Xocalı soyqırımının 30 illiyi ərəfəsində işğaldan azad edilmiş ərazilərə səfər edən xarici səyyahlar fevralın 17-də Kəlbəcər və Laçın rayonlarında olublar.
Teleqraf.com xəbər verir ki, səfər zamanı qonaqlar Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər tuneli qarşısında ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıların xatirəsini yad ediblər.
Sonra xarici səyyahlar İstisuya səyahət ediblər. Qonaqlara İstisu haqqında məlumat verilib. Bildirilib ki, İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriyası salınıb. Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə bütün dünyada tanınıb.
Daha sonra qonaqlar Laçın dəhlizindən keçiblər. Onlar yolboyu ətrafda ermənilər tərəfindən dağıdılmış binalara və tikililərə baxıblar.
Qeyd edək ki, ermənilər tərəfindən 30 ildən artıq işğal altında saxlanılan digər ərazilərimizdə olduğu kimi, Laçın və Kəlbəcər rayonlarında da heç bir iş görülməyib. Ermənilər bu torpaqlarda yalnız dağıdıcı və talançı fəaliyyətlə məşğul olublar. Xarici ölkələrdən olan səyyahlar bütün bunları öz gözləri ilə görüblər.