9 Oktyabr 17:25
1 532

“Ötən ilin bu günü işğaldan azad edilmiş Hadrut qəsəbəsini kiçik, amma gözəl bir şəhərə çevirmək üçün addımlar atmalıyıq”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Ekspert Hadrutun işğaldan azad olunmasının ermənilərin separatçı planlarını alt-üst etdiyini bildirib:

“Hadrut əməliyyatı, bu qəsəbəmizin işğaldan azad edilməsi bir neçə səbəbdən vacib idi.

Birincisi, Hadrutun işğaldan azad edilməsi qondarma qurumun “sərhədlərini” dağıtdı, Ermənistanın dilinə gətirdiyi və sırımağa çalışdığı “status” arqumentinin üstündən xətt çəkdi.

İkincisi, son 30 ildə ilk dəfə Azərbaycan Ordusu qondarma qurumun “öz ərazisi” kimi elan etdiyi torpaqlarımıza daxil oldu.

Üçüncüsü, Hadrutun işğaldan azad edilməsi və hərbi qələbə Ermənistan ordusunun müqavimətini qırdı, “soyuq duş” effekti yaratdı, 44 günlük hərbi qələbəmizin əsas hadisələrindən birinə çevrildi.

Dördüncüsü, Hadrutun strateji coğrafi mövqeyini nəzərə alaraq işğaldan azad edilməsi digər əməliyyatların uğuru üçün qapı açdı.

Beşincisi, Hadrut əməliyyatı unikal hərbi əməliyyat idi, igid Azərbaycan əsgərinin hərbi hazırlığının yüksək səviyyədə olduğu göstərdi.

Altıncısı, Hardut əməliyyatı Şuşanın işğaldan azad ediləcəyinin ilk və ən böyük xəbərçisi idi”.

Natiq Cəfərli qeyd edib ki, indi bu qəsəbəmizi kiçik, amma gözəl bir şəhərə çevirmək üçün addımlar atmalıyıq:

“Əvvəllər dediyim fikirdə qalıram: Hadrutda ölkənin ən böyük və nüfuzlu universiteti açılmalı, tələbə şəhərciyinə çevrilməsi üçün addımlar atılmalıdır. Hadrutda olan dostların və mütəxəssislərin fikrinə görə, oranı 120-150 minlik çəhərə çevirmək mümkündür, bunun üçün ərazi, resurslar və münbit şərait var. Hadrut kimi stateji məkanda 120-150 minlik şəhərin olması Qarabağın dağlıq hissəsində məskunlaşmanın təməlini təşkil edəcək, iqtisadi imkanlar yaradacaq, şəhərin özü-özünü dolandırmasına səbəb olması ilə yanaşı, ətraf yaşayış məntəqələri üçün də iqtisadi fürsətlər üçün cəlbedici mərkəzə çevriləcək. Bundan başqa, hər iki icmanın birgə yaşaması üçün Hadrut simvolik önəmə malik olan şəhər ola bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu