9 noyabr 2020-ci il tarixli bəyanatda qeyd olunan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı razılaşmalar bütövlükdə yerinə yetirilir. Bakı və İrəvan onun bütün müddəalarının gələcəkdə də həyata keçirilməsinə sadiq qalırlar.
Teleqraf.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.
Qeyd olunur ki, Rusiya sülhməramlılarının iştirakı ilə 2020-ci il dekabrın 2-dən ümumilikdə 122 hərbi əsir və saxlanılan şəxs geri qaytarılıb. Onlardan 105-i Ermənistana, 17-si isə Azərbaycana qaytarılıb. Öz növbəsində üç paket minalanmış ərazi xəritəsi Azərbaycan tərəfinə təhvil verilib.
Nazirlik həmçinin bildirib ki, Rusiya sülhməramlıları regionda dinc həyatın bərqərar olmasında fəal iştirak edir, ora mütəmadi humanitar yardımlar çatdırılır, ərazi minalardan təmizlənir.
“Tərəfdaşlarımızla birlikdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci il 11 yanvar tarixli bəyanatında təsbit olunmuş Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması üzrə tapşırıqları ardıcıl şəkildə həyata keçirmək niyyətindəyik”, - nazirlik əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılmasının vacibliyini xatırladıb və sonrakı demarkasiya üçün onun delimitasiyası prosesinə tezliklə başlamağa çağırıb.