2020-ci ilin bu günlərində başlayan və zəfərlə bitən 44 günlük müharibənin anım günlərinə sayılı günlər qalır. Ard-arda qazanılan zəfər hər gün ordumuzun əzmini artırırdı. Lakin bu xəbərləri gözü yaşlı qarşılayanlar da az deyildi. 3000-dən çox ailənin qəhəri qələbə sevincinə qarışdı. Bu gün həmin ailələrdən birinin – Ramaldanovların qonağıyıq.
Ordunun polkovnik-leytinantı Babək Ramaldanov 1982-ci ildə Bakıda anadan olub. Orta məktəbdə oxuyan Babək əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi liseydə, sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. 2017-2019-cu illərdə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Liseyində ali hərbi təhsil alıb. 16 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. 38 yaşlı qəhrəmanım hərbiçi peşəsini seçərkən bir gün haqq savaşında döyüşəcəyini yaxşı bilirdi. Ailəsi deyir ki, Babək ölümdən qorxmur, yalnız qələbə əzmi ilə yaşayırdı.
Anası Xalidə Ramaldanovanın sözlərinə görə, Babək müharibədən əvvəl telefonla danışanda ailəsini qələbə xəbərlərinə hazırlayırmış: “Babək səyahət etməyi sevirdi. Müharibə başlamamış deyirdi tədbirlər olacaq. Vaxt gələcək, Qarabağı alacağıq. Siz artıq xaricə yox, Qarabağa gəzməyə gedəcəksiniz... Onun qanı tökülən yerdən necə keçə bilərəm?..”
Babəkin vətənə sevgisi təsvirolunmaz idi. O hələ görmədiyi yerlərin gözəlliyindən danışır, vətənin hər daşından həzz almağı bacarırdı. Həyat yoldaşı Aygün Ramaldanova deyir ki, Babək hələ dağıdılmış Füzulidə olsa belə oranın gözəlliyinə heyran olubmuş: “Füzulidə olanda zəng etmirdim ki, birdən başı qarışıq olar. Yalnız özü zəng edirdi. Deyirdi, bilsən buralar necə gözəldir. O hələ heç Şuşanı görməmişdi. Dağıdılmış Füzulini, viran olunmuş Cəbrayılı görmüşdü. Hər şeydə gözəllik axtarırdı. Hətta Bakıya gələndə Bakının qarışıq qoxusundan, benzin ətrindən də həzz alırdı”.
Hərbçiliyə olan sevgisi Babəkə irsən keçib. Naxçıvandkı təyinatının müddəti başa çatdıqdan sonra Bakıya qayıdan Babək Rusiyadakı Frunze adına Hərbi Akademiyada təhsil almağa yollanır. Həyat yoldaşı deyir ki, akademiyanı qızıl medalla bitirən Ramaldanov cəbhəyə də qeydləri, kitabları ilə yollanır:
“Nəinki işdə, ailədə də elə idi, oturub hərbi ədəbiyyatı oxuyurdu. Kitablar daim yanında idi. Babəkin atası ailəmizdə mükəmməl baba adına layiq görülüb. Babək deyirdi ki, mən atamdan da üstün baba olacam. Bilik bazamı toplayacam, uşaqlar sevinəcək ki, babanın yanına gedirik. O, cəbhəyə gedəndə də özü ilə kitab aparmışdı. Soruşanda ki, səngərdə bunları nə edəcəksən? Deyirdi ki, bunsuz olmaz...”
Babək Ramaldanov üçün vətənin müdafiəsi hər şeydən vacib idi. Təyinat səbəbilə Gəncədə yaşayan Babək hərbi əməliyyatlara qərargah rəisi kimi qoşulub, 10 gün Murov ətrafında ön cəbhədə vuruşub.
Həmin vaxt ərzində ailəsi Bakıya gəlir. Aygün Ramaldanova deyir ki, görüş üçün Gəncəyə gedəndə Babəkin ondan əsas istəyi ən yaxşı formasını gətirməsi olub: “Deyirdi ki, mənim üçün qəşəng paltar qoy, qələbəni qeyd edəcəyik. Mənə lazım olacaq. Əslində uşaqları aparmaq istəmirdim, dedim müharibədi, niyə aparım... 5-ci gün səhər getdim. Biz Gəncədə olanda partlayış baş verdi. Dedim, deyəsən harasa partlayıb. Babək dedi təlim gedir, poliqondan səslər gəlir. Sonra getdi öz iş yerinə.
Səhər qohumlar zəng etdi ki, nə orada oturmusan, qayıt gəl, qorxuludur, dinc camaat ölür. Babək bizi Bakıya yola saldı. Bazar günü axşam qayıtdıq. Babəklə son görüşümüz də elə orada oldu. Biz evə gələndə anam demək istəyir ki, ay bala, yoldaşını müharibəyə yola salmısan, necəsən... Gördü ki, şənik, gülürük.
Bir həftə sonra 4-cü gün xəbər çıxdı ki, hər yer bağlanacaq, komendant saatı tətbiq olunur. Mən də uşaqlara xəritədə Qarabağın yerini göstərirdim. Valideynlər pəncərədən mənə baxırdı. Mənimlə hal-əhval tutanda cavab verirdim ki, hər şey əladı, qələbə bizimdir. Evə gəldim, gördüm uşaqlar nənələri ilə xəritəyə baxırlar. “Nənə, biz Naxçıvanda olmuşuq. Bura Füzulidir, ata buradadır”, - deyirlər. Bu an qaynımın yoldaşı zəng etdi ki, gəl bizə, qayınanam görmək istəyir. Gəldim, qayınanam anamla telefonda danışır, Babək şəhid olub...”
Polkovnik-leytenant Babək Ramaldanov torpaqları işğaldan azad etmək arzusu üzərində gecə-günüz çalışırdı. Ailəsi deyir ki, elə günlər olurdu, 24 saat işləyirdi, lakin yorğunluğunu ailəsinə hiss etdirmirdi: “Hər situasiyada onu axtarıram. Uşaqlar yaxşı qiymət alanda, yola çıxıranda, telefon susanda... Babəklə mən eyni məktəbi bitirmişik. 91-ci ildən bəri həmişə kimsə bizim aildən o məktəbə gedib. Bu il məni bir məzun kimi yox, Ramaldanovun yoldaşı kimi çağırmışdılar.
Babəkə deyirdik ki, filan yerə getmə. Amma imtina etmirdi, peşəsini sevirdi. Hamı 10 saat işləsə, o 14 saat işləyirdi. Deyirdi ki, insan hər bir peşədə uğur qazana bilər, yetər ki, işini sevsin. Problemi işdə qoyub evə gəlirdi. İndi videolara, 12 il ərzində toplanan xatirələrə baxırıq”.
Babəkdən sonra iki oğlu yadigar qalıb. Böyük oğlu Ramaldan Ramaldanov deyir ki, atalarını görmək üçün həftəsonunu səbrsizliklə gözləyirdilər: “O da adətən günortadan sonra gəlirdi. Buna görə küsmürdüm, bilirdim ki, işi belədir. Evə yorğun da gəlsə, bizə vaxt ayırırdı. Həmişə deyirdi ki, hansı sahəni seçirsən seç, işinin peşəkarı olmalısan. İstəyirsən mühəndis ol, istəyirsən hərbçi, işini ustalıqla bacar.
Atam istəyirdi ki, birimiz həkim olaq. Mənim həkimliyə marağım yoxdur, qardaşım həkim olmaq istəyir. Atam çox tələbkar idi. Deyirdi, hara getsəniz, arxanızdayam, sizə dayaq olacam. Atamla hər şeydən danışırdıq. Amma hər mövzunun sonu tərbiyələndirici nəticəyə gəlirdi. Xarakterində ən çox mərdliyi, kişiliyi xoşuma gəlirdi. Qardaşımla müqayisədə mənə qarşı daha tələbkar idi. Qardaşım doğulanda mənim 4 yaşım var idi, nəyisə səhv edəndə cəzalandırırdı ki, sən ona örnək olmalısan. Heç vaxt əsəbləşmirdi, oturub başa salırdı”.
Oğul Ramaldan xaraktercə atasına bənzədiyini düşünür: “Atam ikimizlə də çox yaxın idi. Fikrimcə, mən daha çox ona bənzəyirəm. Qardaşım daha şıltaqdır. Atam yaxşı sirr saxlayardı. Heç kimdən eşitməzdim ki, kimsə desin, bunu atan dedi. Mən atamı çox az görmüşəm. 2 il Rusiyada oldu, o müddət ərzində bəlkə 2 dəfə gördüm. Toplasam 8 il atamla vaxt keçirmişəm. Adi insan kimi səhər gedib axşam qayıtmırdı. Buna baxmayaraq atamla çox gəzirdik. O çalışırdı ki, eyni yerə getməyək. Ən çox onunla yol getməyi sevirdim.
Atam sürücü olsa da, danışar, gülərdi, nəyisə izah edərdi. Uşaqlara sevgisi sonsuz idi. Xoşuna gəlirdi ki, evdən uşaq səsi gəlsin. Atamla gedib hərbi hissəni gəzirdik. Deyirdi ki, dur gedək gəzək. Əsgərlərini çox sevirdi. 2000-ə yaxın əsgəri var idi. Baxmayaraq ki, rütbəsi yüksək idi, özünü onlardan ayırmırdı. Atam düşünürdü ki, hər şeyə qadağa qoymaqla nəticə olmaz”.
38 illik həyatı boyunca qazandığı uğurları kimi ölümü də adi olmadı Ramaldanovun... Tovuz döyüşlərində general Polad Həşimovla çiyin-çiyinə idi.
Aygün Ramaldanovanın sözlərinə görə, Polad Həşimov Babəkə deyirmiş ki, narahat olma, hara getsəm, səni də özümlə aparacam: “Polad şəhid olanda düşündük ki, Babək xilas oldusa, daha ona nəsə olmaz. Amma söz verdiyi kimi etdi, Babəki də özü ilə apardı... Babək bu müharibədə çox arxayın idi. Təhlükə olduğunu bilsə də, ölümü gözləmirdi... Payız gələndə darıxırdım. Babək şəhadətə qovuşanadək son 2 il idi payızı sevməyə başlamışdım. Ölümündən bir gün qabaq, gecə 10:35-də onunla danışmışdım. Səsi xırıltılı gəlirdi. Dedi, sabah səninlə əlaqə saxlayaram. Səhəri gün şəhid oldu”.
Babəkin anası Xalidə xanıma hadisə bir neçə gün əvvəl agah olub. Deyir, bir işarə hiss edəndə neqativdən uzaqlaşmağa çalışıb: “Babəkin xəbəri gəlmzədən 2 gün əvvəl qarşımdan təcili yardım və hərbi maşın keçdi. Dedim, hə, bu şəhiddi gedir. Sonra yuxuda gördüm ki, stolun üstündə soğanlar var, ağlayıram. Amma inanmaq istəmirdim. Babəki martdan bəri görmürdüm. Onun şəhid xəbəri gələndə düşündüm ki, biz haray salsaq, ağlasaq xoşuna gəlməz. Niyə ruhunu incidək ki...”
Babəkin şəhadətindən əvvəl evdə zaman donur. Anası deyir ki, bir həftə əvvəl evdəki saat xarab oldu, ta Babəkin nəşi gələnədək: “Bu divardakı saat onun şəhadətindən bir həftə əvvəl dayandı. Nə qədər çalışsaq da, saat işə düşmədi. Tabutu gəldi, nə qədər istədilər işığı yandırsınlar, yanmadı. Dedim onun işığı sönüb, yanmayacaq...”
Ailənin başına gələn maraqlı məqam isə Babəkin şəhadətindən 6 ay sonra həyətdə bitən xarıbülbül çiçəyidir. Aygün Ramaldanovanın sözlərinə görə, bu çiçəyi kimsə ona hədiyyə etməyib: “Bu il təsadüfən anamgildə bağa düşdüm. Baxdım ərik ağacının dibində xarıbülbül çıxıb. Anamı çağırıram, inanmır. Nə Şuşadan gələn var, nə də torpaq gətiriblər. Bu hadisədən sonra bir daha əmin oldum ki, biz Babəki görmürük, amma o bizi görür”.
Babək qələbə üçün döyüşə yollanmışdı. İstəyi yalnız zəfərlə qayıtmaq idi. Bu gün həyat yoldaşının yeganə məqsədi Ramaldan və Süleymanı atalarının adına layiq böyütməkdir: “Məni indi Aygün kimi yox, Babəkin yoldaşı kimi tanıyırlar. Onun adına layiq həyatı yaşamaq istəyirəm. Çox istərdim ki, Ramaldanı, Süleymanı tanıyanda desinlər ki, həmən igidin övladlarıdır. Biz Babəklə bir-birimizi tamamlayırdıq. Babək yoxdur, sanki qanadlarımı götürüblər. Sağam, yaşayıram, yaxşı günlər görürəm, ancaq uçmuram. Yeganə məqsədim Babəkin başını uca etməkdir. Əminəm ki, Babək bizi görür. Elə vaxtlar olur ki, uşağa deməyə söz tapmıram. Babəkin yerini heç vaxt verə bilmərəm. Çox istərdim ki, bu dünyadan köçəndə rahat köçüm”.