarixi hadisədir. Dövlət başçımız işğaldan azad olunan rayon mərkəzinə səfər etdi. Ağdam Azərbaycan üçün çox mühüm regionlardan biridir. Dövlət başçısı orada ilk olaraq Allahın evinə yollandı, məscidi ziyarət etdi. Bu məscid uzun illərdir ermənilər tərəfindən təhqir olunurdu, onun yarıuçulu vəziyyətdə olması bütün dünyaya nümayiş olundu.

Prezidentimizin bura o cür hörmətlə daxil olması növbəti dəfə dini dəyərlərimizə olan hörmətinin ifadəsi idi. Baxmayaraq ki, məscid işlək vəziyyətdə deyil, onların ayaqqabılarını soyunub, hər kiçik məqama diqqət göstərməsi nümunəvi addımdır. Bu hadisə dövlət-din münasibətlərinin təzahürüdür. Prezidentin bu rəftarı Azərbaycan dövlətinin dinə, islama, digər dinlərə, məbədlərə, məscidlərimizə münasibətinin göstəricisidir.

Ona görə də bütün inanclı insanların böyük sevincinə, rəğbətinə səbəb olan addımdır. Bu, əslində məscidin ziyarətinin timsalında dövlətin dinə, dini dəyərlərə ehtiramını ortaya qoymuş oldu.

- Yeri gəlmişkən, hər bir müsəlman məsciddə özünü necə aparmalıdır?

- Məscid Allah evi adlanır. Baxmayaraq ki, Allah hər yerdədir, Allah üçün xüsusi bir məkan təsəvvür etmək mümkün deyil. Amma Allah məscidlərə hörmət əlaməti olaraq onları öz evi adlandırır. Ona görə də məsciddə davranışın xüsusi bir ədəbi var. Məscidə hörmətlə daxil olmaq lazımdır. Hətta dinimizdə belə bir tövsiyə də var ki, insanlar məscidə sağ ayaqla daxil olub, orada ədəblə otursunlar.

Eyni zamanda səmimi olaraq öz hiss və duyğularını ifadə etmək, Allahla danışmaq üçün ən münasib məkanlardan biri də məscidlərdir. Düşünürəm ki, prezidentin davranışı da elə məscidlərlə necə rəftar etmək üçün nümunəvi addım idi. Bu həm bizim inancımızdan, həm də milli əxlaqımızdan qaynaqlanan yanaşmadır. Məscidlərdə davranış qaydalarında dini dəyərlərimizə hörməti göstərməliyik.

- Fransa Qarabağdakı dini abidələrin taleyindən narahatlıq keçirdiyini bəyan edib. Sizcə, Fransanın narahatlığı nədən qaynaqlanır?

- Düşünürəm ki, heç bir narahatlığa əsas yoxdur. Azərbaycan işğaldan azad etdiyi torpaqlarda bütün dini abidələri qoruyub, təmir edəcək. Çünki onlar hansı dinə aidiyyətindən asılı olmayaraq bizim mədəniyyət incilərimizdir. Onlar Azərbaycana məxsusdur. Bu yöndə kiminsə nəyisə xahiş etməsinə ehtiyac yoxdur.

Azərbaycan dövləti bütün dini məbədləri qoruyur. Azərbaycan ərazisində heç bir zaman dini zəmində ayrı-seçkilik olmayıb. Ona görə də kiminsə göstəriş vermək cəhdi, yaxud xahiş etməsi tamamilə əsassızdır. Bu, ermənilərin yaratdığı yersiz, mənasız səs-küyün nəticəsidir. Güya oradakı kilsələrin qayğısına qalırlar. Halbuki orada xristian tarixini təhrif etməklə məşğul idilər. Onlar rus pravoslav kilsəsini Qriqorian kilsəsi kimi təqdim etməyə çalışır, alban abidələrini erməni abidəsi kimi təqdim edirdilər.

Əslində ermənilər üçün müqəddəs heç nə yoxdur, işğal dövründə bunu əyani şəkildə göstərdilər. İndi isə guya bizə tolerantlıq dərsi vermək istəyirlər. Guya hansısa abidələrin, kilsələrin taleyindən nigarandırlar. Təbii ki, bütün bunlar siyasi oyunlardır və Azərbaycan reallığı ilə heç bir şəkildə uzlaşmır.

Azərbaycanda bu abidələr qorunacaq. İşğaldan azad olunan ərazilərdə məscidlərlə yanaşı, bütün dini, mədəni, tarixi abidələr dövlət hesabına təmir ediləcək. Azərbaycanda bir daha dinlərə münasibət işğal olunmuş ərazilərdə yerləşən məscid, kilsə, sinaqoqlarda özünü göstərəcək.

- Qarabağdakı xristian məbədləriylə, abidələriylə necə rəftar etməliyik, sizcə, onlara münasibətimiz necə olmalıdı?

- Azərbaycan xalqının digər dini abidələrə münasibəti necə olubsa, onlara da elə olacaq. Bakının mərkəzində bu gün erməni kilsəsi fəaliyyət göstərir, həmin kilsə dövlət tərəfindən qorunur. Oradakı erməni dilində ədəbiyyat indiyədək salamat saxlanılıb. Erməni məzarlıqları da qorunur. Bütün bunlar göstərir ki, bizim xalqımızın başqa dinlərə dözümlü münasibəti var.

İşğaldan azad olunmuş ərazilərdə də bu ənənələr davam etdiriləcək. Hansı dinə aidiyyətindən asılı olmayaraq o abidələr dövlət qayğısı ilə də əhatə olunacaq.

- Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Damir Muhetdinov Qarabağda məscidlərin təhqir olunmasına münasibət bildirdikdən sonra sosial şəbəkələrdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bu mövzuda niyə susduğu sualları yarandı. QMİ nümayəndəsi kimi bu iradlara müasibətiniz necədi?

- Qafqaz Müsəmanları İdarəsi işğal olunmuş ərazilərimizdə dağıdılan məscidlərlə bağlı bəyanat qəbul edib. Bəyanatı müxtəlif din təmsilçiləri imzalayıblar. Azərbaycanda yaşayan xristian, yəhudi din təmsilçiləri, digər konfessiyaların nümayəndələri bu bəyanata qoşulublar.

Dəfələrlə QMİ bu məsələni din xadimlərinin qarşısında qaldırıb, beynəlxalq təşkilatlara müraciət edib. Elə bu müharibə zamanı da ziyarətgahların sayına qədər bəyanatda öz əksini tapıb. Bu bəyanat QMİ sədrinin, Şeyxülislam Allahşükür Paşazadənin imzası ilə dünyaya yayılıb. Bununla bağlı onlayn formatda beynəlxalq konfrans da keçirilib, mən də iştirak etmişəm. Bir çox müsəlman ölkələrindən, yəhudi və xristian din xadimləri də iştirak edirdilər. Bütün faktlar beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıldı.

- Sizcə, Qarabağda islami kimliyimiz üçün nələr etməliyik? Yeni məscidlərin tkintisi aparılmalıdımı?

- Qarabağda Prezident İlham Əliyevin də bəyan etdiyi kimi biz bütün məscidlərimizi bərpa edəcəyik. Orada bizim bütün tarixi abidələrimiz dövlət hesabına bərpa olunacaq. İnsanlar da hansısa şəkildə bu prosesdə birlikdə iştirak edəcək. Biz dini dəyərlərimizi dirçəltməliyik.

Azərbaycan tolerantlıq, multikulturalizm məkanıdır. Müxtəlif mədəniyyətlər, dinlər bu ölkədə birgə yaşayır. Azərbaycan İslam sivilizasiyasının ayrılmaz hissəsidir. Azərbaycanlılar islam mədəniyyətinə çox dəyərli töhvələr bəxş etmiş xalqdır. Ona də bizim boynumuzdakı vəzifələrdən biri də islam irsini qorumaqdır. Bu islam irsi həm bizə, həm də bütün islam dünyasına məxsusdur.

Azərbaycan üçün prioritet mövzulardan biri də islam həmrəyliyidir, dini dəyərlərin qorunmasıdır. Ona görə də biz özümüzə uyğun tərzdə işğaldan azad olunan ərazilərdə bütün mədəni, tarixi abidələrimizi bərpa edib, dini dəyərlərimizi yaşadacağıq. Bir daha dövlət-din münasibətləri modelini işğaldan azad olunmuş ərazilərdə dünyaya göstərəcəyik. Düşünürəm ki, yaxın zamanda quruculuq işləri başlayanda biz bunun şahidi olacağıq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər