15 Oktyabr 2021 12:15
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Azərbaycanlıları Radası və Azərbaycan Tələbə və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə Vətən müharibəsi qəhrəmanlarını yad etmək, Azərbaycan həqiqətlərini Ukrayna ictimaiyyətinə çatdırmaq məqsədilə Kiyevdə gənclərin aksiyası keçirilib.

UAR-dan Teleqraf.com-a verilən məlumata görə, “Azadlıq” meydanında Azərbaycan Gənclər Fondunun və Diasporla iş üzrə Dövlət komitəsinin dəstəyi ilə keçirilən aksiya zamanı Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi hərbi cinayətlər, erməni vandalizmini haqda məlumatları əks etdirən bukletlər kiyevlilərə və şəhərin qonaqlarına paylanıb.

İşğal dövründə Azərbaycanın mədəni irsinə, təbiətinə və mülki əhalisinə qarşı törədilən cinayətlər haqqında paytaxt sakinlərinə məlumat verən gənclər müharibənin mülki insanlar, xüsusilə yeniyetmə və uşaqlarda iz qoyduğu unudulmaz və ağır təsirlər haqqında fikirlər səsləndirərək, erməni vandalizminin səbəb olduğu dəhşətli faktlar barədə insanları məlumatlandırıblar. Maraqla qarşılanan aksiyada azərbaycanlı gənclərə yaxınlaşaraq daha ətraflı məlumat alan və fotolar çəkdirən Kiyev sakinləri Azərbaycan-Ukrayna dostluğunu bir daha nümayiş etdirərək, ölkəmizə dəstək olduqlarını bildiriblər.

Aksiyada gənclər tərəfindən Azərbaycan xalqına bu böyük zəfər sevincini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə edilib, şanlı Qələbəni bizə bəxş edən şəhidlər ehtiramla yad olunub, qazilərə şəfa arzulanıb və bir daha “Qarabağ Azərbaycandır” şüarı səsləndirilib.


Müəllif: Mənsur Rəğbətoğlu