“Rusiyanın Qarabağla bağlı mövqeyində müəyyən dəyişikliyin baş verdiyi hiss olunur. Üçtərəfli razılaşmaların müddəalarının yerinə yetirilməməsi, bəzi xarici ölkə vətəndaşlarının, xüsusən də Fransanın şəhərlərinin meriyalarının və parlamentinin nümayəndələri üçün Laçın dəhlizinin sülhməramlılar tərəfindən su yoluna çevrilməsi Azərbaycanı da hiddətləndirir, Türkiyəni də narazı salır”.
Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ermənistan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana cavab verdi. Ermənistan baş nazirinin mətbuat katibi bildirdi ki, Türkiyə ilə müzakirələrə hazırdırlar. Sizcə, İrəvan Azərbaycanla anlaşmadan Türkiyə-Ermənistan əlaqələrinin bərpası mümkündürmü?
- Bunun mümkün olacağını düşünmürəm. Türkiyə Prezidenti Ərdoğan BMT-nin sessiyasına qatılmaq üçün Nyu-Yorka uçarkən bu məsələni çox dəqiq şəkildə ifadə etdi. Ərdoğan bildirdi ki, Paşinyan görüş istəyini Gürcüstan Baş naziri Qaribaşvili vasitəsilə ona çatdırıb. Ərdoğan Paşinyana cavabında bildirdi ki, əgər görüş istəyirsənsə, müsbət addımlar atmalısan, bölgədə sülhün yaranması üçün müəyyən məsələlərin həllində razılaşmalısan.
Bunu deyərkən Azərbaycanı nəzərdə tuturdu. Birmənalı şəkildə demək mümkündür ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamadan, ikitərəfli münasibətləri normallaşdırmadan Türkiyə ilə işbirliyinə və ya əlaqələrin bərpasına nail ola bilməyəcək. Ermənistan baş verənlərdən görməlidir ki, Azərbaycan və Türkiyə daha yüksək səviyyəli strateji işbirliyinə gedib.
Bir sözlə, Türkiyə ilə münasibətlərini qaydasına salmaq istəyən Ermənistan ilk növbədə Azərbaycanla problemlərini həll etməlidir. Bu olmadan Türkiyə-Ermənistan münasibətlərində hansısa dəyişikliyin olacağını düşünmək sadlövhlük olardı. Ermənistan bu məsələni o anda gündəmə gətirir ki, Türkiyə və Azərbaycan həm hərbi, həm də iqtisadi sahələrdə dərin işbirliyinə gedib. İkitərəfli münasibətlər qardaşlıq əlaqələrindən də dərindir.
Hesab edirəm ki, Paşinyan boş manevrlər edir. O, bununla həm Rusiyaya mesaj göndərir ki, Türkiyə ilə əlaqələr yarada bilər, həm də Azərbaycana mesaj vermək istəyir. Bunların uğursuz manevrlər olduğunu düşünürəm.
Ortada sadə bir həqiqət var: bölgədə dövlətlərarası münasibətlərin tənzimlənməsində və qarşılıqlı anlaşmanın bərqərar edilməsində açar ölkə Azərbaycandır. Yəni Ermənistan Azərbaycanla münasibətləri sahmana salmadan Türkiyə ilə əlaqələri normallaşdırmaq mümkün olmayacaq. Türkiyə lideri də bildirdi ki, Ermənistan bunun üçün bir sıra məsələlərin həllinə nail olmalıdır.
- Rusiya baş nazirinin müavini Aleksey Overçuk isə bildirdi ki, Bakı, İrəvan və Moskva bölgədəki kommunikasiyaların açılmasında qərarlıdır. Paşinyan da bunu deyir, amma “Zəngəzur dəhlizi” anlayışını qəbul etmir. Belə olan halda kommunikasiyalar və ya dəhliz hansı formada açıla bilər?
- Paşinyan bu məsələnin həllində də bölgədəki durumu yaxşı bilmədiyini nümayiş etdirir. Paşinyanın fikirlərinin əksəriyyəti onun elektoral bazası olan kütləyə hesablanmış boş sözlərdən ibarətdir. 10 noyabr bəyanatında açıq surətdə bildirilir ki, bölgədə kommunikasiyaların açılmasının çıxış nöqtələrindən biri də Zəngəzur dəmir və avtomobil yollarının açılması təşkil edir. Şose yolunun açılmasına razılıq verə biləcəklərini deyirlər, amma dəmir yolu ilə bağlı siyasi manevrlərə yol verirlər. Bildirirlər ki, guya bu mümkünsüzdür.
Ərdoğan da qəti şəkildə öz açıqlamasında bildirdi ki, sən Zəngəzur dəhlizi ilə bağlı müsbət addım atmalısan ki, müəyyən məsələlər həll olunsun. Azərbaycan da onu deyir, bəyan edir ki, əgər sən blokadadan çıxmaq istəyirsənsə, məsələlər kompleks şəkildə həll edilməlidir.
Məsələn, Bakı-Qazax-Dilican dəmir yolu işə salındı. Sən isə Zəngəzur dəhlizini açmamaqda israr edirsən. Əlbəttə Bakının buna reaksiyası müsbət olmayacaq. Digər kommunikasiyalar da var. Hətta Ermənistanın könlündən Bakı-Tiflis-Qars dəmir yoluna qoşulmaq da keçir. Gümrüdən ora hazır dəmir yolunun olduğunu əsas gətirərək, bunun vasitəsilə Avropaya açılmaq istəyini dilə gətirir. Əgər sən bunu istəyirsənsə, Azərbaycan da Zəngəzur dəhlizinin açılmasını istəyir. Hər bir dövlətin öz marağı var, hər kəs də öz marağının reallaşmasına çalışır.
Hələlik Paşinyanı dəqiq başa düşmək olmur. Onun danışıqlarla bağlı konseptual yanaşmasının olduğuna şübhə yaranır. Buna görə də, Ərdoğan ona açıq mesaj göndərdi ki, sən Azərbaycanla anlaşmalısan, onun sərhədlərini və ərazi bütövlüyünü tanımalısan, eləcə də Türkiyəyə qarşı əsassız ərazi və qondarma soyqırım iddialarından əl çəkməlisən. Əks halda, sən nələrisə əldə edib başqalarının maraqlarına məhəl qoymayacaqsansa, anlaşma mümkün olmayacaq. Bu cür siyasəti sənə Azərbaycan diktə edə bilər, çünki o qalibdir. Türkiyə diktə edə bilər ki, çünki regionun supergücüdür. Sən isə kiçik və məğlub dövlətsən. Buna görə də özündən böyük iddianı həyata keçirə bilməzsən.
Hələlik Paşinyanın ölçüsüz iddiaları, bölgədə problemlərin həlli ilə bağlı irəli sürdüyü təkliflər reallığa uyğun gəlmir. Hələ ki, bunlar Ermənistandakı davakar ictimai rəyi sakitləşdirmək üçün deyilmiş sözlərə bənzəyir. Buna görə də, konsensusun əldə edilməsi üçün Paşinyan daha ciddi, daha konkret və bütün tərəflərin maraqlarını nəzərə alan məsələləri qaldırmağı bacarmalı və bu hazırlıqla da danışıqlara getməlidir.
- Türkiyə prezidentinin yaxınlarda Moskvada Rusiya Prezidenti Vladimir Putinlə gözlənilən görüşü haqda fikriniz nədir: bu görüş Qarabağla bağlı üçtərəfli anlaşmaların yerinə yetirilməsinə hansı təsirləri göstərəcək və bundan sonra ya hansı yeniliklər ola bilər?
- Təəssüf ki, son iki ayda həm İdlib, həm də Qarabağda Rusiyanın üzərinə götürdüyü öhdəliklərdən yayındığı təəssüratını yaradan davranışlarının şahidi oluruq. Rusiya həm Türkiyəyə qarşı gələrək İdlibin bombardman edilməsində iştirak edir, həm də Suriyadakı hərbi bazalarından istifadə etməklə Əsəd rejiminə qarşı mübarizə aparan müxalif qüvvələrin sıradan çıxarılmasına çalışır. Eyni zamanda, Suriya diktatoru Moskvaya səfərindən sonra yeni hücumların hazırlanmasının anonsunu verir. Bütün bunlar göstərir ki, bu “oyuncaq diktator” Rusiyanın diktəsi ilə hərəkət edir.
Rusiyanın Qarabağla bağlı mövqeyində də müəyyən dəyişikliyin baş verdiyi hiss olunur. Üçtərəfli razılaşmaların müddəalarının yerinə yetirilməməsi, bəzi xarici ölkə vətəndaşlarının, xüsusən də Fransanın şəhərlərinin meriyalarının və parlamentinin nümayəndələri üçün Laçın dəhlizinin sülhməramlılar tərəfindən su yoluna çevrilməsi Azərbaycanı da hiddətləndirir, Türkiyəni də narazı salır.
Təbii ki, Putin Ərdoğanla görüşdə üçtərəfli anlaşmaları pozmasına bəraət qazandırmağa çalışacaq. Amma Ərdoğan hazırlıqlı adamdır. Bununla bağlı Ərdoğanın qarşısına konkret faktlar qoyacaq. Bəlkə də bu faktlar hədəflər şəklində də özünü göstərəcək. Bu baxımdan, Moskva görüşündə qarşılıqlı anlaşmaların olacağı nə qədər çətin olsa da, Türkiyə Rusiyaya öz mövqeyi və hədəfini çatdıracaq.