16 Mart 2021 09:27
3 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üzərindən məxfilik qrifi götürülən sənədlər təkcə keçmiş hadisələrə aydınlıq gətirmir, həm də mühüm siyasi mövzuların müzakirə olunduğu tarixi konteksti bərpa etməyə kömək edir.

Teleqraf.com-un bu istiqamətdə növbəti yazısı ABŞ-ın 42-сi prezidenti Bill Klintonun kitabxanası tərəfindən bir müddət əvvəl ictimailəşdirilən sənədlərdən birinə həsr edilib. Beləliklə, mövzuya keçid alaq.

20 may 1994-cü ildə Moskvada yeni müstəqil dövlətlərdə regional məsələlər üzrə koordinatorlar – Ağ Evin Dağlıq Qarabağ üzrə xüsusi danışıqçısı, səfir Cozef Presel və Rusiya Federasiyası Sərhəd Qoşunlarının Baş komandanı (həmin ilin dekabrında Rusiya Federasiyasının Federal Sərhəd Xidməti yaradılıb və A.Nikolayev onun ilk direktoru təyin edilib-S.Həmid), general-polkovnik Andrey Nikolayev arasında görüş keçirilib. Görüşlə bağlı hesabat ABŞ-ın Moskvadakı səfirliyi tərəfindən hazırlanıb. Görüşün Ermənistanla Azərbaycan arasında 12 may 1994-cü ildə Bişkekdə imzalanmış atəşkəslə bağlı protokoldan 8 gün sonra baş tutması diqqət çəkir, lakin iştirakçılar münaqişə barədə elə danışırlar ki, sanki o davam edir.

Cozef Presel hesabatda Dağlıq Qarabağdakı vəziyyəti Abxaziyadakı vəziyyətlə müqayisədə daha mürəkkəb adlandırır. Deyir ki, əgər Gürcüstan Prezidenti Eduard Şevardnadze könülsüz də olsa, MDB kontingentini qəbul etməyə razılıq vermişdisə, Azərbaycan lideri Heydər Əliyev qəti şəkildə Rusiya qüvvələrinin Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatda iştirakına qarşıdır. Amerikalı diplomatın fikrincə, Prezident Heydər Əliyev ATƏM-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi, daha sonra ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) planına ümid bəsləyir, buna görə də rusiyalı həmsədr Vladimir Kazimirovun təklif etdiyi planı imzalamaq istəmir.

Daha sonra C.Presel hesabatda görüşdə danışılanları əks etdirir. Yazır ki, o, Rusiya kontingentinin Dağlıq Qarabağda və Gürcüstanda eyni vaxtda peyda olmasının Qərbdə ciddi qayğılara səbəb olacağı barədə həmsöhbətinə xəbərdarlıq edir. Nikolayevin ATƏM-in Dağlıq Qarabağa kontingent göndərməyə hazır olub-olmadığı barədə verdiyi suala Presel təsdiqləyici cavab verir: saziş imzalandıqdan sonrakı 3 gün ərzində ATƏM 36 müşahidəçi göndərə bilər, bir həftə ərzində isə onların sayı 70-ə çata bilər...

Andrey Nikolayev öz növbəsində qeyd edir ki, ATƏM sülhün dəstəklənməsini (peacekeeping) bəyan edir, halbuki Dağlıq Qarabağda sülh yaradıcılığına (peacemaking) ehtiyac duyulur. Əvvəlcə regionda sülh bərqərar olmalıdır, yalnız bundan sonra sülhün təmin olunmasını müşahidə etmək üçün ora beynəlxalq müşahidəçilər göndərilə bilər. Nikolayev deyir ki, Azərbaycan istisna olmaqla bütün tərəflər Rusiyanın sülhməramlı qüvvələrini qəbul etməyə razıdır. Bununla belə Nikolayev Moskvanın ATƏM-in Dağlıq Qarabağda mövcudluğuna qarşı olmadığını vurğulayır.

Preselin ATƏM-in Dağlıq Qarabağda mövcudluğunun Moskva üçün məqbul olub-olmadığına dair sualına cavab olaraq Nikolayev deyir ki, nizamlanmada aparıcı rol lazımi ayırıcılıq qüvvələrini təmin edənlərin üzərində qalır və bu, yalnız Rusiya ola bilər. Nikolayevin sözlərinə görə, Preselin xatırlatdığı 36 ATƏM müşahidəçisi bu işi təkbaşına yerinə yetirməyi, sadəcə, bacara bilməzlər, Rusiya isə Dağlıq Qarabağda qan tökülməsinin dayandırılması üçün səbr edə bilməz. Nikolayevin fikrincə, ATƏM-in müşahidəçiləri Rusiyanın ayırıcılıq qüvvələrini yalnız sayı Preselin qeyd etdiyi saydan iki-üç dəfə çox olduğu zaman əvəz etməyi bacara bilər. Nikolayev, həmçinin, beynəlxalq ictimaiyyətin “Kazimirov planı”ndan yaxşı bir şey təklif etmədiyini də qeyd edib.

Presel bildirir ki, Moskvanın Dağlıq Qarabağdakı hərəkətləri ikitərəfli münasibətlərə, eləcə də Rusiyanın beynəlxalq aləmdəki mövqelərinə təsir edəcək. Nikolayev Rusiyanın tənqidləri qəbul etməyə hazır olduğunu qeyd edir və əks sual verir: Rusiyanı tənqid edən dünya ictimaiyyətinin nümayəndələri qan tökülməsini dayandırmaq yükünü öz üzərlərinə götürməyə hazırdırlarmı?

Qeyd: Bu söhbətdən üç il sonra Andrey Nikolayev Rusiya Federasiyası Federal Sərhəd Xidmətinin direktoru vəzifəsindən azad edildi. Səbəb onun Rusiya Prezidenti Boris Yeltsinlə olan qarşıdurması idi. 1997-ci ilin dekabrında Nikolayevin göstərişi ilə Gürcüstandan araq qaçaqmalçılığının qarşısını almaq üçün Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsi Gürcüstanın nəzarət-buraxılış məntəqəsinə doğru irəli çəkilir. Nəticədə iki ölkə arasında konflikt yaranır, Yeltsin nəzarət-buraxılış məntəqəsinin əvvəlki yerinə qaytarılmasını tələb edir. Nikolayev isə bu əmri yerinə yetirməkdən imtina və istefa ərizəsi yazmalı olur. Ərizə qəbul olunur. O, 1998-ci ilin iyununda hərbi xidmətdən ehtiyata buraxılır.

Cozef Presel diplomatik xidmətə 1963-cü ildə qəbul olunub və Rusiya, çoxtərəfli diplomatiya və hərbi-siyasi məsələlər üzrə ixtisaslaşıb. Türkiyədə, Fransada, Moskvada, Belqradda (missiya başçısının müavini kimi) və Vyanada yerləşən Silahlara Nəzarət üzrə Agentlikdə iki dəfə ABŞ missiyası başçısının müavini işləyib.

C.Presel 1993-cü ildən yeni müstəqil dövlətlər üzrə regional koordinator vəzifəsində çalışıb, 1994-cü ildən isə səfir rütbəsində Dağlıq Qarabağ üçün xüsusi danışıqçı olub.

10 noyabr 1997-ci ildə ABŞ Prezidenti Bill Klinton onu Özbəkistan Respublikasında səfir təyin edib. Presel həmin ilin dekabrın 3-də etimadnaməsini Prezident İslam Kərimova təqdim edib. O, bu vəzifədə 3 il çalışıb və 21 oktyabr 2000-ci ildə Daşkəndi tərk edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər