23 Oktyabr 2021 19:28
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov rayonunda 44 günlük Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımız - Murad Məmmədov və Ziyad Muradovun anım günləri keçirilib.

Teleqraf.com xəbər verir ki, anım gününə qatılan Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin nümayəndələri şəhidlərin ailə üzvləri ilə birgə onların məzarlarını ziyarət edib, məzarlarına əklil və güllər qoyulub.

Daha sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib, adlarına ehsan verilib, onların ruhuna dualar oxunub.

Tədbirlərdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Vətən Müharibəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq 27 sentyabr - Anım günündəki yürüşdə Murad və Ziyadın portretləri də qaldırılıb. Həmin portretlər şəhidlərin ailə üzvlərinə təqdim edilib, onlar isə öz növbəsində şəhidlərin xatirələrinə verilən qiymət və hörmətə, hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezdenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Vətən Müharibəsi zamanı göstərdikləri şücaət Müzəfər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək Şəhid Murad Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə, Şəhid Ziyad Muradov isə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” meddaları ilə təltif ediliblər.


Müəllif: Mənsur Rəğbətoğlu