Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Qarabağda ölkənin erməni əsilli sakinlərinə humanitar və tibbi yardım göstərməyə davam edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, ünvanlı yardım zamanı xüsusi tibb bölməsinin həkim-nevropatoloqu Xankəndi sakini Yelena Qriqoryanın xəstəlik tarixçəsi ilə tanış olub, xəstəni sorğu-suala tutub, sonra isə tibbi müayinə aparılıb və tövsiyələr verilib.
Rusiya sülhməramlı kontingentinin tibbi bölməsinin mütəxəssisi Pyotr Bulavinov bildirib ki, pasiyentin müayinələrinin nəticələrinə əsasən ikinci müayinə aparılacaq.
Öz növbəsində Qriqoryan göstərilən yardıma görə sülhməramlılara təşəkkürünü bildirib.
Bildirilir ki, humanitar reaksiya mərkəzinin zabitləri ünvanlı yardım göstərməyə fərdi yanaşırlar. Sakinlərə zəruri ehtiyac duyulan predmetlər – uşaqlar və böyüklər üçün paltar və ayaqqabı, yuyucu tozlar, yemək hazırlamaq üçün qaz sobaları, mətbəx inventarı, ərzaq dəstləri, yataq dəstləri, yastıqlar, odeyallar, şəxsi gigiyena vasitələri, uşaq oyuncaqları, həmçinin fərdi tibbi çantalar verilir.
Ümumilikdə, 2020-ci ilin noyabr ayından bu günə qədər 6,5 mindən çox ehtiyacı olan sakin Dağlıq Qarabağdakı rus sülhməramlılarından humanitar və tibbi yardım alıb.