26 Yanvar 2021 11:07
9 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə Şuşaya gedən Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Fərhad müəllim, Şuşaya sonuncu dəfə 1982-ci ildə atanız Şəmsi Bədəlbəyli ilə getmisiniz. Bu dəfə isə Polad Bülbüloğlu ilə doğma şəhərə ayaq basdınız. Hansı hissləri keçirirsiniz?

- Mənim 73 yaşım var və məndən soruşsanız ki, ən xoşbəxt gününüz hansıdır? Cavab verərdim ki, Şuşaya getdiyimiz gün. Atamla Şuşaya gedəndə qar yağırdı, Vaqifin məqbərəsinin açılışında idik. Şuşa qarın altında idi, elə bil, nağıllar aləmindəydik.

Bu dəfə də Şuşa bizi qarla qarşıladı. Bir arzum var idi, Şuşa qalasına gedim və onun önündə diz çöküb üzr istəyim ki, 30 il düşmən tapdağında qaldın. Sən düşmənim altında nələr çəkdin.

Orada bir əsgər var idi. Mən üzr istəyərkən dedi ki, ağsaqqal neynirsiniz?! Şuşadan özüm və millətimin adından üzr istədim. Əsgərə dedim ki, anana deyərsən, sənin kimi oğlan yetişdirdiyi üçün əllərindən öpürəm.

Cıdır düzündə olarkən qayalara baxdım ki, əsgərlərimiz necə çıxıblar. Avtomat, minomyot altında dağlara necə qalxıblar? Bunu Allahdan gələn bir qüvvə ilə ediblər. Bu anlar çox gözəl və unudulmaz idi, əsgərlərlə bir yerdə çörək yedik. Mən düşünürəm ki, əsgərlərimiz əfsanəvi bir qəhrəmanlıq göstəriblər. Onların qarşısında baş əyirəm.

Amerikaya qastrol səfərlərə gedən zaman bizə guya təbrik etmək üçün ermənilər yaxınlaşırdılar. Özümü çox pis hiss edirdim. İndi mən çox istəyirəm ki, xarici ölkəyə gedim və onların gözlərinin içinə baxım.

- Şuşada öncə Polad Bülbüloğlunun evinə getdiniz...

- Bəli, Bülbül əminin evinə getdik. Polad Bülbüloğlu orada oxudu.

Gecə saat 5 -də görüşdük və yola düşdük. Səhər saat 11-də Şuşaya çatdıq, Polad mahnı oxudu. Bu, bir möcüzə idi. Doğma torpaqda olmaq böyük qüvvədir. Şuşamızla bağlı planlarımız var. Dirçəliş, quruculuq vaxtıdır. Şuşanın qədim görünüşünü bərpa etmək lazımdır. Yəqin ki, "Xuruşşovka" binaları söküləcək və şəhərin qədim ab-havası bərpa ediləcək. Şuşanı muzey şəhəri kimi etmək lazımdır. Memarlardan çox şey asılıdır.

Təbii ki, böyük binalar hər yerdə var, bunu nəzərə almaq olar. Musiqi festivalları təşkil edəcəyik. Eləcə də musiqi məktəbi tikəcəyik. Bu məsələdə türk qardaşlarımızdan da dəstək gəldi.

Milliyyəətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Şuşada öz hesablarına Üzeyir Hacıbəyli adına məktəb tikilməsi ilə bağlı açıqlamalar verdi. Mən xoşbəxtəm ki, 73 yaşımda Şuşada oldum. Bakı Musiqi Akademiyasının müəllimləri ilə hamımız Şuşada qulluq edəcəyik. İstedadlı tələbələrimizə mən özüm də dərs keçəcəm, xoşbəxt, azad Şuşada.

- Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün büstləri Şuşaya qaytarıldı. Siz də Şuşada onları ziyarət etdiniz.

- Biz hər il sentyabrın 18-də Bakı Musiqi Akademiyasında çıxış edərkən deyirdik ki, gün gələcək bu özəl günü Şuşada qeyd edəcəyik. Biz buna inanırdıq. Düşünürdük ki, Şuşamız ermənilərdə qala bilməz.

Muzeyə gedərkən Üzeyir Hacıbəylinin heykəlini öpüb deyirdim ki, darıxma, yenə Şuşada olacaqsan. Yenə Üzeyir Hacıbəylinin heykəlini öpdüm, bu dəfə Şuşada. Uşaqlıqdan Bülbül əmini çox sevirdim. Bülbül əmi Moskvaya gedərkən şokaladlar gətirirdi və mütləq bizə də verirdi. Çox səmimi insan idi.

Torpaqlarımızın azad edilməsi üçün cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Nəslimiz Şuşanı qoruyacaq və qorumalıdırlar. Şuşaya Polad Bülbüloğlu ilə 2007-ci ildə getmişdik. Guya erməni ziyalıları ilə sülh danışıqları olmalı idi. Təbii ki, bu layihə alınmadı.

O zaman Şuşaya gedəndə ağladım, Bülbülün evini bərbad halda görərkən çox kədərləndim. Amma Polad Bülbüloğlu dedi ki, ağlama, gün gələcək Şuşa yenidən bizim olacaq. Belə də oldu. Mən göz yaşlarımdan utanmıram. Ona görə ağlayırdım ki, Şuşa düşmənlərin əlində idi. Amma indi Şuşaya Poladla qalib kimi getdim, güldük, oxuduq.

- Prezident İlham Əliyev Polad Bülbüloğluna tapşırıq verdi ki, Bülbülün ev muzeyi bərpa edilsin...

- Bəli, Polad Bülbüloğlu evini təmir elətdirəcək. Təbii ki, can-başla edəcək... Bizimlə birlikdə Şuşaya memar da getmişdi. Bülbülün Ev muzeyi necə olmalıdır, necə təmir edilməlidir, orada hansı işləri görmək lazımdır və sair planlaşdırıldı. Artıq təmir işləri başlayıb.

















Müəllif: Rəqsanə Həsənova