1 Mart 2022 11:32
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şuşa ili" ilə bağlı tədbirlər planının detalları açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə məlumat verib.

O bildirib ki, il ərzində 35 bənd üzrə tədbirlərin keçirilməsi nəzərdə tutulur: "Ümumilikdə il ərzində 35 bənd üzrə tədbirlərin keçirilməsi planlaşdırılır. Tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət, Təhsil, Xarici İşlər, Gənclər və İdman, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi və digər dövlət orqanları, Heydər Əliyev Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” ASC və başqa qurumların təşkilatçılığı və iştirakı ilə həyata keçiriləcək".

Məryəm Qafarzadə vurğulayıb ki, bu ilin əvvəlindən Mədəniyyət Nazirliyi tərəfindən 270 yaşlı şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihə həyata keçirilir: "Əsas məqsəd Şuşa şəhərinin zəngin mədəni mirasının daha geniş təbliğatına töhfə verməkdir. Layihə “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu” olmaqla yeddi istiqaməti əhatə edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər