“Rusiyanın Qarabağdakı sülhməramsız kontingenti oradakı ermənilərə aşkar şəkildə havadarlıq və hamilik etməklə yanaşı, onların yeni mövqelər hazırlamalarına, postlar tikmələrinə və s. göz yumur. Bu azmış kimi, abdal mesajlar verməklə də məşğuldur. Xocalıda, rusiyalı sülhməramsızların əsas hərbi bazasının ərazisində Rusiyanın tarixi və mədəniyyətinin 10 məşhur xadiminin büstləri qoyulub, xiyaban salınıb. Büstlərin müəllifi, heykəltəraş Mixail Serdyukov bildirir ki, sən demə, Qarabağda bundan sonra silsilə xiyabanlar salınacaq.
Bunun bir adı var: həyasızlıq və siyasi əxlaqsızlıq. Rusiyalı sülhməramsızlar Qarabağda müvəqqəti yerləşdikləri əraziləri öz əraziləri sayırlar? Yoxsa düşünürlər ki, məktəblər, kilsələr, tibb məntəqələri tikməklə olmayan mandatlarının vaxtıneı uzada biləcəklər? Bu büstlər də sülhməramlı fəaliyyətdir yoxsa...?
Eyni ssenarini Moskva əvvəllər Cənubi Osetiyada və Abxaziyada tətbiq etdiyindən, kobud desəm, dişində şirə qalıb. Məhz budur Rusiyanın ermənilərin terror və diversiya hazırlıqlarına göz yummasının, Qarabağdakı ermənilərə dəstək verməsinin, Ermənistanı sürətlə silahlandırmasının səbəbi”.
Elçin Alıoğlu qeyd edib ki, Xocalıda ucaldılmış "Rusiyalı sülhməramlı və erməni uşaq" abidəsi də tam absurddur:
“Moskva mesaj verir ki, “rusiyalı əsgər zavallı və məsum erməni uşağını qəddar azərbaycanlı əsgərjən qoruyur?”. Nədən o uşaq rusiyalı əsgərə belə sığınıb?
Söz yox, həmin heykəl heykəltaraş Yevgeni Vuçetiçin Berlindəki Treptov-parkdakı “Azadlıq gətirmiş əsgər” abidəsinin bəsit, primitiv kompilyasiyası, zövqsüz ideya plagiatıdır. Amma, o heykəl simvolik məna daşıyır. Azərbaycan isə belə simvolların nə demək olduğunu əla bilir, əla xatırlayır. Şübhə yox ki, Rusiya mümkün qədər uzun müddətdə Qarabağda qalmağa çalışacaq, oradan çıxmamaq üçün əlindən gələni edəcək. Amma arzusu puç olacaq və bunun da bir çox səbəbi var”.