13 Aprel 2021 08:25
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov bu ölkənin nüfuzlu ABC radiosuna işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın apardığı yenidənqurma işləri və məcburi köçkünlərimizin geri qayıtması üçün mövcud olan maneələr haqda müsahibə verib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, müsahibədə ilk olaraq, Azərbaycan Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatları nəticəsində Ermənistanın hərbi işğalında olan ərazilərimizin böyük hissəsinin azad edildiyi, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış atəşkəs razılaşmasına əsasən, Ermənistanın öz silahlı qüvvələrini digər ərazilərimizdən çıxarması, bölgədə Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi və burada atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya ortaq monitorinq mərkəzinin yaradıldığı məlumat verilib.

Proqramda məcburi köçkünlərin öz evlərinə qayıtmasının hazırda Azərbaycan hökumətinin ən vacib prioritetlərindən biri olduğu bildirilib və bu məqsədlə bölgədə geniş miqyaslı bərpa, yenidənqurma işlərinə, bu xüsusda avtomobil yolları, hava limanları və digər infrastruktur layihələrinin inşasına başlandığı qeyd olunub.

Eyni zamanda, Ermənistanın vaxtilə işğalda saxladığı ərazilərimizdə kütləvi minalama işləri apardığı, Azərbaycanın burada son bir neçə ayda yüzlərlə kilometr boyu xeyli sayda mina zərərsizləşdirdiyinə baxmayaraq, mütəmadi mina partlayışlarının bölgədəki hərbçilər və mülki vətəndaşlarımız arasında çoxsaylı itkilərə səbəb olduğu, Ermənistan tərəfinin hazırda öz beynəlxalq öhdəliklərinə zidd olaraq bu minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyi və nəticədə buradakı insanların həyatının daim təhlükədə olduğu, eləcə də bölgədə yenidənqurma işlərinin aparılmasına ciddi əngəl yarandığı deyilib.

Sonda Meksikanın Azərbaycan-Ermənistan münaqişəsi davam etdiyi müddətdə hər zaman beynəlxaq hüquqa və müvafiq BMT qətnamələrinə tərəfdar olduğu üçün Meksika tərəfinə təşəkkür ifadə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər