Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 19-da Moskvada ATƏT-in hazırkı sədri, İsveç XİN-in başçısı Ann Linde ilə Qarabağda və Dnestryanı bölgədəki vəziyyətin nizamlanmasında ATƏT-in köməyini müzakirə edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
Qeyd olunur ki, tərəflər Qarabağda və Dnestryanı bölgədəki vəziyyətə, həmçinin təşkilatın Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üzrə Cenevrə diskussiyalarında vasitəçiliyinə dair məsələlərə toxunacaq, 2003-cü ildən ATƏT-in Asiya tərəfdaşı rəsmi statusuna malik olan Əfqanıstandakı böhrandan əziyyət çəkən Mərkəzi Asiya dövlətlərinə kömək göstərilməsində ATƏT-in mühüm rolunu müzakirə edəcəklər.
Bundan əlavə, tərəflər Avropa təhlükəsizliyi sahəsində və Avropada adi silahlar üzərində nəzarət rejiminin gücləndirilməsi işlərinin cari vəziyyətini nəzərdən keçirmək niyyətindədirlər.