Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Azərbaycanın iki dövlət arasında münasibətlərin normallaşmasına dair təklifləri ilə bağlı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın söylədiklərini şərh edib.
XİN-dən Teleqraf.com-a verilən məlumatda bildirilib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı rəsmi Bakının mövqeyi aydın və ardıcıldır.
"Biz dəfələrlə bildirdiyimiz mövqeyi yenidən təkrar etməyə lüzum görmürük. Azərbaycan münaqişə sonrası iki ölkə arasında münasibətlərin normallaşması və bölgədə sülh quruculuğu məsələlərinin vacibliyini nəzərə alaraq, bu xüsusda təkliflərini irəli sürüb və bu istiqamətdə irəliləməyə hazırdır. Əgər Ermənistan da məsələyə ciddi şəkildə yanaşırsa, o zaman konkret təkliflərini təqdim etməli və beləliklə də substantiv və nəticəyə yönəlik danışıqlara başlamağa hazır olduğunu nümayiş etdirməlidir", - o bildirib.