8 May 2021 01:16
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 7-də "Azərsu" ASC-nin təşkilatçılığı ilə bir qrup media nümayəndəsi Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib.

Teleqraf.com xəbər verir ki, səfərin məqsədi su təsərrüfatı ilə əlaqədar görülən işlərlə tanışlıq olub.

Keçən il işğaldan azad edilən Hadrut qəsəbəsində olan hərbçilərimizin su təchizatında müəyyən problemlər yaranmışdı. Lakin ötən ilin 10 noyabr tarixində imzalanan üçtərəfli sazişdən sonra “Azərsu” ASC-nin mütəxəssisləri ərazidəki vəziyyəti qiymətləndirmək üçün Hadruta ezam olunub.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılı media nümayəndələrinə məlumat verərək bildirib ki, Hadrut qəsəbəsinin suyu əsasən bulaqlar vasitəsilə təmin edilirdi. Bulaqlardan su gəlmədiyi üçün təhlükəsizlik məqsədilə ilkin olaraq generatorlar vasitəsilə artezian quyuları işə salındı. Bununla da Hadrutda olan şəxsi heyətin su təchizatı təmin edildi.

O qeyd edib ki, daha sonra Müdafiə Nazirliyinin xüsusi nümayəndələri ilə birlikdə mənbəyə baxış keçirilib və orada təmizləmə işləri aparılıb. Anbarlar əlaqələndirilib, su nümunələri götürülərək yoxlanılıb. Bundan sonra Hadrut qəsəbəsinin fasiləsiz su təchizatı təmin edilib. Hazırda qəsəbədə olan hərbi hospital və mülki binalar "Azərsu" ASC tərəfindən 24 saat fasiləsiz su ilə təmin olunur.

"Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda mövcud şəbəkələrin istismarı ilə bağlı fasiləsiz xidmət təşkil olunub. Ötən müddətdə biz Hadrutda su ilə bağlı 30-dan çox qəza aradan qaldırılıb. Yeni məskunlaşma olan və hərbçilərin yaşadığı binalarda təftiş aparılıb. Qış aylarında donmaların olmaması üçün tədbirlər görülüb", - deyə A.Cəbrayıllı əlavə edib.

Daha sonra media nümayəndələri Hadrut qəsəbəsini içməli su ilə təmin edən əsas anbarla və anbarlara suyun ötürüldüyü subartezian quyuları ilə tanış olublar.

İşğaldan azad olunmuş ərazilərdə "Azərsu" ASC-nin işçi qrupunun rəhbəri Müşviq Adıgözəlov bildirib ki, Hadrut qəsəbəsində 5 su anbarı mövcuddur. Əsas su anbarından digər 4 anbara su nəql olunur. Qəsəbə işğaldan azad edildikdən sonra təftiş olunub və mövcud su təchizatı sistemi tam istismar edilir.

Onun sözlərinə görə, suyun keyfiyyətinin yoxlanılması ilə əlaqədar "Azərsu" ASC-nin laboratoriyası mütəmadi olaraq analizlər aparır. Suyun keyfiyyəti nəzarətdə saxlanılır və su içməyə tam yararlıdır.

"Hadrut qəsəbəsində əsas anbara iki mənbədən su daxil olur. Bunlardan biri dağda bulaqlardan formalaşmış çay vasitəsilə sugötürücü qurğuda 5,5 kilometr uzunluğunda 219 millimetr polad magistral su kəməri ilə suyu nəql edən mənbədir. Digəri isə iki ədəd subartezian quyusudur. Bu quyular Hadrut qəsəbəsi daxilindədir. Bu quyulardan da əsas anbarlara su nəql edilir. Anbarlar qəsəbəni tam şəkildə su ilə təmin edir. Su təminatı ilə bağlı hansısa çətinlik yoxdur", - deyə işçi qrupunun rəhbəri vurğulayıb.

Qeyd edək ki, hazırda Hadrut qəsəbəsində 2000-dən çox obyektin şəbəkədən su ilə təmini mümkündür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər