3 Dekabr 2020 19:03
1 975
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa Qarabağda həll yolu üçün deyil, həll yolunu pozmaq üçün çalışır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyində dərc olunan məqalədə bildirilib.

Yazıda qeyd edilib ki, Fransa bu ilin iyul ayında Ermənistanı Azərbaycana qarşı təxribata çəkən ən mühüm qüvvələrdən olub və sentyabrın 27-dən Ermənistanın təxribatları səbəbindən başlayan müharibə zamanı yenidən beynəlxalq hüquqa və beynəlxalq təşkilatların problemlə bağlı qərarlarına zidd hərəkət edib:

“Fransanın bu addımlarını (xüsusən də Makron hökumətinin) bu ölkədəki erməni lobbisinin təsiri ilə əlaqələndirənlər olsa da, əsas səbəblərin fərqli olduğunu təxmin etmək mümkündür. Etiraf etmək lazımdır ki, Fransanın Yaxın Şərq və Qafqazda nüfuzunun zəifləməsinə paralel olaraq, Türkiyənin bu bölgələrdə güclənməsi Parisi ciddi şəkildə narahat edir. Buna görə də, bölgədə möhkəmlənmək üçün Rusiyadan uzaqlaşan Ermənistanı tərəfinə çəkmək üçün sabotajla məşğuldur. Başqa sözlə, Fransanın pozucu siyasətinin təməlində bölgədə söz sahibi olmaq ambisiyası yatır.

Fransa müharibə əsnasında gündəmə gətirdiyi əsassız ittihamlar və müharibədən sonra Senatın beynəlxalq hüquqa qarşı qəbul etdiyi qərarlardan bu məqsədlə istifadə etməyə çalışır. Ancaq Fransanın öz hədəflərinə hansı çərçivədə çatacağı Azərbaycan, Türkiyə və Rusiyanın münaqişənin birdəfəlik həlli ilə bağlı qətiyyətindən asılı olacaq.

Olland dövründə status-kvosunu tənqid edən açıqlamalarına baxmayaraq, Fransa son 19 ildə problemin həlli deyil, həlsizliyin bir hissəsi olub. Xüsusilə Sarkozi və Makron dövürlərində öz xarici siyasət prinsiplərinə və beynəlxalq qanunlarına xəyanət etmiş kimi addımlar atmağa çalışdı”.

Məqalədə Fransanın son davranış və qərarları ilə beynəlxalq hüquqa xəyanət etdiyini bildirilib:

“Əslində Fransa və digər güclərdən gözlənilən şey beynəlxalq hüquqa hörmətlə yanaşmaq, BMT Təhlükəsizlik Şurasının Qarabağ məsələsi ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təmin etmək və bunu özləri edə bilmədikləri təqdirdə bunu etmək istəyən Azərbaycanı dəstəkləmək idi. Bunu edə bilmirlərsə, heç olmasa susmaq idi. Ancaq Fransa da bunu etmədi. Başqa sözlə, Fransa həll prosesini pozmağa çalışan bir təxribatçı rolunu oynayır, halbuki dövlət rəsmi olaraq problemin həlli ilə məşğul olan vasitəçilər sırasında idi.

“Ağızlarını bağlamaq üçün çox yaxşı bir şansı var idi, amma təəssüf ki, bu şansı qaçırdılar” - Fransa prezidenti Jak Şirak vaxtilə bu ifadələri ABŞ-ın İraqa təcavüzünü dəstəkləyən Avropa ölkələri üçün demişdi. İndiki vaxtda bu cümlə Fransanın Qarabağ problemi ilə bağlı gəldiyi vəziyyətin ən yaxşı xülasəsi kimi qəbul edilə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər