“Ermənistan rəhbərliyi gec-tez Qarabağdakı qanunsuz birləşmələrinin ləğvi ilə bağlı Azərbaycanın tələbini qəbul edəcək. Çünki bunu ehtiva edən sənədə imza atıb, başqa yolu yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması istiqamətindəki son gəlişmələrə diqqət çəkib:
“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiyaların açılması istiqamətində praktiki nəticələrə yaxın olduqlarını deyib və Zəngəzurdan keçəcək dəmir yolunun inşası işinə başlanıldığını açıqlayıb. Bundan əlavə, hakim “Vətəndaş Müqaviləsi” Partiyası və Paşinyanın prezidentliyə namizədi Vaaqn Xaçaturyan Azərbaycan və Türkiyə ilə sülhün əldə olunmasının vacib olduğunu bildirib. Xaçaturyana görə, qonşu ölkələrlə yaxşı keçinmək lazımdır.
Hesab edirəm ki, Ermənistanın bir neçə gün əvvəl istefa verən prezidenti, “Qarabağ klanı”nın üzvü Armen Sərkisyan məhz sülhə qarşı olduğu üçün vəzifəsindən uzaqlaşdırıldı. Artıq Paşinyana tabe olan şəxs prezident postuna gətirilir. Beləliklə, bütün siyasi sistem tamamilə Paşinyanın əlinə keçir. Bundan sonra Paşinyanın əsas vəzifəsi Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaq olmalıdır”.
Məhəmməd Əsədullazadəyə görə, Ermənistanın bu iki ölkə ilə əlaqələrini bərpa etməkdən başqa yolu qalmayıb:
“Ermənistan buna məcburdur. Amma Qarabağdakı separatçılar bu əlaqələrə zərbə vurmaq üçün Rusiyanın tapşırığı ilə sabotaja əl atır. Ermənistan baş naziri isə Qarabağın adını çəkmir. Çünki bu məsələni qaldırmağın onsuz da çətin durumda olan Ermənistanın vəziyyətini bir qədər də pisləşdirəcəyini yaxşı bilir. Separtaçılar isə Paşinyan bu xəttinə qarşı mövqe tuturlar. Bunu da öz iradələri ilə etdiyini düşünmürəm. Ermənistan rəhbərliyi gec-tez Qarabağdakı qanunsuz birləşmələrinin ləğvi ilə bağlı Azərbaycanın tələbini qəbul edəcək. Çünki bunu ehtiva edən sənədə imza atıb, başqa yolu yoxdur”.