8 May 2021 20:13
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşanın mədəniyyət paytaxtı elan olunması ilə bağlı sərəncam özündə mühüm mesajları ehtiva edir. Şuşa şəhərinin mədəniyyət paytaxtı elan ediləcəyi anonsunu prezident hələ bir müddət əvvəl yeni təyin edilmiş mədəniyyət naziri ilə görüşdə vermişdi və dünənki sərəncamla bunu rəsmiləşdirdi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Şuşanın mədəniyyət paytaxtı elan olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Şuşa istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanlarından dolayı Azərbaycan dövləti üçün olduqca strateji əhəmiyyətə malikdir:

"Çünki Şuşa təkcə coğrafi baxımdan Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb etmir, həm də Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi yerdir.

Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət mərkəzi, Qafqazın konservatoriyası olub. İşğal nəticəsində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılıb, məbədgah və məscidlər təhqir edilib, çox sayda nadir əlyazma nümunələri məhv edilib, 20 kitabxana yandırılıb.

Sadaladığım bu rəqəmlər özü də Şuşanın Azərbaycan mədəniyyətinin beşiyi olduğunu təsdiqləyir".

Politoloq bildirib ki, Prezidentin sərəncamı Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir: "Sərəncamın imzalanma tarixi kimi məhz 7 may tarixinin seçilməsi isə özündə mühüm mesajları ehtiva edir. Şuşa 1992-ci il mayın 8-də işğal olunmuşdu.

Ermənilər sonradan hər il həmin günü qələbə bayramı kimi qeyd edir, dünyanın müxtəlif yerlərində yaşayan ermənilər həmin gün fərqli tədbirlərlə işğala beynəlxalq dəstək qazanmağa çalışır, şəhərin adını da təhrif edərək “Şuşi” kimi təqdim edirdilər. 1992-ci ildən sonra hər il mayın 8-ni bayram edən Ermənistan 29 il sonra bu tarixi Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması faktı ilə qarşılamağa məhkumdur.

Sərəncamla həm də dünya erməniliyinə mesaj verilir ki, “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq. Sərəncamın 7 may tarixində imzalanmasındakı digər bir səbəb da Türkiyə Prezidentinin Azərbaycana gəlişindən əvvəl şəhərin statusunun rəsmiləşməsi, liderlərin səfəri haqda informasiyalarda dünyanın diqqətini Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olmasına yönəlməkdən ibarətdir".

Politoloq hesab edir ki, indi qarşıda duran ən böyük vəzifə Şuşanın bərpası ilə bağlıdır: "Tamamilə əminəm ki, qısa müddət ərzində Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Bunu hal-hazırda Şuşada həyata keçirilən işlər də sübut edir. Artıq Vaqifin məqbərəsi Heydər Əliyev Fondunun vəsaiti hesabına, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bərpa edilir, Şuşa şəhərinin rəsm qalereyasının bərpası istiqamətində addımlar atılır. Ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilmiş “Qarabağ” mehmanxanasının, Şuşa Xalça Muzeyi bərpası istiqamətində işlər gedir.

Şuşa şəhərində yerləşən keçmiş sanatoriyanın yenidənqurmadan sonra artıq bu il Parkın otel kimi istifadəyə veriləcəyi bildirilir. Göründüyü kimi bərpa təkcə evlərin tikintisi və infrastrukturun yaradılmasını əhatə etmir, həm də sözün əsl mənasında şəhərin mədəniyyət paytaxtına layiq görkəminin təmin olunması üçün fəaliyyəti də əhatə edir.

Bərpa işləri ilə yanaşı Şuşanın bütün dünyaya tanıdılması istiqamətində də müəyyən işlər görülür. Belə ki, əvvəlcədən də anons edildiyi kimi, mədəniyyət paytaxtımız Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

İndi isə 32 ildən sonra keçiriləcək “Xarıbülbül” festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Əminəm ki, Şuşada keçiriləcək bu cür musiqi festivalları və digər beynəlxalq səviyyəli mədəni tədbirlərin sayı hər keçən il artacaq və Şuşanın mədəniyyət mərkəzi kimi bütün dünyada tanınmasına nail olunacaq”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər