Teleqraf.com saytının suallarını hərbi ekspert Azad İsazadə cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
– Azad müəllim, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr tarixli bəyanatına uyğun olaraq Kəlbəcər rayonu noyabrın 25-də ordumuzun nəzarətinə keçdi. Bu bəyanat qəbul edilməsəydi bizi Kəlbəcərlə bağlı nələr gözləyə bilərdi?
– Noyabrın 10-da hərbi əməliyyatların başa çatmasına səbəb olan birgə bəyanat qəbul edilməsəydi döyüşlər davam edəcəkdi. Çox güman ki, Kəlbəcər uğrunda döyüşlər ən axırıncı etap olacaqdı. Yəqin ki, ilk növbədə elə Dağlıq Qarabağın özü ermənilərdən təmizlənəcəkdi, axırıncı istiqamət sözsüz ki, Kəlbəcər olacaqdı. Biz tərəfdən, belə deyək Qarabağın şimalından Kəlbəcərə girmək həddən artıq çətin məsələdir. Orada dağlar çox yüksəkdir və döyüş aparmaq da çətin olacaqdı. Üstəlik ermənilər vaxtilə orada güclü pozisiya qurublar, amma biz artıq Laçına yaxınlaşmışdıq. Müharibə qurtarmasaydı yəqin ki, bir həftə ərzində Laçını da, Xankəndini də azad edəcəkdik. Kəlbəcərə daxil olmaq üçün yəqin ki, Laçın istiqaməti seçiləcəkdi, yəni Laçından Kəlbəcərə daxil olmaq daha rahat olardı. Birincisi, orada ermənilərin əvvəlcədən qurduqları pozisiyalar, konkret hərbi hissələr yox idi. Hamısı ön cəbhəyə, yaxud cəbhəyə göndərilmişdi. Biz Laçından Kəlbəcərə qədər yavaş-yavaş, erməniləri sıxışdıra-sıxışdıra gedə bilərdik.
Buna oxşar əməliyyat 1992-ci ilin sentyabrında keçirilmişdi. 1992-ci ilin mayında Laçın işğal olunandan sonra Laçının Kəlbəcərlə qonşu olan şimal hissəsi Azərbaycan Ordusunun nəzarəti altında idi. Kəlbəcərdə formalaşmış qruplaşma 1992-ciilin sentyabrında Kəlbəcər istiqamətindən Laçına hücüm etmişdi. İlkin mərhələdə çox uğurlu bir əməliyyat idi. Həmin yolu, amma tərsinə – Laçından Kəlbəcərə də mən düşünürəm ki, Azərbaycan Ordusu irəliləyə bilərdi. Demirəm ki, çox tez gedərdi. Çünki ora dağlardır. Orada texnikanın da hərəkəti mürəkkəbdir, üstəlik hava soyuyub, dağlara qar yağıb. Amma üçtərəfli bəyanat imzalanmasaydı yəqin ki, Azərbayacn bu istiqamətdən gec-tez Kəlbəcəri də azad edəcəkdi. Əsas məqsəd sərhədi bağlamaqdır. Çünki Kəlbəcərin Dağlıq Qarabağ üçün əhəmiyyəti də elə bundadır. Ermənistan-Azərbaycan sərhədinin çox böyük bir hissəsi onların nəzarəti altında idi.
– Bir məsələni dəqiqləşdirək; Kəlbəcər rayonu ilə Ermənistan arasında kommunikasiya xətləri varmı? Əgər varsa, onun vəziyyəti necədir?
– Ermənilər Vardenis tərəfdən yeni bir yol açmışdılar. Hələ sovet vaxtından orada belə deyək kəndarası yollar var idi, amma Kəlbəcər işğal olunduqdan sonra onlar Vardenisdən Kəlbəcər-Ağdərə-Xankəndi asfalt yolu çəkmişdilər. Sözsüz ki, keyfiyyətinə görə Laçın yolu ilə müqayisə olunmurdu. Amma daha qısa, yəni Ermənistandan birbaşa çəkilən yol idi. İrəvandan Xankəndiyə Kəlbəcərdən keçərək gəlmək daha asan idi, nəinki Laçından. İntəhası, Laçın yolu keyfiyyətinə görə daha yaxşı idi. Vardenisdən Kəlbəcərə çəkilən yol kilometrlərlə qısadır, amma o da dağlardadır. O yolla qışda hərəkət etmək daha çətin idi. Bəzən yolu qar örtürdü. Amma istənilən halda yol var idi. Ermənilər Dağlıq Qarabağla Ermənistan arasında ikinci yolu açmışdılar.
– Azərbaycanın Kəlbəcəri müharibə yolu ilə geri qaytarması həm də itki vermək demək idi...
– Bəli. Döyüşlərin getdiyi hər gün ərzində itki verəcəkdik. Hətta döyüşlərin olmadığı günlərdə də itkilər veririk. Minalar partlayır və sair. Başa düşürük ki, itki vermək davam edə bilər. Amma bir var tək-tük itki vermək, bir də var genişmiqyaslı döyüşlər zamanı itki vermək. Beləliklə, biz o boyda ərazini faktiki bir güllə də atmadan azad etdik.
– Kəlbəcərin işğaldan azad olunmasının strateji əhəmiyyəti nədən ibarətdir?
– İstərdim ki, bu istiqamətdə düşmən tərəfinin mövqeyini səsləndirim. Adını unutduğum bir erməni hərbçisi, ehtiyatda olan general demişdi ki, Kəlbəcərsiz Dağlıq Qarabağın gələcəyi yoxdur. Yəqin ki, strateji baxımdan onun biliyi mənimkindən daha çoxdur. Onun fikrincə, Laçın dəhlizi təminat üçün yaxşı idi. Amma xəritəyə baxdıqda da görmək olar ki, yollar çətin olsa da Kəlbəcərin hesabına böyük bir əraziyə Ermənistana bitişik idi. Praktiki olaraq onları bir dövlət kimi qəbul edirdilər. Dağlıq Qarabağ, Kəlbəcər və digər işğal olunmuş ərazilər Ermənistan ərazisinin 1/3-i qədər idi. Kəlbəcəri itirmək onlar üçün yəqin ki, bir faciədir. Başa düşürlər ki, Dağlıq Qarabağdan qalma balaca hissə – Xankəndi, bir qədər Ağdərə, bir qədər Xocavənd heç nədir. Nazik bir sap – Laçın dəhlizi - onun da 5 il ömrü var. Sonra baxarıq nə olacaq.
– Kəlbəcərin boşaldılması üçün verilən möhlət sonra daha 10 gün uzadıldı. Bunu nə ilə izah etmək mümkündür?
– Vaxtilə, yəni sovet dövründə Kəlbəcərdə ermənilər yaşamırdı, amma işğal müddətində orada o qədər erməni məskunlaşdırılıb ki... Onlar ordan çıxa bilmirdilər. Məcbur olduq ki, onlara verilən möhləti noyabrın 25-dək uzadaq. Ermənilər daha rahat, aran bölgələrdə – Füzulidə, Cəbrayılda, Ağdamda ya məskunlaşmamışdılar, ya da az məskunlaşmışdılar. Başa düşürdülər ki, bu rayonları gec-tez qaytaracaqlar. Amma onların Kəlbəcəri qaytarmaq fikri yox idi. Ona görə də Kəlbəcərdə bəlkə 10 minə yaxın erməni məskunlaşdırılmışdı. Özü də yerli əhali yox, ordan-burdan gələnlər idi. Amerikadan gəlib Kəlbəcərdə restoran tikən erməni yəqin fikirləşib ki, ömrünün sonunadək burada qalacaq. Bu baxımdan ermənilər ilk növbədə Kəlbəcəri kolonizasiya etməyə, əhali ilə doldurmağa çalışırdılar.
– Maraqlıdır, həmin erməni kimdir?
– Bir neçə il öncə “Youtube”da bir video petda olmuşdu. Bir erməni yolun üstündə dayanıb, lövhədə də “Füzuli. Ağdam. Bakı” yazılıb. O da videoda deyirdi ki, baxın, Füzuli də, Ağdam da bizdədir. Bizimlə işiniz olmasın, yoxsa Bakıya da gəlib çıxacağıq. Həmin adam erməni əsilli amerikalı kinorejissordur. Sonra gəlib Kəlbəcərdə restoran tikib. O restoran yandırılan vaxt necə dayanıb ağladığını göstərirdilər. Demək, Amerikadan gəlib Kəlbəcərdə restoran tikibsə, o artıq burdan getmək niyyətində olmayıb. Deməli, bütün ölkələrdən maksimum çalışırdılar ki, erməniləri gətirsinlər, investisiya qoysunlar və sair.
– Kəlbəcər investisiya qoymaq üçün mübit bir yer hesab olunur. Bu rayonun iqtisadi perspektivini necə qiymətləndirirsiniz?
– Bəli, Kəlbəcər faydalı qazıntılarla zəngin bir rayondur. Zod tərəfdə qızılımızı da yerin altından qazıb oğurlayırlar. Kəlbəcərdə xeyli digər zəngin yataqlar da var.
Strateji baxımdan götürdükdə də Kəlbəcərin dağları Qarabağın dağlarından daha yüksəkdir. Laçından, Şuşadan daha yüksəkdir. Deməli, Kəlbəcərdən bunlar praktiki olaraq böyük bir qala yarada bilərdilər ki, biz ordan girə bilməzdik.
Ona görə də 1993-cü ilin sonu 1994-cü ilin əvvəlində də biz Kəlbəcər uğrunda mühüm əməliyyat keçirdik. Amma bu əməliyyat natamam oldu. Bir qədər irəlilədik, dayandıq. Bu dəfə də bir qədər irəlilədik. Murovu götürdük, Murovda cəmləşdik. Yolun nəzarət altına götürdük. Amma başa düşdük ki, buradan hücum etsək itkilər verəcəyik. O istiqamətdə hücum faktiki dayanmışdı. Amma daimi döyüşlər getdiyi üçün ermənilər oradan qüvvələrini götürüb cənuba ata bilmirdilər. Biz erməniləri məcbur etmişdik ki, qüvvələrini orada saxlasınlar. Bunun hesabına biz cənubdan hucuma keçib Şuşaya qədər çata bilmişdik. Bu baxımdan strateji əhəmiyyətli yoldur.
– Ermənilərin danışıqlar prosesi dövründə Kəlbəcəri qaytarmaq istəməməsi, yaxud hansısa şərtlərlə qaytarmaq istəməsi bir məqamla da özünü göstərirdi. Belə ki, danışıqlar prosesində keçmiş DQMV-dən kənarda işğal olunan 7 rayonun beşi birlikdə, Laçın və Kəlbəcər isə həmişə ayrılıqda götürülürdü...
– Laçın və Kəlbəcəri ona görə ayrılıqda götürürdülər ki, onları Ermənistanla bağlayan yollar var idi. Onların verilməsi yenə də Qarabağla Ermənistanın yollarını kəsirdi. Onlar isə bu iki rayonun hesabına Qarabağı Ermənistana bitişdirmişdilər.
– Kəlbəcərin təbii sərvətləri barədə nələri qeyd etmək mümkündür?
– Mənim bu barədə geniş biliklərim yoxdur. Bir onu bilirəm ki, hələ sovet vaxtında da oradan qızıl tapmışdılar. Sovet vaxtında müttəfiq respublikalar arasında dövlət sərhədləri yox idi. İnzibati sərhədlər mövcud idi. Texniki baxımdan Ermənistan ərazisindən qazıb qızılı çıxarmaq daha rahat idi deyə lağımı Zoddan atmışdılar. Zoddan faktiki Azərbaycan ərazisinə tunel qazıb işğal olunduqdan sonra oradan qızıl çıxarmağa başlamışdılar. İndi burada da bizi mühüm işlər gözləyir. Birincisi orada işləyən xarici kompaniyalara qarşı yəqin ki, məhkəmə iddiaları qaldırılacaq. Sonra o tuneli necəsə bağlatdırmalıyıq və öz ərazimizdən qazıb qızılı çıxarmaq üçün yəqin ki, işlər aparılmalıdır. Bunu bilirəm.
Digər tərəfdən Kəlbəcərdə N qədər, cürbəcür faydalı qazıntılar, müalicəvi mineral sular, böyük meşə sahəsi var. Tarixi abidələrlə zəngindir.
– Hipotetik olaraq düşünək: Kəlbəcər döyüşərək alsaydıq, sonra orada sabit həyat qurmaq mümkün olacaqdımı? Kəlbəcər Ermənistan ərazisindən hücuma məruz qalmayacaqdı ki?
– Dediyim kimi Kəlbəcərə erməni əhali köçürülmüşdü. Onlar dağlara çəkilə, partizan müharibəsinə başlaya bilərdilər. Bəyanat onları çıxmağa məcbur etdi. Amma istisna etmirəm ki, dağlarda xırda diversant qrupları qalıb. Yaxşı ki, qışdır, ağacların yarpaqları tökülüb. Meşədə çox da gizlənmək olmur. Amma bu iş yaya qalsaydı, yayda onları meşədə tapmaq da olmayacaqdı. Mühüm əməliyyatlar olmalı idi və hələ də itkilər ola bilərdi. Ümid edirəm ki, hamı çıxıb.
– Kəlbəcərdən çıxan ermənilərin rayonu məhv etməsi, dağıtması, evləri yandırması, hətta hərbi hissəni partlatması məsələsinə münasibətinizi bilmək istərdik...
– Burda bəzi məqamları bir-birindən ayırmalıyıq. Hərbi hissəni partlatmaq hərbi baxımdan düzgündür. Mən öz hərbi hissəmi düşmənə təhvil vermirəm və onu partladıram. Bu ayrı şeydir. Evləri yandırmaq isə adi bir şey deyil. Birincisi, inanmıram ki, bütün yandırılan evləri ermənilər özləri tikib. Azərbaycan əhalisi ordan çıxanda evlərini heç qıfıllamayıb ki, qapını sındırıb girməsinlər. Ümid edirdilər ki, bir həftəyə-on günə qayıdacaqlar. İnanmıram ki, ermənilər sağ-salamat qalmış evləri söküb, onların əvəzində özləri ev tiksinlər. Yandırılan bu evlər azərbaycanlıların 1993-cü ildən qalan evləridir. Bəlkə bir balaca təmir ediblər, hardasa hasarı düzəldiblər və sair. Çıxanda isə qapıları da, pəncərələri də söküblər. Qalanını da yandırıblar. Bu, vəhşilik sayılır və beynəlxalq konvensiyalara birbaşa ziddir. Çünki bir var mən öz evimi yandırıram ki, heç kimə qalmasın, bir də var 20-25 il əvvəl işğalçı kimi gəldiyim, yaşadığım, yararlandığım evi çıxanda yandırıram ki, düşmənə qalmasın. Bu vəhşilikdir. Özlərini qədim, sivilizasiyanı quran xalq kimi qələmə verirlər. Reallıqda isə adi vəhşilik edirlər.
– Sovet dövründə Kəlbəcər rayonunun əhalisinin etnik tərkibi barədə nələri qeyd etmək mümkündür?
– Həmin illərdə Kəlbəcərdə ermənilər yaşamırdı. Ermənilər yaşamırdı deyərkən biz erməni kəndinin olmamasını nəzərdə tuturuq. Bəlkə Kəlbəcərə rayonunda hansısa erməni çəkməçi, çilingər, santexnk işləyirdi. Bəlkə bir müəllim, yaxud feldşer göndərmişdilər, orada məskunlaşıb işləyirdilər. Bu ayrı məsələdir, amma yerli erməni əhali yox idi. Məsələn, istər Dağlıq Qarabağda, istərsə də aran Qarabağa yaxın olan erməni kəndləri var idi. Hətta qarışıq, yarısı erməni, yarısı azərbaycanlılardan ibarət kəndlər mövcud olub. Füzuli ilə Hadrut, Füzuli ilə Xocavənd arasında qarışıq kəndlər var idi. Kəlbəcərdə isə nə qarışıq kənd var idi, nə də erməni kəndi var idi. Etnik baxımdan Kəlbəcərdə Azərbaycan və kürd kəndləri var idi və bəzən qarışıq idi.