Səudiyyə Ərəbistanının ingiliscə nəşr olunan “Arabnews” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin “Azərbaycan işğaldan azad olunmuş ərazilərini bərpa edir” sərlövhəli geniş məqaləsi dərc edilib.
Teleqraf.com xəbər verir ki, məqalədə Ermənistanın 44 gün davam edən müharibədə Azərbaycanın yaşayış məntəqələrini raket atəşinə tutduğu, mülki obyektləri, evləri dağıtdığı qeyd olunur. Diqqətə çatdırılır ki, münaqişənin həlli üzrə danışıqların davam etdiyi 30 ilə yaxın müddətdə ermənilər hərbi təxribatlarını davam etdirib. Nəhayət, sentyabrın 27-də törədilən növbəti təxribatdan sonra əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu işğal altında olan torpaqları azad edib, beləliklə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib. Noyabrın 10-da imzalanmış bəyanatın şərtlərinə uyğun olaraq, Ermənistan silahlı qüvvələri daha üç rayonu qeyd-şərtsiz tərk edib.
Müəllif qeyd edir ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində ermənilər binaları, mülki obyektləri və məbədləri dağıdıb, təbii sərvətləri talan ediblər. Azıx və Tağlar mağaraları, “Qara köpək” və “Üzərlik” təpə-kurqanları kimi qədim tarixi irs nümunələri erməni vandalları tərəfindən hərbi məqsədlər üçün istifadə olunub. Azərbaycanın işğaldan azad edilmiş şəhərləri Xirosimanı xatırladır. Son məlumatlara görə, Qarabağda 67 məsciddən 63-ü vəhşicəsinə dağıdılıb, Ağdam isə kabuslar şəhərinə çevrilib. Bundan başqa, barbar ermənilər Kəlbəcər rayonunda tərk etdikləri evləri və meşələri yandırıb, mülki infrastruktura böyük zərər veriblər.
Daha sonra məqalədə Qarabağın işğalı, münaqişənin tarixi barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, Azərbaycan Ordusunun möhtəşəm qələbəsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev ermənilərin dağıtdığı ərazilərin bərpa olunacağını bəyan edib. O bildirib ki, artıq Füzuli-Şuşa avtomobil və Bərdə-Ağdam dəmir yollarının tikintisinə başlanılıb. Azərbaycan Prezidenti qısa zaman ərzində infrastrukturun, mülki obyektlərin və yaşayış binalarının bərpa ediləcəyini, məcburi köçkünlərin doğma yurdlarına qayıdacağını vurğulayıb. Dövlətimizin başçısı bəyan edib ki, Qarabağ əsl cənnət məkanına çevriləcək.