21 Sentyabr 2021 17:19
1 965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari tədris ilindən etibarən orta məktəblərin 9-cu sinif pilləsində şagirdlərə “Zəfər tarixi” fənni tədris olunacaq.

Kitabın müəlliflərindən olan tarix müəllimi Talıb Talıblı dərsliklə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Talıb müəllim, "Zəfər tarixi" kitabı hansı məzmunda tərtib olunub?

- “Zəfər tarixi” dərsliyi Qarabağımızın ən qədim dövrdən vətən müharibəsinə qədər olan tarixini əhatə edir. Kitabda ən çox Qarabağımızın 20-21-ci əsrə aid tarixi, o cümlədən son proseslər öz əksini tapıb.

- Dərslikdə hansı mənbələrə istinad olunub?

- Hər dövrə uyğun olaraq, yəni qədim dövr, orta əsrlər dövrü, yeni dövr və müasir dövrə aid mənbələrə istinad olunub. Elmi baxımdan daha dəqiq və etibarlı qaynaqlara əsaslanmışıq. Kitabda təkcə Azərbaycan mənbələri yox, Qarabağlın hər dövrünə uyğun dünya miqyasında tanınmış mənbələrdən də istifadə olunub.

- Bu kitabdan gələcəkdə test imtahanlarına sual salınma ehtimalı varmı?

- “Zəfər tarixi” ümumi Azərbaycan tarixinin tərkib hissəsidir. Buna görə də qarşıdakı illərdə bu dərslikdən qəbul imtahanlarındakı suallarda istifadə olunacaq.

- Nə üçün kitabın yazılmasına çox müəllif cəlb olunub?

- Kitabın yazılmasına çox müəllifin cəlb olunduğunu düşünmürəm. “Zəfər tarixi” dərsliyinin müəllifləri Pərviz Ağalarov, Niyaməddin Quliyev, Hafiz Cabbarov, Ramil Tanrıverdi və mənəm. Dünya miqyasında, o cümlədən qardaş Türkiyə təcrübəsinə diqqət yetirsək, bir dərsliyin yazılmasına bəzən elə olur, 15-20 nəfər, hətta bundan da artıq müəllif cəlb olunur.

- Bəs müəlliflər hansı prinsiplə seçilib?

- Ümumiyyətlə, dərsliklərin yazılmasında belə bir qayda var ki, nazirlik birbaşa müəlliflərə müraciət etmir. Nazirlik nəşriyyata müraciət eləyir, nəşriyyatın isə hər fənn üzrə dərslik hazırlayan komandası var. O komandalarda dərslik yazma bacarığı olan, milli mənafeyi nəzərə alan və onu şagirdlərə aşılamağı bacaran müəlliflər təmsil olunur.

- Dərslik müəlliflərinin qarşısına hansı fikri aşılmaq qoyulmuşdu?

- Adından da göründüyü kimi dərslik qalibiyyətimizi, zəfərimizi aşılamalıdır. Azərbaycançılıq məsələləri, Qarabağın qədim Azərbaycan torpağı olması, xüsusən sovet dövründə Qarabağın bir ləkəyə çevrilməsi, yəni Dağlıq Qarabağın qondarma qurum kimi yaradılması, süni yollarla münaqişə ocağının ortaya çıxarılması və bu proseslərin Ali Baş Komandanımız tərəfindən uğurla mənafeyimizə uyğun başa çatdırılması öz əksini tapmalı idi.

Fikrimcə, müəlliflər bunun öhdəsindən gələ bildilər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər