28 Oktyabr 2021 09:23
21 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ yenidən qurulmaqda, inkişaf etməkdə və dünyanın turizm cənnətinə çevrilməkdədir. Elə bir vaxt gələcək ki, Qarabağ rəsmi görüşlər, beynəlxalq forumların keçiriləcəyi məkan olacaq. Qənaətimə görə, Prezident İlham Əliyev sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv olan ölkələrin bir neçə başçısını Qarabağa dəvət edə bilər. Bunları ən yüksək şəkildə həyata keçirmək imkanımız var. Artıq bunun ənənəsi iki qardaş ölkənin prezidentləri tərəfindən qoyulub. Bu ənənənin perspektivinə böyük ümidlə baxmaq olar”.

Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri bizim hansı önəmə malikdir?

- Bu, çox möhtəşəm bir səfər idi. Rəcəb Tayyib Ərdoğanın təyyarəsinin paytaxta yox, cəmi bir il əvvəl işğaldan azad edilmiş Füzulidə tikilmiş beynəlxalq hava limanına enməsi və burada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi, bu limanın açılışında iştirak etməsi tarixi olaydır. Bunun dünyada rezonans doğuracağı şübhəsizdir.

Dünya bununla bir daha gördü ki, Türkiyə-Azərbaycan strateji müttəfiqliyi daha yüksək səviyyələrə qalxır və yeni forma alır. Qarabağa hava qapısının Füzulidən açılması dünyaya onu da sübut etdi ki, bu torpaqların əs sahibləri olan azərbaycanlılar 28 illik işğaldan sonra yenidən buranı dirçəldir, canlandırır və sözün əsl mənasında böyük xarüqələr yaradırlar.

Füzuli beynəlxalq hava limanı dünyada rekord hesab ediləcək müddətdə - təxminən 7 aya inşa olunub. Qısa müddətdə tikilən bu hava limanı müasir dünya standartlarına tam cavab verir.

Burada diqqəti bir başqa məqam çəkir. Bu da odur ki, rəsmi qarşılanma mərasimi bütün atributları ilə canlanmaqda olan Qarabağda həyata keçirildi. Türkiyə Cümhuriyyətinin başçısı hava limanının açılışından sonra Zəngilanın Ağalı kəndinə getdi. Azərbaycan prezidenti onu burada bütün diplomatik qaydalara uyğun olaraq qarşıladı.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı görüş də Zəngilanda keçirildi. Yəni diplomatik protokolun bütün müddəaları azad edilmiş Qarabağda reallaşdırıldı, sanki bütün bunlar paytaxtda baş verirdi. İşğal dövründə dağıdılmış, indi abadlaşan kiçik Ağalı kəndi belə bir tarixi olaya ev sahibliyi etdi.

Eyni zamanda, liderlər burada “Ağıllı kənd”in açılışını həyata keçirdilər. Kənd bundan sonra da tikiləcək. Liderlər orada həyata keçiriləcək digər böyük layihələrin də təməlqoyma mərasimində iştirak etdilər.

Ərdoğanın bu səfərində diqqət çəkən mühüm məqamlardan biri də Zəngəzur dəhlizinin bir hissəsi olacaq yolun təməlinin qoyulması idi. Bu yol 132.5 kilometr olacaq, bunun bir hissəsi kimi 4 böyük tunel inşa olunacaq. Artıq bunun 3-nün inşası başa çatmaq üzrədir. Beləliklə, Zəngilan gələcəkdə türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin qovşağına çevriləcək.

Prezident Ərdoğan qısa müddətdə görülən bu böyük işləri fəxrlə izlədiyini dedi. Bildirdi ki, “Altı ay əvvəl bura gəlmişdim, onda indi gördüklərimin heç biri yox idi, bu qədər işi altı aya görmək, hər oğulun işi deyil”.

Türkiyə lideri Azərbaycan prezidentinin bu işlərin görülməsində nə qədər böyük rol oynadığını vurğuladı. Bir ayağı Bakıda, bir ayağı azad edilmiş ərazilərdə olan ölkə prezidenti Qarabağın arxitekturu və memarı kimi tarixə düşəcək. Onun Qarabağda görülən işlərdən bir an belə diqqətini çəkməməsi Ərdoğanın bu cür fikirlər səsləndirməsinə imkan verdi.

Zəngilanda keçirilən görüşdə Türkiyə və Azərbaycan liderləri arasında bölgədəki son proseslərin bütün aspektləri müzakirə edilib. Eyni zamanda, bunlarla bağlı iki dövlətin birgə atacaqları addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə lideri bildirdi ki, ölkəsi bundan sonra Azərbaycanın bölgədə atacağı bütün addımları dəstəkləyəcək, onun yanında olacaq. Qənaətimə görə, Türkiyənin müdrik prezidentinin Azərbaycana bir günlük səfəri tarixində görülməmiş bir səfərdir. Cəmi bir il əvvəl işğal altında olan ərazilərdə indi beynəlxalq hava limanının inşa edilməsi, böyük bir dövlətin liderinin burada diplomatik protokolun bütün qaydalarına uyğun qarşılanması adi hadisələr deyil. Bunlar onu göstərir ki, iki qardaş ölkənin strateji müttəfiqliyi yeni çalarlarla inkişaf etməkdədir.

- Ərdoğan bildirdi ki, Prezident İlham Əliyevlə Türkiyə-Azərbaycan münasibətlərinin daha da dərinləşdirilməsi məsələsini müzakirə edib. Sizcə, bu yöndə hansı addımlar atıla bilər?

- Artıq münasibətlərin dərinləşdirilməsinin çox möhtəşəm bünövrəsi qoyulub. İki ölkənin ordularının birləşdirilməsi yolunda addımlar atılır. Bu baxımdan, qardaş ordu briqadalarının yaradılması prosesi gedir. Eyni zamanda, Azərbaycan ordusunun NATO və Türkiyə standartlarına uyğun qurulması yönündə işlər aparılır.

Türkiyə hərbçiləri və mütəxəssisləri bu prosesdə yaxından iştirak edirlər. Eləcə də hərbi məktəb və akademiyaların, döyüş hazırlığı mərkəzlərinin bir-birinə yaxınlaşdırılması və uyğunlaşdırılması prosesi gedir. Üstəgəl, gələcəkdə Azərbaycan və Türkiyə hərbi sənayesinin birləşdirilməsi və ortaq müəssisələrin yaradılması istiqamətində də addımlar atılır.

Məsələn, artıq “Bayraktar” pilotsuz uçan aparatlarının Bakıda istehsalına dair razılaşma əldə olunub. Yaxın vaxtlarda bu zavodun təməlinin qoyulması baş tutacaq. Bu zavoda istehsal ediləcək PUA-lar onu almaq istəyən ölkələrə təhvil veriləcək.

Bundan başqa, iki ölkənin beynəlxalq tədbirlərdə birgə hərəkət etməsi çoxdan norma halını alıb. Bundan sonra xarici siyasət xətti və diplomatik fəaliyyətdə ortaq cəhətlərin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi diqqət mərkəzinə qoyulub. Türkiyə Azərbaycanla əməkdaşlığı bütün sahələr üzrə dərinləşdirməkdə maraqlıdır. Bu, Azərbaycanın da maraqlarına uyğundur. Nəzərdə tutulmuş bütün planların həyata keçirilməsi üçün bundan sonra da ciddi addımların atılacağının şahidi olacağıq.

- Bəs Türkiyə prezidentindən sonra daha hansı ölkələrin liderləri Qarabağa gələ bilər?

- Ərdoğan xarici dövlətlərin Qarabağa rəsmi səfərinin bünövrəsini qoydu. Bununla çox ağıllı addım atdı. Türkiyə lideri bununla Qarabağın kimə aid olduğunu dünyaya göstərdi. Hesab edirəm ki, Azərbaycana səfər etmək istəyən digər ölkələrin rəsmi nümayəndələri ilə də siyasi rəhbərlik məsləhətləşmələr aparır. Məsələn, niyə Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev Qarabağa gəlməsin? Yaxud Qazaxıstanın elbaşı sayılan, vaxtilə Yeltsinlə birlikdə Qarabağ münaqişəsi ilə əlaqədar bu bölgəyə gəlmiş Nursultan Nazarbayev niyə də həmin dövrdəki xatirlərini təzələmək və ya burada görülən işləri görmək üçün bura gəlməsin? Onu bir qonaq və Qazaxıstanın xarizmatik lideri kimi Qarabağa dəvət etmək olar.

Eyni addımı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdən də gözləyə bilərik. Özbəkistan 44 günlük Vətən Müharibəsində Azərbaycana siyasi dəstək verdi. Eyni zamanda, Özbəkistan cəmiyyətinin bütün təbəqələri Azərbaycanın haqq işini müdafiə etdi. Özbəkistandan olan rəsmi nümayəndələr bu gün də beynəlxalq tədbirlərdə Azərbaycanın yanında olduqlarını dilə gətirirlər.

Qarabağ yenidən qurulmaqda, inkişaf etməkdə və dünyanın turizm cənnətinə çevrilməkdədir. Elə bir vaxt gələcək ki, Qarabağ rəsmi görüşlərin, beynəlxalq forumların keçiriləcəyi məkan olacaq. Qənaətimə görə, Prezident İlham Əliyev sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv olan ölkələrin başçılarını Qarabağa dəvət edə bilər. Bunları ən yüksək şəkildə həyata keçirmək imkanımız var. Artıq bunun ənənəsi iki qardaş ölkənin prezidentləri tərəfindən qoyulub. Bu ənənənin perspektivinə böyük ümidlə baxmaq olar.


Müəllif: Mənsur Rəğbətoğlu