Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 32 illik fasilədən sonra yenidən “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Şəhidlərimizin əziz xatirəsinə həsr olunan festivalın ilk günündə - mayın 12-də ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Festivalın belə mövzuya həsr olunması ölkəmizdə multikultural dəyərlərə verilən önəmin daha bir ifadəsi idi.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O deyib ki, ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın milliyyətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırıb:
“Festivalın açılışındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bu mesajın əhəmiyyətini xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki “Xaribülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi. Ramazan bayramına təsadüf edən bu festivalda Şuşada azanın verilməsi, bayram namazının qılınması, yeni məscidin təməlinin qoyulması, “Xan qızı Natəvan” bulağından suyun gəlməsi Şuşa şəhərinin ruhunun, tarixi kimliyinin bərpası idi”.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin göstərişi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” musiqi festivalı qazanılmış böyük zəfərin region üçün əhəmiyyətini bir daha göstərib, mövcud olan yeni reallığı nümayiş etdirdi, Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyini sübut edib: “Erməni vandallarından fərqli olaraq Azərbaycanın mədəniyyətə, tarixə, dinə, milli-mənəvi dəyərlərə verdiyi qiyməti əyani nümayiş etdirdi”.