Ermənistan tərəfinin döyüş əməliyyatları zonasında apardığı axtarış əməliyyatları nəticəsində daha 6 hərbçinin cəsədinin qalıqları aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, cəsəd qalıqları Xocavənd rayonundan Çaylaqqala kəndinə gedən yolda (ermənilər "Hadrut rayonundan Xtsaberd kəndinə gedən yol" deyirlər) aşkarlanıb.
Bildirilib ki, altı hərbçinin hamısının cəsədi tanınmaz halda olub, lakin onların üzərindən şəxsiyyətlərini təsdiqləyən sənədlər aşkarlanıb.
Qeyd olunub ki, bu gün axtarış işləri Əsgəran, Xocavənd və Cəbrayılda davam etdiriləcək.
Ümumilikdə, axtarış əməliyyatının başlanmasından (13 noyabrdan) yanvarın 8-dək mülki şəxslər də daxil olmaqla 1194 cəsəd tapılıb.