“İşğaldan azad olunmuş torpaqlarda aparılan intensiv infrastruktur işləri qarşıdan gələn 3 il ərzində tamamlanacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, böyük qayıdışın nə zaman reallaşacağı torpaqlarımız işğaldan azad olunandan sonra daha çox səslənən suallardandır: “Prezident İlham Əliyev bildirib ki, növbəti 3 il ərzində bütün əsas infrastruktur layihələri - dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələri başa çatdırılacaq və tikinti işlərinin fəal fazasında olacağıq.
Deməli, hazırda intensiv şəkildə aparılan infrastruktur işləri qarşıdan gələn 3 il ərzində tamamlanacaq. İşğaldan azad olunan bütün torpaqlarımız bu müddətdə beynəlxalq standartlara uyğun infrastruktur, o cümlədən əsas kommunal xidmətlər şəbəkəsi ilə təmin olunacaq. Eyni zamanda, qurulacaq bütün şəhər və kəndlərin bərpası üçün zəruri master-planlar hazırlanacaq. Artıq bu istiqamətdə də real addımlar atılmağa başlanılıb”.
Vüqar Bayramov qənaətincə, həmin müddətdə Zəngəzur dəhlizinin də istifadəyə hazır olacağı gözlənilir: “Sözügedən dövrdə bu istiqamətdə Azərbaycan daxili bütün nəqliyyat və logistik infrastruktur tamamlanacaq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Ermənistan tərəfindən süni maneələr yaradılmadığı təqdirdə Mehri bölgəsindən keçən 40 kilometrlik yolun inşası da bundan çox vaxt apara bilməz.
Beləliklə, 4 mərhələli Qayıdış Planının ilkin mərhələləri üçün yol-xəritəsinin detalları bəllidir. Bundan sonra isə məhz məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması reallaşacaq”.