28 Yanvar 2021 18:40
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad olunmuş ərazilərimizdə yeni mülki idarəetmənin tətbiqi olduqca əlamətdar hadisədir. Bu vaxta qədər ayrı-ayrı güc strukturlarının nümayəndələri azad olunmuş ərazilərimizdə fəaliyyətə başlasalar da, mülki idarəetmənin forması və funksiyası müəyyən edilməmişdi.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev hələ əvvəlki çıxışlarında bu mövzu ilə bağlı danışarkən “işğaldan azad edilmiş ərazilərimizdə elə idarəetmə forması tətbiq ediləcək ki, o gələcəkdə digər ərazilərimiz üçün də model təşkil etsin” demişdi:

“Ona görə də Şuşaya Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi əslində həm də ölkəmizdə yeni idarəetmə institutunun yaradılması kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev tətbiq edilən yeni formanı prezidentin xüsusi nümayəndəsi institutu adlandırdı. Yeni yaradılan idarəetmə institutu şaquli və birbaşa tabeçiliyə əsaslanır və olduqca çevik və səmərəli idarəetmə forması hesab edilə bilər. Çünki yeni forma dövlət bürokratiyasından kənar birbaşa tabeçilik əsasında həyata keçiriləcək. Bu isə vəzifə və tapşırıqların daha sürətlə və çevik şəkildə yerinə yetirilməsini təmin edəcək”.

Hikmət Babaoğlu qeyd edib ki, hazırda Azərbaycanın tarixi böyük qayıdış planı kimi bir planı var və o artıq icra edilməkdədir:

“2021-ci ilin büdcəsində bu qayıdışın infrastrukturunun və ilkin məskunlaşma şərtlərinin təmin edilməsi üçün 2,2 milyard manat maliyyə vəsaiti ayrılıb. Sürətli və səmərəli qayıdışın təmin edilməsi də paralel olaraq sürətli, çevik və şəffaf idarəetmə tələb edir. Yeni idarəetmə forması həm də öz funksionallığı ilə bu vəzifənin öhdəsindən gələcək”.

Millət vəkili bildirib ki, Şuşaya xüsusi nümayəndəsini təyin edən Azərbaycan Prezidenti onun qarşısında mühüm vəzifələr də qoyub:

“Bu, hər şeydən öncə Şuşa şəhərinin tarixi görkəminin, tarixi, mədəni və dini abidələrimizin bərpa olunması, ənənəvi festivalların və poeziya günlərinin keçirilməsi, Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş şəhərin bütün infrastrukturunun modern əsaslarda yenidən qurulması və sair mühüm işlərlə bağlı idi. Ona görə də bəri başdan söyləmək mümkündür ki, Şuşada tətbiq edilən yeni idarəetmə forması və orada görülcək işər işğaldan azad edilmiş digər rayon və şəhərlərimizə də tətbiq edilməklə nümunəvi model rolunu oynayacaq”.


Müəllif: Sәxavәt Hәmid

Oxşar xəbərlər