9 Mart 2021 20:39
1 503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan məqalə yazıb.

Teleqraf.com xəbər verir ki, V.Oskanyan çoxillik diplomatik təcrübəsinə (V.Oskanyan 1998-2008-ci illərdə Ermənstanın xarici işlər naziri olub-S.Həmid) istinad edərək izah etməyə çalışır ki, beynəlxalq ictimaiyyətdə formalaşan stereotipləri gələcəkdə qırmaq çətin olur.

“O zaman da belə idi. Həmin vaxt Ermənistan daha əlverişli mövqedə idi, amma bu gün müharibədəki məğlubiyyəti nəzərə alaraq yaranan yeni stereotipləri qırmaq daha çətin olacaq”, – deyə V.Oskanyan yazır.

Yaranan yeni "stereotiplər" sırasında Vardan Oskanyan bunların adını çəkib:

1) Dağlıq Qarabağ məsələsi həll edildi;

2) Qarabağ ermənilərin yaşadığı Azərbaycan ərazisidir və onların insan haqlarının qorunması ilə bağlı məsələlər dinlənilə bilər;

3) gələcəyə baxmağın vaxtı yetişdi.

V.Oskanyanın fikrincə, Ermənistan diplomatik baxımdan Dağlıq Qarabağla bağlı mövqeyini aşağıdakı kimi aydınlaşdırmalıdır:

1. Noyabrın 9-da imzalanan döyüş əməliyyatlarının dayandırılması barədə razılaşma Ermənistanın arzu və istəyini əks etdirmir, hərbi güc tətbiq olunması ilə yaranan vəziyyətin nəticəsidir.

2. Hərbi əməliyyatın nəticəsinə əsaslanan status-kvo heç vaxt bölgədə uzunmüddətli sülh üçün əsas ola bilməz.

3. Ermənistan tərəfi heç vaxt özünə aid olmayan torpaqlara iddia etməyib və iddia etmir, ancaq özünə məxsus olanı qoruyacaqdır.

4. "Dağlıq Qarabağ xalqı"nın öz torpaqlarında suverenlik hüququnun realizasiyası Ermənistanın xarici siyasətinin əsas vəzifəsi olaraq qalacaqdır.

V.Oskanyan diplomatik, hərbi və beynəlxalq hüquq sahəsində atılmalı olan konkret addımları təklif edib:

“Əgər biz rəqiblərimizin, dostlarımızın və qonşularımızın, eləcə də beynəlxalq ictimaiyyətin bizi dinləmələrini, hörmət etmələrini, regional oyunçu kimi qəbul edilməyimizi istəyiriksə, bu üç istiqamətdə təxirə salınmadan, nəticəyə yönəlik fəaliyyət göstərməyə başlamalıyıq. Üstəlik, əgər bu daxili inad və xarici fəaliyyətsizlik davam edərsə, mən dərindən inanıram ki, çox da uzaq olmayan gələcəkdə Qarabağın qalan hissəsinin məskunlaşdırılması, ermənilərin Sünik mərzindən (vilayətindən) qovulması və hətta itkisi də təhdid edir”.


Müəllif: Səxavət Həmid