26 Oktyabr 2021 15:47
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il sentyabrın 27-də etibarən Azərbaycan tarixində xüsusi mərhələ başladı. Biz 30 ilə yaxın idi ki, bu günləri gözləyirdik. Bir-birinin ardınca gələn qələbə xəbərləri bizi nə qədər sevindirirdisə, erməni terroru nəticəsində dinc əhalinin, o cümlədən qadın və uşaqların həlak olması, döyüşlərdə igid övladlarımızın şəhid olması xəbərləri ilə kədərlənirdik. Lakin insanların ruh yüksəkliyi bir söz deyirdi: “Təki Vətən sağ olsun!”, “Təki torpaqlarımız işğaldan azad olunsun!”. Bu qəribə bir hiss idi, hər kəs bacardığı işi yerinə yetirməklə qələbəyə öz töhfəsini vermək istəyirdi. Ermənistanda döyüşməyə əsgər tapılmırdı, fərarilərin sayı durmadan artırdı. Azərbaycanda isə hərbi səfərbərlik xidmətləri qarşısında döyüşə getmək üçün cavanlarımız növbəyə dururdular. Hamı bir nəfər kimi Ali Baş Komadan İlham Əliyevin ətrafında sıx birləşərək mübarizə apardı. Hər gün xoş xəbərlər aldıqca sanki, yenidən ruhlanırdıq.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycanın hər qarışı bizim üçün doğmadır: “Ötən il oktyabrın 25-də Qubadlı işğaldan azad edildi. Əlbəttə, bu xəbər hər kəsi sevindirdi. Qubadlının işğaldan azad edilməsi təkcə bu həsrətlə yaşayanları deyil, həm də bu arzu ilə dünyadan köçən narahat ruhları da sevindirir. Bu gün mənim atamın, nənəmin də ruhu şaddır. Torpaqlarımız düşmən tapdağından azad olunub. Nəfəs alır, sanki biz də yenidən cavanlaşırıq, yeni arzular, planlarla yaşayırıq. Bizə bu möhtəşəm hissləri yaşadan başda Ali Baş Komandan İlham Əliyev olmaqla, hər bir əsgərimizə, zabitimizə təşəkkür edirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik”.

Professor söyləyib ki, Qubadlı rayonunun təbiəti olduqca gözəl və zəngindir: “Qubadlı palıd, vələs, alma, armud, fındıq, əzgil, zoğal ağaclarından ibarət meşələr, dağ çayları, şəlalələr, bulaqlar, xınalı kəkliklər, qırqovullar, turaclar və digər qiymətli quş və heyvan növləri ilə zəngindir. Təəssüflər olsun ki, Qubadlı meşələri ermənilər tərəfındən qırılaraq Ermənistana və ya xarici ölkələrə daşınıb. İşğala qədər qubadlılar heyvandarlıqla, tütünçülüklə və taxılçılıqla məşğul olurdu. Qubadlıda hələ istifadə olunmamış böyük əqiq (aqat) yatağı, mərmər və digər faydalı maddi sərvətləri var. Eyni zamanda Qubadlı qədim yaşayış məskənlərindəndir. Burada tarixi abidələr, qalalar, türbələr, mağaralar, məscidlər var idi. Əfsuslar olsun ki, bütün bu tarixi-mədəni irsimiz erməni vandalizminin qurbanı olub. Sözsüz ki, Qubadlı təkcə təbiəti ilə deyil, görkəmli şəxsiyyətləri ilə zəngindir. Bu rayonun Seyid Mir Həmzə Nigari, Mir Sədi ağa, Qaçaq Nəbi haqqında yeganə elmi araşdırmanın müəllifi pedaqoq, filoloq, ədəbiyyatşünas, tarixçi Bəhlul Behcət, geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü Əli Əmiraslanov, tanınmış yazıçı Süleyman Rəhimov, Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyev, Şükür Həmidov, general-mayor Mais Bərxudarov kimi tanınmış şəxsiyətləri, qəhrəmanları var”.

Millət vəkili Qubadlı ilə onun da mənəvi bağlarının olduğunu bildirib: “Mən də bu torpağın yetirməsiyəm. Atam Kamran Hüseynov dövrünün tanınmış ictimai-siyasi xadimi olmaqla yanaşı, şeirə, sənətə böyük önəm verirdi. Atam Qubadlıya, bərəkətli torpağına, saf suyuna, təravətli çiçəklərinə o qədər vurğun idi ki, bu mövzuda şeirlər yazır, fəlsəfi düşüncələrini qələmə alırdı. O, doğma yurdunun təbiətinə, dağına, gülünə o qədər vurğun idi ki, həyatında son şeirini də məhz Qubadlının Hərtiz dağına həsr etmişdi”.

Komitə sədri vurğulayıb ki, ermənilərin işğal dövründə azərbaycanlılara məxsus yaşayış məntəqələri, dini, tarixi abidələr barbarlığa məruz qalıb: “Ötən ilin dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfər edərkən biz gördük ki, ermənilər bütün kəndləri dağıdıb. Onlar təkcə bizə deyil, evimizə, onun daşına, divarına, ağaca da nifrət hissi ilə yanaşıb, ekoloji terror törədib. 30 ilə yaxın işğalda saxladıqları ərazidə heç nə tikib-yaratmayıb, ancaq talan ediblər. Əgər bu torpaqlar onların idisə, bəs niyə bir dənə də yeni tikilmiş binaya rast gəlmək olmur? Demək, onlar bilirdilər ki, bu torpaqların əsl sahibi azərbaycanlılardır”.

Hicran Hüseynova hesab edir ki, Qubadlıda, Qarabağ və Şərqi Zəngəzurda görülən işlər, həyata keçirilən layihələr xalqımızın iradəsini, dövlətimizin gücünü, iqtisadi potensialını nümayış etdirir: “Çox tezliklə, bu ərazilərdə yenidən həyat canlanacaq, insanlar öz doğma evlərinə qayıdacaq”.


Müəllif: Tapdıq Qurbanlı