Türkiyə pilotsuz uçan aparatlarının (PUA) Azərbaycandakı uğurları Almaniya ordusunu hərəkətə keçməyə məcbur edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan “Frankfurt Allgemeine Zeitung” qəzetində dərc edilmiş məqalədə bildirilib.
Nəşrin məlumatına görə, Müdafiə Nazirliyi alman ordusunun hava hücumundan müdafiə sistemlərinin PUA-ların qarşısını almaq üçün yetərli olmadığını etiraf edib.
Müdafiə naziri Anneqret Kramp-Karrenbauerin bu problemi aradan qaldırmaq üçün hava hücumundan müdafiə sistemlərinin bütöv şəkildə yenidən qurulması üçün bəzi təkliflər hazırladığı deyilib.
“İndi dron hücumları təhlükəsi səbəbindən təcili olaraq hava hücumundan müdafiə sistemi dəyişdirməlidir. Silahlı qüvvələr mükəmməl vəziyyətdə deyil. Ancaq alman ordusunun dron hücumlarına qarşı demək olar ki, zəif olduğunu etiraf etmələri əsl sürprizdir”, - məqalədə qeyd olunub.
Alman nəşri bildirib ki, Azərbaycan ordusu müharibədə İsrail və Türkiyə tərəfindən istehsal olunan PUA-larla Ermənistanın 190-dan çox tank və zirehli texnikasını məhv edib: “Bu hücumların qarşısında müdafiəsiz olduqları üçün ermənilərin bütün psixologiyaları pozuldu”.
Almaniya Müdafiə Nazirliyinin hazırda müdafiə sistemlərini gücləndirmək üçün 13 milyard avroluq büdcə ayırdığı deyilib.