28 Sentyabr 13:54
290

Ötən il sentyabrın 27-də başlanan 44 günlük Zəfər yürüşünün ildönümü münasibətilə Ukrayna Azərbayacanlıları Radasında fotosərgi təşkil olunub.

Teleqraf.com xəbər verir ki, sərgidə azad olunmuş vətən torpaqlarında mənfur düşmənlərimizin törətdiyi vandalizm əməllərini əks etdirən fotolar nümayiş olunur.

Azərbaycan dövlət himninin oxunması ilə başlayan sərgidə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan fotosərgidə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, Ukrayna Ali Radasının deputatı, Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr qrupunun rəhbəri Valeri Kolyux, Ukraynanın Etnosiyasət və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin sədri Alyona Boqdan və onun müavini Vyaçeslav Qorşkov, Ukraynada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, türkdilli ölkələrin diaspor rəhbərləri, ərəb ölkələrinin diaspor nümayəndələri, tanınmış siyasi analitiklər, media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən UAR baş katibi Ceyhun Məmmədov iştirakçılara Vətən müharibəsi haqda məlumat verib. Bundan başqa UAR-ın həmtəsisçisi Oleq Krapivin, Elmira Axundova, Valeri Kolyux, Alyona Boqdan, ukraynali yazıçı Sergey Qrabar və digər iştirakçılar tədbirdə çıxış ediblər.

Çıxışlardan sonra UAR baş katibi fotosərgini açıq elan edib.


Müəllif: Mənsur Rəğbətoğlu