ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Derek Hoqan və ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Amanda Sloat ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şaffer (ABŞ) və İqor Xovayevlə (Rusiya) görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Həmsədrlər keçən həftə BMT Baş Assambleyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 2020-ci ilin noyabr ayından bəri ilk görüşünün keçirilməsini uğurlu hesab etdiklərini bildiriblər.
Ötən il sentyabrın 27 -də Qarabağda aktiv hərbi əməliyyatların başladığını xatırladan həmsdərlər hər iki tərəfdən insanların ölümü ilə əlaqədar başsağlığı veriblər.
Görüş iştirakçıları vurğulayıblar ki, regionda sülhə nail olmaq və Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq yalnız həll olunmamış bütün problemlərin hərtərəfli həlli ilə mümkündür.
Hoqan və Sloat həmsədrlərin Azərbaycan və Ermənistan arasındakı səylərini – bölgədə təhlükəsizliyin, sabitliyin və firavanlığın təşviqinə yönəlmiş birbaşa dialoq yolu ilə sülh prosesini bərpa etmək əzmini alqışlayıb.
ABŞ-ın Qarabağ münaqişəsi ilə bağlı və ya yaranan bütün həll olunmamış məsələləri, o cümlədən hərbi əsirlər, itkin düşmüş və ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar Ermənistan və Azərbaycana kömək etmək üçün digər həmsədr ölkələrlə əməkdaşlığı davam etdirmək əzmində olduğunu bildiriblər.