Vətən müharibəsində könüllü iştirak edən, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda haqlı davamızda iki gözünü itirən və bir ayağından məhrum olan qazi Xalid Gülməmmədovla evində görüşdük.
Ürəyi Vətən sevgisi ilə döyünən Xalid Gülməmmədov torpaqlarımızın azad edilməsində əməyi olduğu üçün qürur duyduğunu bildirdi: "Müharibə başlayanda səfərbərlik üçün onlayn müraciət etdim, qəbul etmədilər. Çünki yaşım uyğun gəlmirdi, 41 yaşım var. UAZ markalı maşınımla Goranboydakı hərbi hissəyə getdim və qulluq etməyə başladım.
Ümumiyyətlə, Goranboyda hərbi hissəyə tez-tez gedirdim, komandirlər məni tanıyırdı. Hərbi hissəyə yardım aparırdım, həm də bacım oğlu orada qulluq edirdi. Elə ondan sonra işləməyə başladım. Təminatları ön cəbhəyə çatdırırdıq. Əsgər və hərbçilərə bütün ərzağı biz aparırdıq. Müharibə başlayandan 40 gün müharibədə iştirak etdim.
Vətən müharibəsində elə ilk gündən qələbə bizimlə idi. Torpaqlarımız qayıtdıqca sevinirdik. Bütün postlara təminat aparırdıq, hər şey qaydasında idi. Noyabrın 11-də, qələbədən bir gün sonra Suqovuşanda idim, posta qalxırdıq. Heç demə, şərəfsizlər mina basdırıblarmış. Qabaqda mən, arxada rəisim gəlirdi. Minaya düşdüm, baxdım ki, ölməmişəm. Üç nəfər idik, biri maşında gözləyirdi, biz iki nəfər posta gedirdik.
Minaya düşəndə düşündüm ki, şəhid olacam. Amma gördüm, davamdır, tamam yox... Oradan özümü geri çıxardım, minalı sahədən... Dostuma dedim ki, gəlməsin.Yaxşı ki, əynimdə bronjlet yox idi, ağırlıq olacaqdı, çıxa bilməyəcəkdim. Çoxlu qan itirirdim.
Minaya düşən kimi ayağım getdi, gözlərim dağıldı. Bildim ki, vəziyyət nə yerdədir... Geri çıxdım, sağ olsunlar, rəisim və gizir Əziz məni avtomobilə qoydular, qayıtdıq. Gözlərimi və ayağımı bağladılar. Üzərimə bir şey atdım ki, özlərini itirməsinlər. Onlar axıra qədər yanımda oldular və sayələrində bu gün söhbət edirəm.
Təcili tibbi yardım maşını ilə Naftalana, oradan da Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına apardılar. Gözlərimdən əməliyyat oldum, ayağım kəsildi. Sonra Bakıya qospitala gətirdilər, bir ay da orada yatdım. Hazırda plan budu ki, İsrailə gedim, çünki orada gözlərimin müalicəsi var.
Gözlərim üçün 800 min dollar lazımdır, bu məbləğin 150 mini yığılıb. Bank hesabı açılıb. Bizə blogger Elçin Lənkəranski də kömək edir, sağ olsun. Mənə böyük dəstək olur, sosial şəbəkədə görüntülər paylaşır.
Rusiyada yaşayan azərbaycanlılardan da dəstək çox gəlib. Müəyyən məbləği yığmışıq. "YAŞAT" Fonduna müraciət etmişik. Bizə cavab gəldi, bildirdilər ki, kömək ediləcək. İlk öncə dövlətin dəstəyi ilə İsrailə müalicəyə gedəcəm, sonra gözlərim əməliyyat ediləcək".
Xalid Gülmməmədov deyir ki, əməliyyatdan çıxanda həkimlərdən gözünü soruşmayıb: "Hiss etdim ki, sağ ayağım yoxdu. Sadəcə həkimlərə sual verdim ki, vəziyyətim necədi? Dedilər, yaxşıdır, sənə heç ağrıkəsici iynə də vurmamışıq. Bu günə qədər, Allaha şükürlər olsun, heç bir ağrıkəsici iynə vurdurmamışam, ağrım olmayıb. Allah mənə heç bir ağrı vermədi...
Yaramı soruşdum, dedilər ki, hər şey qaydasındadı, normaldı. Üzüntü də keçirmədim. Xəstəxanada olanda tez-tez ailəmlə, dostlarım ilə danışırdım. Normal qaydada həyatıma davam edirəm, sanki belə olmalı imiş. Elə bir çətinliyim yoxdu. Olanları çox adi qarşıladım".
Qazi torpaqlarımızın azad ediləcəyinə həmişə inandığını dedi: "Bizim hərbi hissəmiz Goranboyda yerləşirdi. Hər səhər oyananda deyirdim ki, Talış kəndinə gedəcəyik? O torpağa ayaq qoymaq, uğrunda döyüşdüyün torpağa getmək tamam başqa hissdir. Suqovuşan, Talış kəndinə gedəndə keçirdiyim hissləri dillə demək mümkün deyil. Orada gəzməsən bu hissi yaşaya bilməzsən.
Mən özüm qarabağlıyam, Cəbrayıl rayonundanam. Azərbaycanın hər guşəsini gəzmişəm, Şuşadan, Kəlbəcərdən başqa. İnşallah, qismət olsa, oranı görmək istəyərəm, əsas da Şuşanı.
Bizim əsgərlərimizin dırmaşdığı qayaları görmək istəyirəm. Onların haqqı ödənməz. Gecələr avtomobildə yatırdım, hər gün qələbə xəbərləri eşidirdik. Biz başqalarından bir az əvvəl qələbə xəbərlərini bilirdik, amma gözləyirdik ki, Prezident İlham Əliyev məlumat versin. Qələbə duyğularını orada yaşamaq tamamilə başqa hissdir. Bilirdin ki, zəhmətin, əziyyətin var. Qələbə xəbərləri gəlir, deməli, irəli gedirdik".
Xalid bəy mənfur düşmənlərimizi belə xarakterizə etdi: "Ermənilər çox şərəfsizdirlər. Təsəvvür edin ki, meyitlərini gəlib aparmırdılar, mina basdırıb gedirdilər. Meyitləri qurdlayırdı. Minalara özləri də düşürdülər".
Xalid Gülmməmədov deyir ki, ən çətin mübarizə Şuşa uğrunda olub: "Şuşada bir bomba atılmayıb, orada tarixi abidələrimiz çoxdur. Şuşa şəhəri əlbəyaxa döyüşlə alınan şəhərdir..."
Həmsöhbətimiz qazilərə öz dəstəyini də ifadə etdi: "Allaha sığınsınlar... İnsan Allaha sığınanda heç bir ağrı-acı yaşamır. Sanki belə doğulmuşam. Pis olum, niyə belə oldu və sair düşünmürəm.
Şəhidlərimin ailələrinə Allahdan səbr diləyirəm. Qazilərimiz də möhkəm olsunlar. Necə ki, birlik göstərib qələbəni qazandıq, eləcə də dövlətimiz bütün qazilərin problemini, inşallah, həll edəcək. Bizim güclü dövlətimiz var, bundan sonra heç kim bizi yıxa bilməz. Belə bir məsəl var, el bir olsa, dağ oynadar yerindən. Bir olduq, dağı yerindən oynatdıq..."
Xaliq Gülməmmədov deyir ki, üç övladı var, həyat yoldaşı və anası da onun himayəsindədir: "Şükür dolanırıq. Mən özüm işləyirdim. İnsanlarımız sağ olsunlar, dəstək olurlar. Təbii, istəyirəm ki, gözlərim açılsın. Yarımçıq qalan işlərim var. Bu yaşda belə olmağım yaxşı deyil.
Uşaqları böyütməliyəm.
Gözüm açılan kimi Şəhidlər Xiyabanına və qospitala gedəcəm. Ona qədər hamını görmüşəm, tanımışam. Amma xəstəxana elə bir yerdi ki, tanımadığın insanlar qulluğunda dururlar... Ona görə də göz əməliyyatından sonra qulluğumda durmuş həkimləri görmək istəyirəm. Onlar da bizim qədər əziyyət çəkirdilər".
Qazinin bacısı Ülviyyə Gülmməmədova deyir ki, Cəbrayılın millət vəkili Ceyhun Məmmədov qardaşına dəstək olur: "Gəlib maraqlandı. Müdafiə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, "YAŞAT" Fonduna müraciət etdi. "Azərsu"dan, Mərkəzi Bankdan gəlmişdilər, onlar da yardım göstərdilər.
Qardaşımın müalicəsinə böyük məbləğ lazımdır. İnşallah, ümid edirik ki, bu ayın axırına qədər müəyyən miqdar toplanacaq, qardaşımın gözləri əməliyyat olunacaq. Çox adam maraqlanır ki, niyə əməliyyat bu qədər bahadır? Bu, unikal texnologiya hesabına aparılan əməliyyatdı. Beyinə kamera qoyulur. Dünya üzrə çox az insanda bu əməliyyat baş tutub. Onlar ağ-qara görürlər.
Ona görə də əməliyyat bahadır. Həm də mütəxəssisin biri İngiltərədə yaşayır, o, İsrailə gəlməlidir. Bu əməliyyatın adı "kiber göz" əməliyyatıdı. Qardaşımda alınsa, o, dünyada bu cür əməliyyat edilən üçüncü adam olacaq".
Ülviyyə xanım doğulduğu Cəbrayıl rayonuna köçmək arzusunu da dilə gətirdi: "Bizim çox böyük arzularımız vardı. 27 ildi Bakıda yaşayırıq. Zəhmətlə hər kəs özünə bir güzəran qurub. Amma heç vaxt burada daimi yaşayacağımızı düşünməmişik. Fikirləşmişik ki, Qarabağ, Cəbrayıl alınsın, öz torpaqlarımıza qayıdaq.
İndi gözləyirik ki, torpaqlarımız minalardan təmizlənsin, ailəlikcə Cəbrayıla köçək. Orada quraq, yaradaq.
Allah bütün qazilərimizə kömək etsin. Çox istəyirik ki, qardaşımın görmə qabiliyyəti bərpa olunsun, özünü idarə eləsin, uşaqlarının böyüməsini və uğrunda savaşdığı torpaqları öz gözü ilə görsün. Ölkəmizdə qardaşım kimi bir neçə qazi var. Qardaşımın gözü əməliyyat edilsə, onlara da ümid işığı olar. Əlsiz-ayaqsız yaşamaq olar, protezlə onu əvəz edirsən. Amma gözsüz yaşamaq çox çətindi".
Qeyd: Xalid Gülmməmədovun müalicəsi üçün bank hesabı açılıb.
Bank hesabını təqdim edirik:
Foto: Ceyhun Rəhimov