21 Fevral 2022 09:14
1 690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonu Əniğ kənd sakini 10 sentyabr 1996-cı il təvəllüdlü leytenant, kəşfiyyatçı şəhid İmaməliyev Sərraf Murtuzəli oğlunun təqaüd hüququnun pozulması haqqında məlumat vermişdik.

Məlumat üçün bildirək ki, şəhidin babası Muradhasil Ağalarov Teleqraf.com-a bildirmişdi ki, Sərraf iki yaşında olanda atası İmaməliyev Murtuzəli Muradhəsil oğlu 1998-ci il avqustun 10-da vəfat edib. Bundan sonra Sərrafı və ondan iki yaş böyük bacısı Natəvanı baba böyüdüb boya-başa çatdırır. Uşaqların anası Mühübəliyeva Elnarə Xeyrulla qızı isə ərə getdiyi üçün öz uşaqlarından – İmaməliyeva Natəvan və İmaməliyev Sərrafı saxlamaqdan, böyütməkdən, tələb etməkdən imtina edib. Bu barədə yazdığı ərizəni də 2000-ci ildə kənd sovetliyində öz imzası ilə təsdiq edir.

Amma dövlət orqanları Baləliyeva Elnarə Xeyrulla qızını şəhidin hüquqi varisi kimi tanıyıb. Elnarə Baləliyeva şəhid vərəsələrinə hesablanan sığorta ödənişini (11 min manatı) alıb qızı Natəvana verib. Amma qanunla hər şəhid ailəsi üçün müəyyən edilmiş aylıq 500 manat məbləğində təqaüdü özü alır.

Ətraflı burada

Hazırda şəhidin babası Muradhasil Ağalarov da, bacısı Natəvan İmaməliyeva da ədalətsizliklə qarşılaşdıqlarını deyirlər.

Teleqraf.com baş verənlərlə əlaqədar şəhidin bacısı Natəvan İmaməliyevanın da fikirlərin öyrənib.

O, 6 yaşından baba və nənəsinin himayəsində böyüdüyünü təsdiq edib: “Qardaşım Sərrafı da, məni də nənəm və babam saxlayıb. Yaşadığımız Əniğ kəndinin bütün sakinləri də dediklərimizi təsdiqləyə bilər. Birinci sinfə gedirdim, nə olub bitdiyini heç düz-əməlli də anlamırdım. Bizi gətirib babamgilə qoydular, ondan sonra ana üzü görməmişik. Mən ailə həyatı quran ərəfədə rəhmətlik nənəmin vəziyyəti ağır idi. Bizi nənəm barışdırdı. O anamı çağırıb dedi ki, gəl uşaqlarını gör, qız uşağıdır yiyəsiz kimi olmasın, ailə həyatı qurandan sonra qapısını açan olsun. Oğlan uşağı cəsarətini toplayıb öz ayağı üstə dayana bilir, amma qız uşağına həmişə dəstək lazımdır. Nənəm məni məcbur etdi ki, ananla danış. Amma qardaşım şəhid olana qədər anamla barışmadı.

Qardaşım şəhid olanda anam yasına ilk vaxtlar gəlib gedirdi. Şəhid ailəsi statusu söhbəti ortaya çıxandan sonra babam ona dedi ki, valideynlik hüququndan imtina etsin ki, Sərrafın hüquqi varisi bacısı Natəvan hesab olunsun. O da “Sərrafın anasıyam, onu dünyaya mən gətirmişəm, qayda-qanunla da haqq mənimdir” deyib imtina etmədi. Bu söhbətdən sonra onun bizə gəlib gəlib-getməsi kəsildi, açığı gəlməsinə babam da razı olmadı. Dövlət qayda-qanunla bütün hüquqları anama verib. Halbuki o, qardaşımı saxlamayıb. Yenə də deyirəm, bizi Muradhasil babam saxlayıb.

Qardaşım şəhid olana qədər anamla münasibətimiz yaxşı olub. Amma indi onunla çoxdandır danışmırıq. O, şəhid anası kimi 11 min manat sığorta pulunu alıb mənə verdi. Demişdi ki, mənə şəhid anası adından başqa heç nə lazım deyil. Amma indi ayda 500 manat məbləğində şəhid ailəsi üçün verilən təqaüdü haqqı olmaya-olmaya alır və deyir ki, nə edib-etməyəcəyinə özü qərar verəcək. Demək olar ki, bu söhbətdən sonra mənimlə olan əlaqəsi də, get-gəli də kəsilib, arada soyuqluq yaranıb”.

Natəvan İmaməliyeva hüquqi qiymətin verilməsi üçün işə məhkəmədə baxılmasını istədiklərini deyir: “Bu məsələyə rəsmi qaydada düzgün münasibət göstərilməyib. Sərraf məktəbə kimin evindən gedib, harada oxuyub, onun üzərində kimin əziyyəti olub?! Qayda-qanunla haqq kim saxlayıb boya başa çatdırıbsa, ona düşür. Babam yaşlı kənd adamı olub. Anamın övladlarından imtina etdiyinə dair ərizəsi Qusar rayon icra hakimiyyəti başçısının Əniğ kənd inzibati ərazi üzrə nümayəndəliyində təsdiqlənib. O vaxtlar kənd sovetliyi olub, notariuslar sonradan yarandı. Bütün sənədlər də kənd sovetliyinin möhürü ilə həll olunurdu. Babam da elə bilib ki, elə bu möhürlə hər şey həll olunur, daha dərinliyinə getməyib. Heç dəmə valideynlik hüququndan məhrum etmək üçün rəsmi qaydada məhkəməyə müraciət etmək lazımmış.

İndi şikayət olunan yerlərdən bizə bildirirlər ki, qanunla ana uşaqlardan imtina edəndən sonra notariat qaydada təsdiq edilmiş rəsmi razılıq ərizəsi olmalı imiş. Babam fikirləşməmişdi ki, oğul böyüdəcək, şəhid olacaq, rəsmi qaydada hüquqi varisik tələb olunacaq. Belə şeylər kimin ağlına gələrdi?! Babam savadsız olub, qayda-qanun bilməyib, elə bilib ki, bir imtina kağızı ilə hüquqi varis özüdür. Yenə də deyirəm, 11-ci sinfi bitirənə qədər ana görməmişəm, sonra da ancaq mən danışmışam, qardaşım onunla danışmayıb. O yenə də anamdır, ancaq babamın əziyyətini itirsəm, gözümdən gələr. Haqq deyilən bir şey var, onu danmaq olmaz axı...”

Natəvanın sözlərinə görə, anası ilə sonuncu dəfə danışanda valideynlik hüququndan imtina etməsini təkid edib: “O mənə dedi ki, dünyaya gətirən mənəmsə, analıq haqqı da mənimdir. Babam qəyyum olmaqdan çox, şəhid ailəsi üzvü kimi imtiyazlardan istifadə hüququnun mənə keçməsini istəyir. Amma anam konkret bildirdi ki, bu imtiyazlardan istifadə hüququ mənimdir. Dövlət də bu imtiyazları ona verib.

Babam bizi zülmlə, dişi-dırnağı ilə böyüdüb. Necə böyüdüyümüzü də yaşlı babam, bir mən, bir də şəhid qardaşım bilir. Nənəmin 60 yaşı var idi, amma məktəbə 7-8 yaşlarında uşaq yola salırdı. Biz başqaları kimi, keflə böyüyən uşaqlar deyilik. Biz çətinlik çəkə-çəkə, yetimçiliklə böyümüşük. Bu həyatı rəhmətlik qardaşımla mən yaşamışam. Babamın zəhmətini itirsəm, Allah mənim burnumdan gətirər. Haqqı itirmək olmaz. Bu, tərəf saxlamaq deyil, bizi kimin saxladığını dana bilmərəm. Ana sadəcə dünyaya gətirib. Aidiyyəti dövlət orqanları tərəfindən bu işə düzgün baxılmayıb. Cəfasını çəkən babam, səfasını çəkən başqaları oldu... Babam bizim yolumuzda saçını ağartdı, qalan ömrünü bizə həsr etdi. Yaşının bu çağında babama nə düşüb ki, yalan danışsın?!

Varislik məsələsi qalıb anamın öz insafına. Qardaşım olmayan yerdə ümumiyyətlə, mənə pul lazım deyil, heç buna ehtiyacım da yoxdur. Şükür Allaha, ailəm var, indiki dövrdə acından ölən də yoxdur. Mən əhd etməmişdim ki, gözümün ağı-qarası bir qardaşım dünyasını dəyişin, pulunu bölək. Sərraf mənim həyatdakı varım-yoxum, anam-atam, həm də arxa-dayağım idi. İşin mənəvi tərəfi əzabvericidir, fikirləşəndə ortada böyük bir haqsızlıq var”.

Şəhid bacısı deyir ki, babası Sərrafın adının əbədiləşdirilməsi məqsədilə oxuduğu məktəbə onun adının verilməsi ilə bağlı rayonda təhsil idarəsinə müraciətlər edib: “Amma nədənsə babama bunun mümkün olmadığını deyiblər. Qaradaşımla mən Əniğ kənd orta məktəbini bitirmişik. Mən 11-ci sinfi bitirəndə qardaşım da 9-cu sinfi bitirirdi. Babam biz çağırıb dedi ki, sizin ikinizi də oxutmağa imkanım yoxdur. Seçim etməli olduq. Fikirləşdim ki, mən ailə qurub gedəcəyəm, amma qardaşıma sənət lazımdır. Həkim olmaq istəyirdim, amma bu arzumun üstündən xətt çəkdim, qardaşımın oxumasını istədim. Amma indiki ağlım olsaydı, deyərdim ki, qardaşım yox, özüm oxuyum, bəlkə Sərraf da çoban olub kənddə sağ qalardı... (kövrəlir)”

Bu yazı "Qadın Konsensus Mərkəzi" İctimai Birlyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirdiyi "Şəhid ailələrin sosial problemlərinin həllinə dair təşəbbüslər" layihəsi çərçivəsində hazırlanıb


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər