26 Fevral 2022 09:07
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Orada yıxılan 50 yaşlarında qadın əlinə ağ dəsmal götürdü ki, atmayın. Güllə ağzından dəydi... Neçə adam qaçmaq istədi. Qoca, cavan, qadın - hamısını öldürdülər. Apardılar bizi, bir mal tövləsinə yığdılar. 3-4 gün tövlədə saxladılar. Səhər sübhdən saat 4-5 arasında gəldilər, 10-15 nəfəri seçdilər. Bir ananın gözü qarşısında 3 oğlunu seçdilər... Çöldə havaya güllə açdılar, guya onları öldürdülər... Güllə səsindən qulaq tutulurdu. Gördüm "Villis" izləri var. Bildim ki, hamısını "Villis"ə yığıb aparıblar. O gedən getdi, izləri, tozları olmadı. Gecələr ermənilər gəlirdilər. O qədər döyürdülər ki... 3-4 nəfər bir nəfərə hücum edirdi. Kiminin orqanları dağılırdı, ölürdü. Dözümlü olan sağ qalırdı. Qolunu kəsirdilər, qan fışqırıb göyə qalxırdı. Gülüşməyə başlayırdılar...”

Bu sözləri Teleqraf.com-a Xocalı faciəsinin şahidlərindən, 47 gün əsirlikdə qalan Qənahət Hacıyev deyib.

Onunla müsahibəni təqdim edirik.

- Xocalı xatirələrinizdə necə qalıb? Oranı necə xatırlayırsınız?

- 82 illik ömrümün 52 ilini Xocalıda yaşamışam. Əslən Laçın rayonundan olsam da, Xocalıda məskunlaşmışdıq. Xankəndi ilə aramızda 7 kilometr məsafə vardı. Avtokolonda işləyirdim. Xocalıda 5 yaxşı dolanan var idisə, biri mənim ailəmidi. Bünövrədən varlı olmuşuq. Ailədə 4 övladım, yoldaşım və özüm idim. Mən ermənilərlə birlikdə işləyirdim.

Hələ 1980-ci illərdən əvvəl ermənilərdə fərqli bir davranış müşahidə olunurdu. Yavaş-yavaş Azərbaycana yığışmağa, bizim vəzifəliləri sıxışdırmağa başladılar. Erməni kəndləri böyüdü. Kənardan - Bakıdan, İrəvandan erməniləri bizim zonaya köçürürdülər. Getdikcə vəziyyət pisləşirdi, bir də görürdün ki, çörək kəsdiyin adam qəfil tamamilə başqa biri olub.

- Təxribatlar neçənci illərdən başladı?

- Təxribatlar çoxdan var idi. 1988-ci ildən sonra geniş vüsət aldı. Artıq bizim vəzifəli şəxslərimizi qəbul etmir, onlara tabe olmurdular. Biz də mübarizəyə başladıq. Beləcə 1990-cı illərə gəldik. Bakıda 20 Yanvar hadisələri baş verdikdən sonra onların ayaqları bir az da yer aldı. Hərbi sursatımız, gücümüz onlarla müqayisədə çox az idi. Kəndi qorumaq üçün erməni kəndləri ilə sərhəddə özümüz postlar qurmuşduq.

- Ətrafda erməni kəndləri çox idi?

- 26 erməni kəndi, 1 erməni rayonu, 1 erməni şəhəri var idi, hamısı ilə sərhəddə post qurmuşduq. Xocalı mühasirədə idi. Bir yol var idi, Laçın Bakı o yolu da bağlamışdılar. Demək olar ki, hər axşam kəndə raket atırdılar. Sonu 1992-ci ilin 26 fevral gecəsi ilə nəticələndi. Özümüz də məəttəl qaldıq ki, necə oldu ki, hadisələr bu həddə gəlib çatdı....

- Qabaqcadan təhlükəni hiss etmişdiniz?

- Axşam saat 21 radələrində gurultu səsləri eşidilməyə başladı. Biz buna əhəmiyyət verməsək də, səs getdikcə artırdı. Sonra məlum oldu ki, bu tankların səsidir.

- Bəs o gecəyə qədər hansısa təxribatlar olmuşdu?

-Xankəndi və Əsgərandan keçən maşınlarımızın şüşəsini qırırdılar. Kəndi atəşə tuturdular və s. Bir gün bizə zəng etdilər ki, gedək Ağdamdan 8 maşın daş gətirək. Qabaqda rəis, ardınca mən və maşınlar hərəkət edirdi. Əsgəranda maşınları hamısını daş-qalaq etdilər. Salamat maşın qalmadı. Ağdama getdik, yenidən tankla bizi Xocalıya gətirdilər. Vəziyyət o həddə çatmışdı ki, artıq SSRİ qoşunları da onlara kömək edirdi.

Ağdamda qardaşımgil yaşayırdı. Xəbər gəldi ki, sizin maşın düzəldilib. Avtobusla Şuşa tərəfdən Ağdama gəldim. Maşınla Əsgəran postuna yollandım. Silahlı dəstələr postda dayanmışdı. Dedilər ki, bizə benzin və pul ver səni Əsgərandan keçirək. Bir bak benzin və 20 manat pul verdikdən sonra onlar məni Əsgəran postundan Xocalıya keçirdilər. Şəhərin hər iki çıxışında erməni postları varıydı.

Aradan 2 gün keçmiş xəbər gəldi ki, ermənilər bizim iki polisimizi Şəhid ediblər. Meyitlər götürüldükdən sonra, Bakı yolu tamamilə bağlandı. Xocalı kiçik kəndiydi. 26 erməni kəndinin arasındadır. İşıq, qaz artıq kəsilmişdi. Çörək bişirməyə un belə tapılmırdı, Ağdamdan vertolyotla gətirirdilər. Mən heç vaxt un almamışam. Ton yarım taxıl alıb üyüdürdüm. İllik ehtiyacım olan unu anbarda saxlayırdım. Kənd camaatı bunu bildiyinə görə mənə müraciət edirdi. Mən də onlara un verirdim ki, çörək bişirib yesinlər.

- Təhlükəni hiss edəndə kömək üçün harasa müraciət etmişdiniz?

- Birinci telefon bağlantısı kəsildi. Bir müddət sonra birtəhər Ağdama xəbər göndərdik. Köməyə bu gün gəlirlər, sabah gəlirlər, Əsgəranı alacaqlarını və Xocalının Ağdamla yolunu açacaqlartının deyib, bizi aldadırdılar. Ancaq nəticəsi olmadı. Bəlkə də bizi aldatmasaydılar, meşə vasitəsilə 3-5 nəfərlik qruplarla hiss-hissə kəndi tərk etmək olardı. Sonuncu vertolyot olmasa idi, Xocalıda daha çox qırğın olacaqdı. 450 nəfərə yaxın insan bir vertolyotla Xocalıdan çıxdı. O axırıncı vertolyot oldu...

Xocalıda 5 mərtəbəli binalar tikilmişdi. Gecə Şuşadan baxanda elə bilirdin ki, böyük bir şəhərə baxırsan. İnsanlar Ağcəbədidən, Ağdamdan, Şuşadan, Laçından Xocalıya məskunlaşmağa gəlirdilər.

- Xocalıya qədər Cəmilli, Meşəli qətliamları olmuşdu. Onların şahidi oldunuz?

- Meşəli qətliamında 32 ailə tamamilə ermənilər tərəfindən yandırılmışdı. Heç bir xəbər, reaksiya verilmədi ki, bu qədər insan niyə məhv oldu. Sonra Cəmilli qətliamı oldu. Cəmillinin bir tərəfi dağdır, bəlkə də qaçmağa şərait ola bilərdi. Amma camaat çıxmaq istəmirdi ki, bu qədər insanı öldürə bilməzlər, hökümət gəlib kömək edəcək. Onlardan da xeyli insan öldürüldü.

Şəhərin başında Kərkicahan adlı böyük kənd var idi. Xankəndinə bitişik. Gecənin birində oraya da hücum çəkib, azərbaycanlıları qırdılar. Qaça bilən Şuşaya qaçdı, qaça bilməyəni qəddarlıqla öldürdülər.

Gecə saat 23 radələrində Xocalını mühasirəyə alan ağır texnika atəş açmağa başladı. Mən həmin vaxt Mehdikəndlə sərhəddə postaydım. Qəflətən aeroport tərəfdə partlayışın şahidi olduq. Postda 7-8 nəfər idik. Kəndə qayıtdanda məlum oldu ki, kənddə heç kim qalmayıb. Qeyd etdiyim kimi kəndimiz erməni kəndləri ilə çox yaxınıydı. Kəndin aşağı hissəsinə gəldik. Xocalının indiki deputat Elman Məmmədov da ordaydı. Güllə yağış kimi yağırdı.Ətrafda xeyli sayda evlər alovlanırdı. Kətik dağına doğru istiqamət aldıq. Dağa çıxmaq üçün çay keçməliydik. Adam çox idi. Bir çoxu çaya girirdi. Dizə qədər qar yağmışdı. Mən uşaqlara dedim ki, ayağınızı soyunub çayı keçin ki, sonra donmayasınız. Çayı keçdikdən sonra ayağımızı qurudub ayaqqabımızı geyindik.

Meşə ilə dağın zirvəsinə doğru irəlilədik. Qar elə yağırdı ki, göz-gözü görmürdü. Təklif etdim ki, iki yerə bölünək. Həm səs-küy az olsun, həm də birimizi öldürsələr digərimiz sağ qalsın. Biz 300 nəfərlə dağa qalxmağa başladıq. Dağa qalxıb gecəni orda qaldıq. Fikirləşdik ki, səhər açılar Ağdama doğru istiqaməti müəyyən edib, yola çıxarıq. Çox acınacaqlı vəziyyət yaranmışdı. İnsanlar yorulub taqətdən düşmüşdülər. Oğul donmuş anasının üstünü paltosu ilə örtüb yoluna davam edirdi. Qoşumuz yaşlı qadın taqətdən düşüb qarın üstündə oturmuşdu, ondan necə kömək edəcəyimi soruşdum. Bildirdi ki, artıq yeriyə bilmir, başqa bir yaşlı insan da onun kimi, tərpənməyə halları yoxuydu... Təəəssüf ki, heç kimə kömək edə bilmirdik. Çünki hamı yorulmuşdu və taqətdən düşmüşdü... Onlar özləri də bizə deyirdilər ki, “bala siz gedin, bizimki bura qədəriymiş”..

3 aylıq körpə anasının qucağında ağlayırdı. İnsanlar narahatıydı ki, yaxın erməni kəndlərində səsi eşidib yerimizi öyrəcəcəklər. Anaya deyirdilər ki, uşağı öldür, ana yazıq baxa-baxa qalmışdı. Həyat yoldaşı da israr edirdi ki, "öldür deyirlər, öldür də". Mən dedim ki, ay camaat, bəlkə bu uşağın Allahı bizi bu bəladan qurtarar. Belə etmək olmaz. Şərait yaratıq anası uşağı yedirdi və uşaq sakitləşdi..

Gecə meşədə 7 ocaq qaladım. İnsanlar ayaq geyimlərini qurudub geyindilər. Hava artıq işıqlanırdı. Əsas istəyimiz Abdalgülab kəndinin istiqamətini müəyyən edib o istiqamətə hərəkət etməyiydi

Birdən hay düşdü ki, işıq var, ermənilər gəlir. Baxdım ki, bura nə erməninin, nə də tankın girəcəyi yer deyil. O gedən maşınlar kənddən kəndə gedir, onun işığıdır. Ocağı söndürmək istəsələr də, mən qoymadım. Dedim ki, onsuz da bizi tutacaqlar, heç olmasa tutulana qədər isinək.

Sonra səslər gəlməyə başladı, erməniləriydi. Deyirdilər ki: “Gəlin keçin, sizinlə işimiz yoxdur. Bizə kənd adamı yox, hərbiçi lazımdır".

Camaat o səsə tərəf getməyə başladı. Mən də onlarla birlikdə ermənilərə yaxınlaşdıq. Artıq xeyli sayda adam donub ölmüşdü. Ən çox adam əkin sahəsində Şəhid edilmişdi. Adamlar meşədən boş sahəyə çıxan kimi ermənilər onları güllə-boran etmişdilər. Güllə yağış kimi yağırdı ki, ərazi qana boyanmışdı.

Ermənilər bizi mühasirəyə alıb əsir götürdülər, Zəhra arvad əlinə ağ dəsmal götürdü ki, atmayın. Güllə ağzından dəydi... Neçə adam qaçmaq istədi. Qoca, cavan, qadın hamısını öldürdülər. Aparıb bizi bir mal tövləsinə yığdılar.

- Ailənizdən sizinlə olan var idi?

- Xeyr. Övladlarımdan biri Bakıda tələbə idi. Digər ailə üzvlərini də vertolyotla yola salmışdım. Qadınlardan hamısını çıxarmışdıq. Qardaşım oğlanları, bacım oğlanları var idi. Öz gücümlə qonşularımı da xilas etmişdim, vertolyota mindirmişdim. O qədər adam varıydı ki, minmək mümkün deyildi...

Ailəmdən bircə qızım yanımda idi, məndən əl çəkmirdi. Gecə istədim ki, qızımı güllələyib öldürəm, təki əsir düşməsin. Amma düşündüm ki, ölməyib, yaralı qalsa, nə edərəm? "Ata, məni niyə vurdun?" desə nə cavab verərəm? Vəziyyəti bilirdim. Sonuncu vertolyotla 450 nəfər yola salanda, qızımı da göndərdim. Onu yola salandan sonra rahatladım. Bu gün o qızımın 60 yaşı var, hələ də məndən əl çəkmir.

Artıq tab gətirə bilmirdim. 16 yaşlı oğlanı gözümün qarşısında öldürdülər, qadınların, qızların başına nə oyunlar açdılar...

- Nə qədər müddət əsirlikdə qaldınız?

- 47 gün... Bizi Xankəndidə köhnə binanın zirzəmisində saxlayırdılar. Səhər sübhdən saat 4-5 arasında gəldilər, 10-15 nəfər seçdilər. Bir ananın gözü qarşısında 3 oğlunu seçdilər... Aramızda bir həkim var idi. Mamedin həkim olduğunu müharibə başlayandan hamı bilirdi. Yaralılara kömək edirdi, öz paltarını cırıb, yaraları sarıyırdı. Onu da aparmaq istəyirdilər. Bu an 3 oğlun anası dizin-dizin sürünərək dedi ki, "mən eşitmişəm heç vaxt müharibədə həkimlərə toxunmurlar. Heç olmasa onu aparmayın. 3 oğlumu apardınız, onu mənə bağışlayın". Həkimi saxladılar. Digərlərini götürdülər. Çöldə havaya güllə açdılar, guya onları öldürdülər...

Fikirləşdim ki, mən nə edim? Güllə səsindən qulaq tutulurdu. Qapıda duran ermənilərə dedim ki, olarmı mən bayıra çıxam? Biri məni kötüklə vurdu ki, olmaz. Dedim, yaxşı, içəridə bu qədər qadın, cavan qızlar var, qoyun çıxım... Xeyli aralaşdım, gördüm "Villis" izləri var. Bildim ki, hamısını "Villis"ə yığıb aparıblar. O gedən getdi, izləri, tozları olmadı...

- Ermənilərlə hansı dildə danışırdınız?

- Rusca... Bizim dilimizi də bilirdilər. Onlar müharibədə camaatı qırırdılar. Meyiti yerə düzüb, onun üzəri ilə gəzirdilər.

- Özünüz erməni dilində bilirdiniz?

- Yox. Pis tərəfim də elə bu idi ki, erməni dilini heç vaxt sevmədim. Bizim atalarımız Andronikin qoşununu məhv edib. Özüm bəy oğluyam. O vaxtı Andronikin qoşununu Laçında məhv ediblər. O vaxtı ermənilər deyirdilər ki, bizim milləti sevmirsən, erməni dilini niyə öyrənmirsən?

- 47 gün əsirlikdə qaldınız, sizdən nə tələb edirdilər?

- Gecələr gəlirdilər. O qədər döyürdülər ki... 3-4 nəfər bir nəfərə hücum edirdi. Kiminin orqanları dağılırdı, ölürdü. Dözümlü olan sağ qalırdı. Bu gün Xankəndiyə getsəm, hamısını tanıyaram. Bir erməni əsgəri məni tanıyırdı, anası erməni idi, atası rus. Bizim dildə elə danışırdı ki, 16-17 yaşı olardı. Gecələr bizə zülm verirdilər. Hər gecə saat 12-də qapını açır, xuliqanlar içəri dolurdu...

- Əsirlikdə sizinlə nə qədər adam var idi?

- İyirmidən çox adamı apardılar ki, Ağdamda olan erməni əsrilərlə dəyişdirəcəklər. Amma buna inanan kim idi? Oraya gedəni ya Əsgəranda öldürürdülər, ya da İrəvana aparırdılar.

Çox işgəncələr verdilər, suyu da əsigəyirdilər. Məni yerin altında saxlayırdılar. Əllərində işıq kimi bir şey var idi. 5-6 saqqallı gecə saat 2-də içəri daxil oldular, adam seçirdilər ki, bunu kəsək... Yanımda Mübariz adlı oğlan var idi, düşündüm ki, ay Allah, məni öldürsünlər, ona nəsə etməsinlər. Qolunu kəsirdilər, qan fışqırıb, göyə qalxdı. Gülüşməyə başladılar. Qaranlıqda onu doğradılar, birdən qapı açıldı. Demə bunlar nəsə yeyirlərmiş, nə etdiklərini belə dərk etmirdilər...

Həmin gecə qaldım, səhəri qapı açıldı. Bir balaca işıq yeri var idi, nəfəslik kimi. Gecə gələn adam təkrar gəldi. Qapı ağzında gözlərimi bağlayıb, çölə çıxardılar. "Villis"ə mindirdilər, düşündüm ki, məni də İrəvana aparacaqlar. Bir az sonra gördüm ki, maşın geri qayıdır. Başa düşdüm ki, şəhərə dönürük. Dedim ki, bəlkə ya məni tanıyan biridir, ya da insaflı adamdır. Deyirdilər ki, İrəvan erməniləri çox əziyyət verirlər. Apardılar məni yenə 3 gün bir yerdə saxladılar. Şəhərdə yola bələd idim. Gözümün qarşısında başlar kəsirdilər... Bir gün də apardıqları yerdə qonşularımı gördüm... Bir xeyli onlarla qaldım.

- Bu müddətdə ailəniz əsir düşdüyünüzü bilirdi?

- 17 gün əsirlikdə qalandan sonra xəbər tutmuşdular. Qızıl Aypara Cəmiyyəti ailəmə məktubumu çatdırdı. O günə qədər heç kim əsir düşdüyümü bilmirdi. Jurnalistlər məni tapdılar. İşgəncə vermişdilər, mismar əlimə girmişdi. Deyirdilər, məktub yaz, ailənə çatdıraq, yaza bilmirdim.

Birtəhər məktuba yazdım ki, bəs mən sağam, amma pis vəziyyətdəyəm. Kömək lazımdır. Qardaşlarımdan birini tapıb, məktubu çatdırdılar. Cavab gəldi, jurnalistlər gətirdilər məktubu. Məktubda yazılmışdı ki, "Bilirik və çalışırıq". Bu minvalla 47 gün olmazın işgənclərə məruz qaldıq. Çığırtıdan bina guruldayırdı.

- Yeməyə nə verirdilər?

- Qızıl Aypara gələnə qədər heç nə. 17 gün ac-susuz qaldıq. Sonradan çörək gətirdilər, 3 dəfə dişləyə bilirdin. Deyirdilər ki, işıq yoxdu, su yoxdur. Təndir çörəyi idi, daş kimi quru.

- 17 günə qədər necə qaldınız bəs?

- 17 gün ərzində 121 kilodan 56 kiloya düşdüm. O dəhşətdən insan acmırdı. 13 yaşlı qızı gözümün qarşısında aparıb təcavüz etdilər. Neçə gəncin taleyi yandı, analar gözü yaşlı qaldı. Həmin qız indi sağdır. 3-4 il sonra bir qohumları ona sahib çıxdı. O hadisələrdən sonra 7-8 ay müalicədə oldum. 50 yaşdan bu günə qədər işləyə bilmədim...

- O hadisələrdən sonra harada məskunaşdınız?

- Ev yox, eşik yox... Bizi Naftalana apardılar. Zülmlərlə, çətinliklərlə yaşadıq. Uşaqlarım təhsil alırdı.

Ailəm yataqxanalarda məskunlaşmışdı, mən Naftalanda idim. 1998-ə qədər ailəvi Naftalanda qaldıq. Sonra Bakıya gəldik. 2014-cü ildə Goranboyun Ağcakənd qəsəbəsində Xocalı sakinləri üçün kənd salındı. Camaat getmək istəmirdi, erməniyə yaxındır deyə qorxurdular. Mən də ehtiyat edirdim. Amma mən köçdükdən sonra insanlar da gəldi, məskunlaşdılar. Onların ağsaqqalı oldum.

Bilirdik ki, haçansa Qarabağ qayıdacaq, amma bunu görəcəyimizə inanmırdıq. Çox şükür ki, bu günü gördük.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər