29 May 2021 09:05
4 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Sevinc xanım, bu günlərdə Şuşada keçirilən "Xarıbülbül" festivalında iştirak etdiniz. Möhtəşəm tədbirin canlı şahidi kimi sizdən həm Şuşanı, həm də təəssüratlarınızı soruşmaq istəyirəm.

- Məlum olanda ki, Şuşaya gədəcəm, neçə gün həyəcan, qürur, kədər içində qaldım. Düşünürdüm ki, qayaları dəlib keçən, qəhrəmanlıq yaradan insanların qanı tökülmüş o torpaqlardan necə keçib gedəcəm?! Getməzdən iki-üç gün əvvəl Şuşa uğrunda şəhid olan qəhrəmanların hamısının şəkillərinə baxdım. Onların şəklin göz yaddaşıma həkk etmək istəyirdim ki, Şuşaya onların gözü ilə baxım. Danışmağa, hissimi ifadə etməyə söz tapmırdım, elə bil ruhum donmuşdu.

Artıq Şuşa Azərbaycan üçün tamam başqa bir simvoldur. Şuşa ədalət zirvəsidir, saflıqdır, paklıqdır. Hamı deyirdi ki, adi hərbi qaydalarla Şuşa fəth oluna bilməz. Amma Şuşa fatehliyin ən yüksək zirvəsi oldu və bizim qəhrəmanlar bunu bacardılar. 30 il yığılıb qalmış qisas hissi öz gücünü göstərdi, həm də biz gənclərimizi düzgün yetişdirmişdik.

Şuşa uğrunda şəhid olanların ən çox yaşı diqqətimi çəkdi. Hamısı gənclərdi, Birinci Qarabağ müharibəsini görməmişdilər, döyüşlərdə olmamışdılar, amma Şuşa uğrunda son nəfəslərinədək döyüşdülər və qalib gəldilər. Yol boyu özümlə danışa-danışa getdim. Onlarsız gedirdik, ən böyük təəssüf hissim bu idi. Amma bir təskinlik tapırdım ki, yeni nəslimiz, onların böyüyən övladları Şuşanı görəcəklər.

Desəm ki, konserti çox dinlədim, yalan olar. Mən Şuşanı dinlədim, onun səmasına tamaşa etdim. O torpağın ruhunu duymaq, onun zirvəsindəki qartalları görmək istəyirdim. Konsertdə qəhrəman qazilərimizlə bir yerdə əyləşmişdim, qürur duyurdum. Hər sevinc hissindən sonra onlara təşəkkür edirdim ki, çox sağ olun, sizin sayənizdə biz bu yerlərə bir də gəldik. Min kərə şükür etdim.

Doğrudur, o torpaqlara yarımçıq, itkilər bahasına qayıtdıq. Bu yolda çox qurbanlar verdik, 30 ildə çox ağrı-acılar çəkdik. Amma heç vaxt ümidimizi itirmədik. Təsadüfi deyil ki, 2016-cı ildə Aprel döyüşlərindən sonra təşkilatımızı yaradanda adını “Zəfər” qoyduq. Səbəbini soruşanda deyirdim ki, o gün mütləq gələcək.

- Şuşadan sonra belə bir kövrək səfəriniz həyat yoldaşınız Raquf Orucovun doğulduğu kəndə oldu. Ağdama gedib qayınananızın məzarını tapıb ziyarət etdiniz. Mənzərəni görəndə nə hislər keçirdiniz?

- İşğaldan azad olunmuş torpaqlar içərisində ilk səfərim Şuşaya oldu. Orda tanıdığım hər kəsə deyirdim ki, burdan sonra Ağdama gedəcəm. Təbii ki, torpaqlarımızın hər bir qarışı əzizdir, amma Şuşadan sonra mənim üçün ikinci müqəddəs yer Ağdamdır. Bu, mənim üçün mənəvi önəm daşıyan bir səfər idi. 1993-cü ildə Ağdam istiqamətində itkilərimiz çox böyük olmuşdu. Qarışıq duyğular içində idim. Həm Raquf Orucovun doğulub boya-başa çatdığı torpağa, həm də bir şəhid anasının məzarını ziyarətə gedirdik.

İllərlə Raquf Orucov Ağdam səngərlərində bərkitmə işləri aparıb və Azərbaycanın ərazi bütövlüyü uğrunda böyük mücadilə verib. Biz o səngərləri keçərək azad olunmuş torpaqlara baş çəkirdik. Gördüklərimə təəccüblənmədim. Onsuz da düşmənizin necə məkrli, necə qaniçən olduğunu bilirik. Bir düşmən ki, qadını, ananı, körpələri şəhid edirdi...

O torpaqlarda ermənilərin bircə tikilisi də yox idi, olanları da məhv etmişdilər, hətta ağacları da... Utanc hissi keçirirdim ki, biz illərdir bu torpaqlardan uzaq düşmüşük, ərazilərimizi bu vandalların əlində qoymuşuq. Şükür ki, ədalət öz yerini tapdı. Ağdamda irəlilədikcə ancaq acı hiss edirdim.

Birinci Qarabağ müharibəsində Ağdamda 6 minə yaxın insan şəhid olub. Ağdam düşmənə nə qədər zərbə vurubsa, Şəhidlər xiyabanını da dağıtmışdılar. Demək olar ki, mənfur düşmən şəhərdə daşı daş üstə qoymamışdı. Onlar üçün Ağdam həmişə göz dağı, qorxu mənbəyi olub. İnşallah, Ağdamı yenidən bərpa edəcəyik.

Şuşaya bütün şəhidlərlə, Ağdama isə Raquf Orucovla danışa-danışa getdim. Çünki Ağdamın azadlığını görməyə, anasının məzarını ziyarət etməyə ən çox onun haqqı çatırdı. 28 ildən sonra şəhid Raya ananın bütün övladları o torpaqlara qayıtdı, onun məzarını ziyarət etdi, bircə Raquf Orucov qayıtmadı... Ana da ən çox Raqufu sevirdi, ona bağlı idi.

Deyirdilər, illər keçirib, məzarı tapmaq çətin olacaq. Raya ana Ağdamın Cinli kəndi işğal olunanda şəhid edilib, onu tələsik aparıb Çullu kəndində hündür bir təpənin ətəyində dəfn ediblər. Onda Raquf Orucov digər qardaşı ilə səngərlərdə döyüşdə olub. Ananı arxa kəndlərdən birinə keçiriblər ki, təhlükəsizliyi qorunsun. Amma o dözmürmüş, müdafiədə olan əsgərlərə yemək aparırmış. Kəndə piyada qayıdanda ermənilər onu düz yolun ortasında qətlə yetirmişdi. Raya ananın şəhid olduğu yeri də mənə göstərdilər. Onun məzarı Çullu kəndində ən sonuncu qəbir olub. O kənd də işğal olunduğundan ananın məzarına xırda daşlardan başqa heç bir işarə qoya bilməyiblər.

Bilirdik ki, Çullu kənd qəbiristanlığı var, amma ana oradakı təpənin ətəyində dəfn olunub və orada başqa məzar yoxdur. Raya ananın bir oğlu dəfndə iştirak etmişdi və yaddaşında qalmışdı, buna görə məzarı çox asanlıqla tapdıq.

Raquf Orucov komandir olarkən anasının məzarını ziyarət etmişdi və biz bunu bilirdik. Anasının məzarından götürdüyüm torpağı Raqufun məzarına gətirdim...

Biz məzarı ziyarət edəndə oradan Raqufun rəhbəri olduğu hərbi hissənin əsgərləri keçirdi. Onlar bizə dedilər ki, narahat olmayın, artıq bu məzar bizim üçün müqəddəsdir. Elə bilirəm ki, həmin gün Raqufun ruhu sakitləşdi. İmkanım olsaydı Raqufun məzarını o təpəyə köçürərdim...

Daha sonra Raqufun doğulduğu Cinli kəndinə, evlərinə getdik. Tamam xarabalıqdır, hər şey məhv olub. Şükür ki, biz qayıtdıq.

Vətənsiz, köksüz insan olmaz. Bizim kökümüz o torpaqlara bağlıdır. Artıq mən övladlarımı götürüb rahatlıqla o ananın məzarına apara biləcəm. Zaman keçdikcə, həmin ərazilərdə kök saldıqca, biz o torpaqları daha şiddətlə sevəcəyik, vətənə verdiyimiz dəyər də dəyişəcək.

Artıq o torpaqlar qanla suvarılıb. İndi ondan daha möhkəm yapışacağıq ki, heç kim risk edib bu xalqı oradan çıxarmaq istəməəsin.

- Həyat yoldaşınızın şəhadətindən sonra qarşılaşdığınız çətinliklərlə necə baş çıxarırsız? Nədir sizi ayaqda tutan?

- Onun itkisini heç nə əvəz etməz. Verilən təskinliklər bizi ovutmaqdan, baş aldatmaqdan başqa bir şey deyil. Bilirəm ki, o, artıq qayıtmayacaq və ailə olaraq biz bir daha əvvəlki kimi olmayacağıq, heç olmadıq da... Raquf Orucovun həyat yoldaşı olmaq qadın və ailə xoşbəxtliyinin tamam başqa bir zirvəsi idi. Ondan sonra bizim evimiz nə həmənki ev oldu, nə bayramlarımız əvvəlkilər kimi keçdi, nə də mən qabaqkı qadınam.

Aciz görünməyi, kiminsə mənə yazığının gəlməsini, yardım etməsini heç vaxt özümə bağışlaya bilməzdim. Çünki Raquf Orucov elə bir insan deyildi, o bir komandir idi, həmişə çalışmışıq ki, özümüz kimlərəsə yardım edək. Biz Raquf Orucovdan bunu görmüşdük.

Raqufdan sonra həyat dəyişdi. Ancaq bir missiyamız qaldı ki, nə qədər şəhid və qazi ailəsi var, onlara dəstək olaq. Bir problem olanda onu yaxın qohumlarımla yox, şəhid xanımları ilə müzakirə edirəm. Artıq birləşmişik, bir-birimizdən təskinlik tapırıq. İstəməzdim bizim kimi ailələrin sayı artsın. Amma onlar bu ölkəyə qürur, fəxarət hissi verən dəyərli ailələrdir. Şəhidlərimiz cismən yoxdur, amma cəmiyyət olaraq elə etməliyik ki, o ailələr itirdiklərinin fiziki yoxluğunu hiss etməsinlər.

Vətən Müharibəsindən 7 aya yaxın vaxt keçib, artıq bir çox ailələrlə ünsiyyət qurmuşuq. Qəhrəmanların özlərinə layiq ailələri var. Onlar şəhid qəhrəmanları yaşatmağa qadirdilər. Şəhid övladları bu ölkənin ən dəyərli vətəndaşlarıdır, ən yaxşı postlarda vəzifə tutacaqlar, bu ölkənin dəyərlərinə sahib çıxmağa bacaracaqlar. Azərbaycan azad və abad olmuş Qarabağda möhtəşəm günlər görəcək. Biz əl-ələ verdikcə bütün acılara qalib gələcəyik.

Doğrudur, itkiləri heç nə əvəz etməyəcək, amma o qəhrəmanların ruhunu elə şad edə bilərik ki, onlar bizim aramızda varmış kimi görünsünlər. Gənclərimiz, məktəblilərimiz hər bir küçədə, döngədə, keçiddə bir qəhrəmanın adını görsünlər. Uşaqlarımız onlara minnət hissi ilə böyüsünlər.

Deyərdim ki, bu istiqamətdə işlər aparılır. Bakıda Hərbi Qənimətlər Parkı, regionlarda zəfər parkları yaradılıb. Bütün bunlar mənəvi təbliğata böyük kömək edəcək. Şuşanı bizə bəxş etdikləri üçün, qürurumuzu, qeyrətimizi geri gətirdikləri üçün, yaramıza məlhəm olduqları üçün qəhrəmanlara minnətdarıq.

- “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri kimi bir çox birliklərdə təmsil olunursuz. Bu birliklərin məqsədi və fərqi nədir?

- İşlər çoxdur. Amma hər birində bir məqsəd var - şəhid ailələrinə və qazilərə diqqət və qayğı artırılsın. Demək olar ki, “YAŞAT” Fondu “Zəfər” təşkilatının gördüyü işlərin daha böyük formatıdır. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq mənəvi təbliğat və dəstək formalarını daha üstün tuturuq. Fondda isə dəstək forması maddi yardımlardır. Çalışırıq, əlbir olub mükəmməl işləyək ki, insanların sosial qayğısı əskik olmasın.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq şəhid adının əbədiləşdirilməsi, Nazirlər Kabinetinin köhnəlmiş müvafiq qərarlarının yenilənməsi, eyni zamanda şəhid ailəsi statusu haqqında qanunvericiliyin dəyişilməsi ilə bağlı təkliflər irəli sürmüşük. Məlumdur ki, şəhid ailələrinin statusu, pensiya, təqaüd və mənzil təminatı kimi məsələlər ƏƏSMN-də müzakirə olunur, bunun üçün onlarla sıx işləyirik. Təkliflər gecikəndə iradlarımızı bildiririk. Çalışırıq ki, ümumi işimiz axsamasın, o ailələr hansısa bir məmurun süründürməçiliyinin, bürokratizminin əziyyətini çəkməsinlər. Bizim buna haqqımız yoxdur.

Əgər həmin ictimai şurada təmsil olunuramsa və bu problemlərə təsir edə bilmirəmsə, bu, mənim acizliyimizdir. Əgər məmur özbaşınalığı ilə bacarmıramsa, adi vətəndaş necə bacarsın?!

Azərbaycanın ən yüksək məmurundan tutmuş adi sosial xidmətlərdə çalışanlara qədər hamı dərk etməlidir ki, bu ailələrə yanaşma tərzi dəyişməlidir, onların sosial qayğısı fərqli olmalıdır. Onlar hansısa avtomobil qəzasında yox, Vətən uğrunda əlil olublar. Onlara yanaşma mülki əlilə olan yanaşmadan fərqlənməlidir.

- Buna nə qədər nail ola bilmişik?

- Hələ olmamışıq, amma nail olmağa başlayırıq. Problemlərimiz çoxdur. Bu gün əlil qazilərlə görüşəndə onların qarşısında utanıram. Çünki onların verdiyi bir çox sualların qarşısında acizəm.

- Hazırda ən çox problem nədədir?

- Əlilliyin təminatı, reabilitasiyası, protezlərin qoyulması, şəhid ailələrinin pensiya təminatı istiqamətində çoxlu problem var. Elə problemlər var, biz onları təcili yoluna qoymalıyıq. Mülki əlilə necə yanaşırlarsa, hərbi əlilə də o cür yanaşılır. Bunu düzgün saymıram. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında əlilliyin meyarlarına baxılacağını demişdi. Artıq əlilik üç qrup üzrə deyil, yeni qruplar üzrə də müəyyən olunacaq. İnşallah, bu məsələ həllini tapacaq.

İşlər gedir, nikbinəm. Hesab edirəm ki, birgə əməkdaşlıq sayəsində müharibədə zərər çəkmiş əlil qazilərimizin sosial təminat hüququ tam həllini tapacaq. Hərdən düşünürəm ki, nə yaxşı “YAŞAT” Fondu yaradıldı. Bir çox qazilərin müalicəsinə dəstək ola bildik. Fondun dəstəyilə Azərbaycanda müalicəsi mümkün olmayan ağır yaralı qaziləri Türkiyəyə göndərə bilirik, eləcə də həmin ölkədən və İsraildən mütəxəssislər dəvət edirik.

Hazırda Fövqəladə Hallar Nazirliyinin tərkibində türk psixoloqlar fəaliyyət göstərir. Bütün bunlar qazilərimizə, müharibədən zərər çəkmiş ailələrə böyük dəstəkdir. Bu, müharibədən sonrakı dövrdür. Sağalma dövrü cəmiyyətin xarakterindən, mövcud vəziyyətə münasibətindən asılı olaraq uzunmüddətli və qısamüddətli ola bilər. Heç kəs yaxasını kənara çəkməli deyil, yaraları birlikdə sarımalıyıq. Bu işlər sosial şəbəkə statuslarında “YAŞAT” Fondunu işarələməklə həyata keçmir.

Fond indiyə qədər etdiklərini xalqın ianəsi hesabına edib. İstər ölkə hüdudlarından kənarda, istərsə də ölkədə yaşayan azərbaycanlılarımız nə qədər maddi dəstək versə, o büdcəyə uyğun işlər görə bilirik. Artıq bu, milli birlik məsələdir. Nikbinəm ki, biz bu sınaqdan da üzü ağ çıxacağıq.

- Sizə baxanda ictimai-sosial həyatda fasiləsiz işlər görən, iki övlad böyüdən və bir çox çətin işlərin məsuliyyətini üzərinə götürən qadın obrazı canlanır. Üstəlik şəhid ailələri ilə görüşürsüz ki, bunun da özünə xas mənəvi ağırlığı var. Bir qadın olaraq bütün bunlardan yorulmursuz?

- Mənim üçün ən dəyərli insanlar şəhid ailələridir. Bu yaxınlarda Lerikdə Vətən Müharibəsi qəhrəmanı, mayor Amil Heydərovun, Astarada Xüsusi Təyinatlı Qüvvələrin əfsanəvi giziri Pəncəli Teymurovun ailəsinə baş çəkdik. Azərbaycana o qədər bağlı insanlardır ki... Bu ailələri bir-bir gəzirəm, problemlərini öyrənirəm, onları yaxından tanımaq istəyirəm. Gücüm nəyə çatır onu etmək istəyirəm.

İnşallah, epidemiya başa çatar, itirdiklərimizin xatirəsinə layiq daha böyük anım mərasimləri təşkil edərik. Ən ürəklə döydüyüm, müqəddəs saydığım qapıdır şəhid qapısı. Onlarla görüşəndə yorğunluğumu itirirəm. Düşünürəm ki, Raqufdan sonra nə qədər işləsəm, pessimist olmağa vaxtım qalmaz. Təki işləyim, gün sona çatsın və düşünməyə vaxtım qalmasın. Bu, bir qadın kimi mənim xilasımdır.

- Tənhalıq hissi necə...

- Tənhalıq həmişə bizimlədir... Amma şükür ki, Vətənə, Raqufa layiq iki övladım var. Onların uğuruna baxanda bir ana kimi sevinirəm. Onda deyirəm ki, həm Raqufun qarşısında vəzifə borcumu yerinə yetirirəm, həm də uşaqları onun istədiyi kimi böyüdürəm. Övladlarım atalarının arzuladığı kimi uğurlar qazanırlar. Qadın kimi xoşbəxt olmaqdan keçib, amma ana kimi çox xoşbəxtəm. 2016-cı il aprelin 4-dən sonra başqa Sevinc olmuşam. Bir xatirə yada düşəndə fikirləşirəm ki, görüm onda Rafub yaşayırdımı...

Allah bütün şəhid övladlarını qorusun, ən yaxşı uğurlara imza atsınlar. Şəhidlərimizin xanımları da onlara baxaraq ancaq fəxarətdən gözləri dolsun.

- Sevinc xanım, belə bir yarımçıq sual vermək istərdim. Əgər Raquf Orucov sağ olsaydı…

- Hər şey tamam başqa olardı. Raquf Orucov sağ olsaydı xoşbəxt ailə tablomuz tamamlanardı. Biz o qədər xoşbəxt ailə olmuşuq ki... Həmişə o xoşbəxtliyin bitəcəyindən qorxurmuşam. Tək bircə anlıq o günləri qaytara bilsəydik, qarşıdan gələn bütün ömrümü qurban verərdim... (Kövrəlir). O, mükəmməl ailə başçısı, mənim dostum idi. Mükəmməl analitik qabiliyyəti var idi, kimin xarakteri haqqında nə demişdisə, sonradan özünü doğrultdu.

Çətinliyə düşəndə həmişə ondan məsləhət alırdım. Onun bircə kəlimə sözü yaşıl işığıdı, deməli, bu yolla getmək lazımdır... İndi məsləhət alası insanım yoxdur... Bu, çox çətindir.

Müharibə başlayanda hər gün deyirdim ki, kaş Raqub sağ olardı bu döyüşlərdə şəhid olardı, amma bilərdi ki, Vətən torpağı azaddır. Qismət... Getdiyim bütün bölgələrdən torpaq gətirib onun məzarına tökürəm. Elə bilirəm ki, onun ruhu hiss edir, duyur. Onun neçə-neçə əsgəri, dərs dediyi komandirləri, məzarı üstündə daim gördüyüm insanlar bu döyüşlərdə şəhid oldu. Bu müharibədə onun əqidəsində olan insanlar bir-bir şəhid oldu.

- Yazıçı Şərif Ağayar Raquf Orucov haqqında “Komandir” romanını yazdı. Kitabdan razı qaldınızmı?

- Raquf Orucov haqqında kitab yazmaq ideyası ortaya çıxanda mən özüm Şərif müəllimlə görüşmək istədim. Bu qərara gələnə qədər çox araşdırma apardım ki, Raquf Orucov haqqında kim yaxşı yaza bilər və əmin oldum ki, bu, Şərif Ağayardır. O, heç bir pafosa, bəzəyə ehtiyac duymadı, Raqufu olduğu kimi yazdı. Raqufun anasının dəfni ilə bağlı süjeti elə yazıb ki, sanki ailənin həmin gün çəkdiyi faciəni Şərif müəllim özü görübmüş. Bu yaxınlarda həmin roman əsasında bir filmin ərsəyə gəlməsi üçün bir fikrimiz də var.

Şərif Ağayarın “Komandir” romanı çox çap olunub, bu il yenidən 3 min tirajla nəşr edildi. Məktəb kitabxanalarına verməyi düşünürük ki, uşaqlar sinifdənxaric oxu kimi bu kitabdan istifadə etsinlər.

- Artıq işğal tarixlərini zəfər tarixləri əvəzləyib. Sizcə, bu, şəhid ailələrinin niskilini az da olsa yüngülləşdirə bildimi?

- Müharibə bitib, amma səngərdə... Hələ müharibənin acılarını yaşayırıq. Elə ailələr var, yeganə, eləsi də var, iki övladını itirib. Tərtərdə və Ağstafada iki körpəmiz var, anası xəstəlikdən vəfat edib, atası da döyüşdə şəhid olub. Müharibə zəfərlə bitdi, amma arxa planında insanlıq dramı yaşanır. Ailələrin faciəsi ömürlərinin sonuna qədər davam edəcək. Acının köhnəsi, təzəsi olmur. Qürurverici bir məsələ var, bu gün heç bir ana “nəyə görə oldu” demir. Hamı bilir ki, bu Vətən azaddır, bütövdür. Bu, o niskilin, o sızıltının üzərinə su səpir.

2016-cı ildən sonra biz özümüz də deyirdik ki, niyə döyüşlər dayandı, niyə Raquf Orucovun, Murad Mirzəyevin, Pəncəli Teymurovun ardınca getmədilər?! Daha o sualların heç birini vermirik. Zəfəri şəhidlərə, qazilərə borcluyuq, ən böyük təşəkkürümüz onlaradır.


Müəllif: Yeganə Oqtayqızı, Foto: Ceyhun Rəhimov

Oxşar xəbərlər